21 Sentyabr 2020, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında qarşıya qoyulmuş vəzifələrə və yarımilin yekunlarına həsr olunmuş kollegiya iclasını maliyyə nazirinin müavini Həsən İsmayılov açıb. Bildirilib ki, ötən 6 ayda muxtar respublikanın dövlət büdcəsinin gəlirləri 55 milyon 468 min manat təyinata qarşı 103,1 faiz icra olunub, büdcəyə nəzərdə tutulandan 1 milyon 699 min 87 manat çox vəsait mədaxil edilib. 2020-ci ilin yanvar-iyun aylarında büdcə gəlirlərinin 77,1 faizi və ya 44 milyon 97 min 206 manatı Vergilər Nazirliyi tərəfindən təmin edilmiş vergi və rüsumlardan, 19 faizi və ya 10 milyon 843 min 852 manatı Dövlət Gömrük Komitəsi tərəfindən toplanılmış daxilolmalardan, 2,1 faizi və ya 1 milyon 186 min 941 manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən, 1,8 faizi və ya 1 milyon 39 min 88 manatı isə digər mənbələr hesabına daxil olub.

Qeyd edilib ki, 2020-ci ilin birinci yarımilində Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 234 milyon 923 min 413 manat təyinata qarşı 219 milyon 603 min 226 manat və ya 93,5 faiz icra olunub. Büdcə xərcləri mərkəzləşdirilmiş büdcə üzrə 91,4, Naxçıvan şəhəri üzrə 92,4, Şərur rayonu üzrə 98 faiz, Babək rayonu üzrə 98,6 faiz, Ordubad rayonu üzrə 97,1 faiz, Culfa rayonu üzrə 98,1, Şahbuz rayonu üzrə 96,6, Kəngərli rayonu üzrə 97,5, Sədərək rayonu üzrə isə 98,1 faiz icra olunub. Yarımildə muxtar respublikanın dövlət büdcəsinin icrasında sosialyönümlü xərclərdən əməyin ödənilməsi, dərman və ərzaq xərcləri, təqaüd və sosial müavinətlərə 137 milyon 159 min 26 manat sərf olunub ki, bu da büdcə xərclərinin 62,5 faizini təşkil edib.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin Fərmanı ilə yaradılmış Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondunun sərəncamçısı kimi Maliyyə Nazirliyi tərəfindən fonda toplanılmış vəsaitlərin ictimaiyyətə açıq olmaqla, dəqiq və şəffaf uçotu aparılıb, vəsaitlərdən qaydalara uyğun və səmərəli istifadə nəzarətdə saxlanılıb. Bundan əlavə, bəhs edilən dövrdə büdcədən maliyyələşən və ya dotasiya alan təşkilatlarda maliyyə və mühasibatlıq sahəsində işləyən əməkdaşların peşə biliklərinin artırılması, onlar tərəfindən qanunvericiliyə əməl edilməsi və vəzifə öhdəliklərinə məsuliyyətlə yanaşılmasını təmin etmək məqsədilə maarifləndirmə işiləri davam etdirilib, Maliyyə Tədris Mərkəzi tərəfindən müxtəlif mövzuları əhatə edən 20 təlim keçirilib.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

* * *

Naxçıvan Muxtar Respublikasınm Dövlət Vergi Xidmətində keçirilən kollegiya iclasında xidmətin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Azər Nağıyev məruzə ilə çıxış edərək bildirib ki, 2020-ci ilin birinci yarısında muxtar respublikada özəl sektorun inkişafına dövlət dəstəyi nəticəsində makroiqtisadi göstəricilər üzrə artım dinamikası davam edib, nəticədə, dövlət büdcəsi üzrə proqnozlar artıqlaması ilə icra olunub. Belə ki, hesabat dövründə muxtar respublikanın vergi orqanları üzrə müəyyən edilmiş proqnoz 102 faiz icra olunub. Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsi üzrə proqnoz 116,9, İşsizlikdən Sığorta Fondunun büdcəsi üzrə proqnoz isə 110,9 faiz icra edilib.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq 25 vergiödəyicisində aparılan monitorinq zamanı 33 yeni əmək müqaviləsinin bağlanılmasına nail olunub.
Hesabat dövründə “Bir pəncərə” qeydiyyat sistemi vasitəsilə 15 kommersiya hüquqi şəxs və 7 publik hüquqi şəxs dövlət qeydiyyatına, habelə 6 qeyri-kommersiya hüquqi şəxs vergi uçotuna götürülüb. Həmçinin bu dövrdə yerli vergi orqanları tərəfindən 1223 fiziki şəxs sahibkarlıq uçotuna alınıb ki, qeydiyyata alınan sahibkarlıq subyektlərinin 75,7 faizi muxtar respublikanın rayonlarının payına düşüb.
İclasda çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti rəisinin müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov nəzərə çatdırıb ki, hesabat dövründə vergi ödəyicilərinə xidmət strukturları tərəfindən fiziki və hüquqi şəxslər daxil olmuş 2163 yazılı müraciət cavablandırılıb, maarifləndirmə istiqamətində vergiödəyiciləri ilə 11 görüş keçirilib. Bu məqsədilə onların elektron ünvanına, ümumilikdə, 84 min 940 bildiriş və müraciət göndərilib.
Hesabat dövrünə uyğun olaraq nağdsız ödənişlərin həcminin artırılması məqsədilə “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbir keçirilib, nağdsız hesablaşmalardan istifadə edərək 400 manatdan yuxarı məbləğdə nağdsız ödəniş aparan vətəndaşların ödədikləri məbləğə müvafiq olaraq 426 vətəndaşa 25 min manatlıq müxtəlif hədiyyələr təqdim edilib.
İclasda məruzə ətrafında digər çıxışlar dinlənilib.

* * *

2020-ci ilin 6 ayının yekunları və qarşıda duran vəzifələr mövzusunda keçirilən iclasda Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti publik hüquqi şəxsin direktoru Bəxtiyar Məmmədov bildirib ki, cari ilin 6 ayı ərzində muxtar respublikada sığortanın daha da inkişafı məqsədilə maarifləndirici işlər aparılıb, təşkil olunan tədbirlərdə icbari və könüllü sığortaların mahiyyəti, vaxtında sığorta müqaviləsi bağlanılmasının faydaları, sığorta ödənişlərinin qaydaları haqqında geniş məlumat verilib. Bildirib ki, Dövlət Sığorta Xidməti tərəfindən 2020-ci ilin birinci yarısında həyat və qeyri-həyat sığorta sinifləri üzrə 9-u icbari, 13-ü könüllü olmaqla, 22 sinif üzrə aktiv sığorta yığımı həyata keçirilib, 2019-cu ilin 6 ayı ilə müqayisədə sığorta haqlarının toplanması həcmi 4 faiz artıb.
Vurğulanıb ki, hesabat dövründə muxtar respublikada sığorta fəaliyyəti üçün ən əhəmiyyətli addım sığorta qurumunun hüquqi-təşkilati formasının dəyişdirilməsi olub. Belə ki, sığorta işi sahəsində şəffaflığın artırılması və sığorta fəaliyyətinin təkmilləşdirilməsi, eyni zamanda iqtisadiyyatın tərkib hissəsi olan sığorta sisteminin imkanlarının geniş və səmərəli istifadə edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 22 aprel tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ləğv edilərək onun əsasında Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti publik hüquqi şəxsi yaradılıb.
Ötən dövrdə görülmüş işləri təhlil edən direktor bildirib ki, xidmət tərəfindən aparılan sığorta fəaliyyəti üzrə sığorta haqlarının yığımında ötən ilin müvafiq dövrü ilə müqayisədə həyat sığortası sahəsində 1,4, qeyri-həyat sığortası sahəsində isə 3,7 faiz artım olub. Növlər üzrə baxdıqda artım icbari sığortalarda 1,3, könüllü sığortalar üzrə isə 22,7 faiz təşkil edir.
Cari ilin 6 ayı ərzində kənd təsərrüfatı bitkilərinin məhsulunun sığortası üzrə 752 müqavilə bağlanılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 127 ədəd çoxdur. Kənd təsərrüfatı heyvanlarının sığortalanmasında isə daha çox artım olub. Belə ki, 2020-ci ilin ilk yarısında 621 müqavilə bağlanılıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 487 ədəd müqavilə çoxdur. Ümumilikdə, kənd təsərrüfatı heyvanlarının sığortalanması üzrə sığorta haqlarının toplanmasında 7,8 dəfə artım olub. Kənd təsərrüfatı texnikasının sığortalanması üzrə də işlər hazırda davam etdirilir, bu növ üzrə 2,7 faiz artım olub.
Sonra çıxışlar olub.

Xəbərlər şöbəsi

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR