19 Sentyabr 2020, Şənbə

Ölkəmizin ən qədim meyvəçilik regionlarından olan Naxçıvan Мuxtar Respublikasında aqrar sektorun müxtəlif sahələrində qəbul edilən Dövlət proqramları inkişafa təkan verir, ayrı-ayrı istiqamətlər üzrə nailiyyətlərin qazanılmasına gətirib çıxarır. Muxtar respublikanın əlverişli iqlim şəraiti meyvəçiliyin və tərəvəzçiliyin inkişafına da şərait yaradır, əhalinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi ilə bağlı tədbirlər uğurla davam etdirilir. Əldə olunan nəticələrin əsasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası dayanır.

Aprelin 4-də keçirilən iməciliklərdə də yeni meyvə bağlarının və yaşıllıqların salınması diqqət mərkəzində olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov iməcilikdə iştirak etmiş, meyvə tingləri əkmişdir. Ali Məclisin Sədri yaz əkini mövsümündə meyvə bağlarının salınmasının davam etdirilməsi və yaşıllıqlara qulluq göstərilməsi barədə tapşırıqlar vermişdir. İkinci rübdə muxtar respublikada, ümumilikdə, 43,6 hektar sahədə yeni meyvə bağları salınmışdır. Naxçıvan-Sədərək və Naxçıvan-Ordubad avtomobil yolunun kənarlarında aparılan əkin-bərpa işlərində 1763, Naxçıvançay, Əlincəçay, Gilançay çayları boyunca aparılan əkin-bərpa işlərində 3 min 225 meyvə tingindən, 36 kiloqram meyvə və giləmeyvə toxumlarından istifadə edilmişdir. Əsasən, dağlıq-dağətəyi zonalarda, relyefi mürəkkəb olan ərazilərdə, kənd təsərrüfatı üçün yararsız olan torpaqlarda yabanı meyvə və giləmeyvə, həmçinin mədəni meyvə toxumlarından istifadə olunmaqla 87 hektar sahədə 522 kiloqram toxumla əkin aparılmışdır. Şoranlaşmış və ya eroziyaya uğramış sahələrin müəyyənləşdirilərək əkin dövriyyəsinə daxil edilməsi davam etdirilmiş, əkin-bərpa işlərində 3 min 450 meyvə tingindən istifadə olunmuşdur.

Tarixən Naxçıvanda meyvə və tərəvəzin zəngin genofondu formalaşmışdır. Bu genetik fondun qorunub saxlanılması məqsədilə yerli meyvə-tərəvəz sortlarının toxum materiallarının toplanılması və təcrübə sahəsinə əkilərək biologiyasının öyrənilməsi Dövlət proqramında müəyyən edilən mühüm tapşırıqlardandır. İkinci rübdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Nəbatat bağındakı üzüm genofondu sahəsində və “Araz” Elm-İstehsalat Birliyinin Babək rayonu ərazisində təcrübə pitomnikində əkilmiş yeni seleksiya üzüm sort və formaları üzərində fenoloji müşahidə işlərinə başlanılmış, tənəklərin çiçəkləmə fazasına qədər genetik xüsusiyyətləri öyrənilmişdir. Təcrübə sahəsinə 5 yeni üzüm sort və formaları əlavə edilmiş, onların ampelo-deskriptor xüsusiyyətlərinin tədqiqi və tənəklərin genetik xüsusiyyətləri araşdırılmışdır. Bu istiqamətdə fenoloji müşahidə işləri davam etdirilir. Aprel-iyun aylarında muxtar respublikada 1,4 hektardan çox ərazidə müxtəlif növ meyvə toxumlarından ibarət toxmacarlıq, yerli üzüm sortlarından ibarət qələmkökləndirmə sahələri yaradılmış, eyni zamanda 26 min 500 üzüm, 15 min iydə, 500 sarağan qələmi əkilmiş, dibçəkdə müxtəlif növ 1000 meyvə tingi yetişdirilmişdir. Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalının dəstəklənməsi, genetik modifikasiya olunmuş məhsulların muxtar respublikaya idxalının və dövriyyəsinin qarşısının alınması ilə bağlı tədbirlər də davam etdirilmişdir. Ailə təsərrüfatçıları üçün “Üzvi və qeyri-üzvi gübrələr”, “Genetik modifikasiya olunmuş məhsullar”, “Ekoloji təmiz kənd təsərrüfatı məhsulları” mövzularında maarifləndirici bukletlər hazırlanmışdır. Kənd təsərrüfatında ziyanvericilərin və xəstəliklərin qarşısının alınması istiqamətində 966 hektar taxıl və meyvə bağlarında gəmiricilərə, 66 hektar kartof sahəsində Kolorado kartof böcəyinə qarşı kimyəvi mübarizə tədbirləri aparılmışdır.
Əkin sahələrinin genişləndirilməsi, iхtisaslaşmış meyvə və tərəvəzçilik təsərrüfatlarının yaradılması, ixracyönümlü məhsul istehsal edən sahibkarlara maliyyə dəstəyinin göstərilməsi aqrar sektorda tərəqqini təmin edən başlıca amillərdir. Aprel-iyun aylarında Dövlət proqramında müəyyən edilmiş tapşırıqların icrası istiqamətində dövlət maliyyə dəstəyi hesabına Şərur rayonunda 2 hektar sahədə kartof əkini aparılmış, meyvə-tərəvəz məhsullarının qablaşdırılması sahəsinin, 1 bağçılıq təsərrüfatının, 1 istixana təsərrüfatının fəaliyyətinin bərpası, Sədərək rayonunda meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi sahəsinin yaradılması, Babək rayonunda 12 hektar torpaq sahəsində qarğıdalı və bostan bitkilərinin əkini, Culfa rayonunda 1 bağçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmışdır. Şərur rayonunun Danyeri kəndində 1 fiziki şəxsə 3 hektar ərazidə müxtəlif növ meyvə, 1 hektar ərazidə isə üzüm bağının salınması üçün 5 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir. Özəl investisiya qoyuluşu hesabına Şərur rayonunda 3, Babək rayonunda 2, Culfa rayonunda 1 istixana təsərrüfatının yaradılması başa çatdırılmışdır. Ümumilikdə, Sahibkarlığın İnkişafı Fondu tərəfindən ikinci rübdə kənd təsərrüfatı yönümlü 20 layihənin maliyyələşdirilməsinə 333 min 900 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir.
Torpaqların su təminatının yaxşılaşdırılması meyvəçilik və tərəvəzçilik sahəsində məhsuldarlığın artırılması istiqamətində xüsusi əhəmiyyətə malikdir. Həyata keçirilən meliorasiya və irriqasiya tədbirləri əkin dövriyyəsinə qatılan torpaq sahələrinin çoxalmasına və nəticədə, meyvəçiliyin və tərəvəzçiliyin sürətli inkişafına təkan verir. Dövlət pro­qramının icrası istiqamətində cari ilin ikinci rübündə Kəngərli rayonunun Böyükdüz kəndində 800, Şahbuz rayonunun Türkeş kəndində 270 hektar sahədə qapalı suvarma şəbəkəsinin, Külüs kəndində nasos stansiyası və təzyiqli boru xəttinin tikintisi davam etdirilmişdir. Sədərək rayonunun Heydərabad qəsəbəsində 1,6 kilometr suvarma boru xətti quraşdırılmışdır. Yaşıllıq ərazilərinin suvarılması üçün muxtar respublika üzrə 3 kilometr suvarma boru xətti çəkilmiş, 9 kilometr boru xəttində təmir-bərpa, həmçinin 52 kilometr kanallarda və 62 kilometr arxlarda lildən təmizlənmə işləri yerinə yetirilmişdir.

Muxtar respublikada kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən biri də soyuducu anbarların yaradılmasıdır. Bu anbarların yaradılması həm məhsulları qış dövründə istehlakçıya çatdırmağa, həm də ixracı daha da artırmağa imkan verir. Eyni zamanda soyuducu anbarların mövcudluğu alıcıya keyfiyyətli meyvə və tərəvəz məhsullarının hər mövsüm münasib qiymətlə təklif olunmasına da şərait yaradır. “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda meyvə və tərəvəz məhsullarının saxlanması üçün soyuducu anbarların yaradılmasının davam etdirilməsi ilə bağlı tapşırıq müəyyən edilmişdir. Aprel-iyun aylarında dövlət maliyyə dəstəyi hesabına Şərur rayonunda 1 soyuducu anbarın yaradılması, digərinin yenidən qurulması başa çatdırılmış, özəl investisiya qoyuluşu hesabına Culfa rayonunda 1 soyuducu anbarın yaradılması davam etdirilmişdir. Sahibkarlığın İnkişafı Fondu tərəfindən cari ilin ikinci rübündə Şərur rayonunun Yengicə kəndində 1 fiziki şəxsə soyuducu anbarda yenidənqurma işlərinin aparılması üçün 26 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir. Hazırda muxtar respublikada tutumu 18 min 940 ton olan 40 soyuducu anbar fəaliyyət göstərir.
Məhsulun bolluğuna və münasib qiymətli olmasına təsir edən amillər arasında soyuducu anbarların yaradılması qədər istixana təsərrüfatlarının çoxaldılması da mühüm yer tutur. Əhalinin qış aylarında faraş tərəvəz məhsullarına olan tələbatının ödənilməsi üçün müasir istixana komplekslərinin qurulması və mövcud sahələrin genişləndirilməsi istiqamətində cari ilin ikinci rübündə dövlət maliyyə dəstəyi hesabına Şərur rayonunda 1 istixana təsərrüfatının fəaliyyətinin bərpası, həmçinin özəl investisiya qoyuluşu hesabına 3, Babək rayonunda 2, Culfa rayonunda 1 istixana təsərrüfatının yaradılması başa çatdırılmışdır. Payız-qış mövsümündə muxtar respublika əhalisinin keyfiyyətli tərəvəz məhsullarına olan tələbatının ödənilməsi məqsədilə hazırda muxtar respublikada 138 min 139 kvadratmetr sahədə 30 müasir istixana kompleksi fəaliyyət göstərir.
Məhsulun keyfiyyətli olması istehsalçı üçün satış qabiliyyətinin yüksəkliyi, istehlakçı üçün sağlamlıq, bütövlükdə, dövlət üçün iqtisadiyyatın inkişafı deməkdir. Naxçıvan Muxtar Respublikasında bazara təqdim olunan bütün məhsulların keyfiyyəti nəzarətdə saxlanılır ki, bu istiqamətdə meyvə-tərəvəz və onlardan hazırlanmış məhsullar xüsusi yer tutur. Aprel-iyun aylarında “İstehlak Mallarının Ekspertizası” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyasında meyvə-tərəvəz məhsullarından götürülən 27 nümunə laboratoriya analizlərinə cəlb edilmişdir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər üzrə məhsulların 79 halda keyfiyyət və ya təhlükəsizlik göstəriciləri yoxlanılmışdır. Toxumların müəyyən olunmuş tələblərə cavab verməsinə nəzarət davam etdirilmiş, pomidor, xiyar, balqabaq və yonca toxumlarından nümunələr seçilərək analizləri aparılmış, keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğunluğu müəyyən edilmişdir.
Aqrar sektorun iqtisadiyyatın inkişafına təkan verən faktora çevrilməsi üçün kənd təsərrüfatı məhsullarının kütləvi istehsalı dövründə sağlam rəqabət mühitinin yaradılması və daxili bazarın qorunması xüsusi önəm kəsb edir. Dövlət pro­qramında da bu məqsədlə müvafiq tədbirlərin görülməsi, o cümlədən yarmarkaların təşkilinin davam etdirilməsi nəzərdə tutulmuşdur. İkinci rübdə bu istiqamətdə meyvə və tərəvəz məhsullarının qonşu ölkələrdən idxalının qarşısının alınması davam etdirilmiş, eyni zamanda əhаlinin ucuz və kеyfiyyətli məhsullаrа olan tələbаtının ödənilməsi üçün Nаxçıvаn şəhərində hər həftənin şənbə və bazar günlərində yarmarkalar təşkil оlunmuşdur. Yarmarkalarda ailə təsərrüfatları ilə yanaşı, 25 yerli istehsal müəssisəsinin iştirakı təmin edilmişdir.
Tingçilik təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsi intensiv bağçılığın inkişaf etdirilməsinə, yaşıllaşdırma işlərinin əhatə etdiyi sahələrin çoxalmasına və muxtar respublikaya xaricdən ting idxalının azaldılmasına səbəb olur. Aprel-iyun aylarında Şərur və Babək rayonlarında 4,5 hektar tingçilik təsərrüfatında müxtəlif meyvə növlərinin məhsuldar sortlarından ting yetişdirilmiş və satışı həyata keçirilmişdir. Ümumilikdə, bu dövrdə 127 min 500-ə yaxın ting satılmış, 70 minə yaxın meyvə tingi payız mövsümündə əkin üçün hazır vəziyyətə gətirilmişdir.

“Şərq qapısı”

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR