19 Sentyabr 2020, Şənbə

Naxçıvan Beynəlxalq Hava Limanında bu ilin altı ayı ərzində yerli hava xətləri ilə 58 min 249 sərnişin, 833 min kiloqram baqaj, 290 min 700 kiloqram yük, 16 min 300 kiloqram poçt, beynəlxalq hava xətti ilə Naxçıvan-İstanbul istiqamətində 512 sərnişin, 6 min 850 kiloqram baqaj, Naxçıvan-Moskva istiqamətində 590 nəfər sərnişin, 17 min kiloqram baqaj daşınıb.

Naxçıvan Beynəlxalq Hava Limanından bildirilib ki, cari ilin ilk 6 ayı ərzində kadr islahatı, uçuşların təhlükəsizliyinin təmin olunması, müasir texniki avadanlıqların istismarı, aviadaşımalarda yüksək mədəni xidmət təmin edilib. Hava limanı üçün ən vacib və səmərəli layihələrdən biri 2018-ci ildə tikintisinə başlanılan, 2019-cu ildə yekunlaşan və 2020-ci ilin ilk aylarında istismara verilən köhnə asfalt örtüklü uçuş-enmə zolağının yenidən qurulması və tikintisi olub. Təhlükəsizliyin təmin olunması üçün zolaqda perimetrboyu termal videomüşahidə və quşlardan mühafizə sistemi quraşdırılıb, mühafizə postu inşa edilib. Hava limanı ərazisində yerləşən iki mərtəbədən ibarət inzibati polis binası əsaslı təmir olunub.

Aviasiya və uçuşların təhlükəsizliyinin təmin olunması istiqamətində ayrı-ayrı xidmət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi diqqət mərkəzində saxlanılıb. Hava Gəmilərinin Texniki Xidməti sahəsi, Yanğın Təhlükəsizliyi və Qəza Xilasetmə komandası, Xüsusi Avtonəqliyyat xidmətlərinin maddi-texniki bazası gücləndirilib, həmin xidmətlərə müasirtipli texnikalar alınıb. Xüsusi avtonəqliyyat xidmətinə 1 “Man” markalı təyyarəyə yanacaqvuran maşın və şassi üzərində “Paksan” markalı teleskopik platforma verilib. Sərnişinlərə göstərilən xidmətin keyfiyyətini yüksəltmək məqsədilə qeydiyyat sisteminin avtomatlaşdırılması üçün “Gabriel” bilet satışı sistemi və “Amedeus” qeydiyyat sistemi daha müasir “Videcom” sistemi ilə əvəz olunub.

Pandemiya ilə mübarizə dövründə sərnişinlərin və işçi personalın təhlükəsizliyini təmin etmək məqsədilə hava limanında mütəmadi olaraq dezinfeksiya işləri aparılıb, aerovağzal kompleksinin girişinə sərnişinlərin hərarətini ölçən termal kamera quraşdırılıb, onların sağlamlığını və təhlükəsizliyini təmin etmək üçün bütün tədbirlər görülüb.

 

 

 

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR