19 Sentyabr 2020, Şənbə

Şərur rayonunda cari ilin ilk yarımilinin yekunları və altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasından irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov məruzə edərək bildirib ki, 6 ay ərzində Şərur şəhərində 35/10 kilovoltluq transformator yarımstansiyasının tikintisi, 3 ictimai yaşayış binasının əsaslı təmiri, Mərasim evinin yenidən qurulması başa çatdırılıb, Məmmədsabir və Muğancıq-Mehrab kəndlərində kompleks quruculuq tədbirləri həyata keçirilib.

“Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksi və Cəlilkənddə içməli su xətti istifadəyə verilib.
Vurğulanıb ki, bu ilin məhsulu üçün 17 min 115 hektar torpaq sahəsində əkin aparılıb. Taxıl tədarükü başa çatıb, 19 min 185 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 39,4 sentner olub.
Bildirilib ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində rayonda işlər davam etdirilib, 8,5 hektar sahədə yeni meyvə bağları salınıb, 1 hektar meyvə bağında isə bərpa işləri görülüb. Sahibkarlar tərəfindən isə xüsusi mülkiyyətdə olan və həyətyanı torpaq sahələrində 34,2 hektar yeni meyvə bağları salınıb.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası üçün rayonda əlverişli şərait mövcuddur. Buranın təbii iqlim şəraiti və zəngin bitki örtüyü imkan verir ki, kənd təsərrüfatının gəlirli sahəsi kimi arıçılıq davamlı inkişaf etdirilsin. Hazırda rayondakı 586 arı təsərrüfatında 12 min 935 arı ailəsi vardır.
Rayon İcra Hakimiyyətinin başçısı digər sahələrdə görülən işlərdən bəhs edərək bildirib ki, bundan sonra da Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi, sessiyada qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi diqqətdə saxlanılmalı, bütün idarə və təşkilatlar səylərini daha da artırmalı, rayonumuzun hərtərəfli inkişafına öz töhfələrini verməlidirlər.
Məruzə ətrafında çıxışlar dinlənilib.

*   *   *

Babək Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 12 iyun tarixdə təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən rayonun Babək qəsəbəsinə şəhər, Nehrəm və Cəhri kənd­lərinə isə qəsəbə statusları verilib, Ali Məclis Sədrinin iştirakı ilə təqdimat mərasimi keçirilib.
Rasim Hüseynov deyib ki, hesabat dövrü ərzində “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” çərçivəsində Babək şəhəri, Nehrəm qəsəbəsi və Araz kəndlərində içməli su və kanalizasiya xətlərinin tikintisi davam etdirilib.
Vurğulanıb ki, rayonda 2020-ci ilin məhsulu üçün 16 min 172 hektar sahədə əkin aparılıb, ekoloji tarazlığın qorunması məqsədilə beş hektar sahədə yeni yaşıllıq zolağı salınıb, 1,5 hektar sahədə bərpa işləri aparılmaqla, ümumilikdə, 6,5 hektar sahədə yaşıllaşdırma tədbirləri görülüb.
Rayonda rabitə xidmətinin səviyyəsinin yüksəldilməsi məqsədilə 2020-ci ilin birinci yarısında şəhər, qəsəbə və kəndlərdə rabitə xətlərində cari təmir işləri aparılıb, 170 abunəçiyə telefon, 906 internet istifadəçisi üçün genişzolaqlı internet xətti çəkilib.
İcra başçısı qarşıda duran vəzifələrdən də danışıb.
Sonra məruzə ətrafında çıxışlar olub.

*   *   *

2020-ci ilin birinci yarımilinin yekunları ilə əlaqədar keçirilən müşavirədə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov məruzə edərək vurğulayıb ki, 2020-ci ilin yanvar-iyun aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 30632 min manat və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çox vəsait yönəldilib. Tikinti-quraşdırma işlərinə qoyulan vəsaitin dəyəri 29775,8 min manat təşkil edib.
Hesabat dövründə Vənənd kəndində kompleks quruculuq tədbirləri həyata keçirilib, Dəstə Radio-Televiziya Verici Stansiyasının, Darkənd su dəyirmanının tikintisi başa çatdırılaraq istifadəyə verilib. Hazırda Ordubad şəhərində içməli su və kanalizasiya sistemlərinin, suvarma suyu xəttinin çəkilişində son tamamlama işləri görülür. Ordubad və Tivi Su Elektrik stansiyalarının tikintisi davam etdirilir. Ordubad-Culfa magistral yolunda son tamamlama işləri görülür, Kotam kənd yolu əsaslı şəkildə yenidən qurulur. Ordubad şəhərində, Nüsnüs və Yuxarı Əndəmic kəndlərində yeni obyektlər inşa edilir. Belə ki, Ordubad şəhərində 28 mənzilli yeni yaşayış binasının, Bayraq Meydanının, stadionun tikintisi, “Cümə” məscidinin təmiri davam etdirilir. Rayon mərkəzində Uşaq Xəstəxanası üçün binada yenidənqurma işləri tamamlanmaq üzrədir. “Kapital Bank” ASC-nin rayon filialı üçün tikilən binanın daxilində işlər davam etdirilir.
Diqqətə çatdırılıb ki, 2020-ci ilin müvafiq dövründə kənd təsərrüfatında məhsuldarlığın artırılmasına son illərdə qəbul olunmuş Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası müsbət təsir göstərib və aqrar sahənin davamlı inkişafı təmin olunub.
Müşavirədə məruzə ətrafında müzakirələr olub.

*   *   *

Culfa Rayon İcra Hakimiyyətində keçirilən müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev açaraq məruzə edib.
Qeyd olunub ki, cari ilin yanvar-iyun aylarında rayonda 3 milyon 536 min 600 manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çox sənaye məhsulu istehsal edilib. Bu dövrdə sənaye sahəsi üzrə 866 nəfər və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz çox işçi çalışıb. Bir işçiyə hesablanmış orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 20,8 faiz artaraq 353,3 manata çatıb.
Diqqətə çatdırılıb ki, ekoloji tarazlığın qorunması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilərək 8 hektar sahədə yeni yaşıllıqlar salınıb, 3,5 hektar mövcud yaşıllıq sahəsində meşəbərpa işləri aparılıb. Rayonda meyvə ağaclarının əkilməsinə diqqət artırılıb, təsərrüfatçılar tərəfindən, ümumilikdə, 1630 meyvə ağacı və 700 üzüm kolu əkilib. 2020-ci ilin ilk altı ayında rayonda meyvəçilik sahəsi üzrə 42 min manat kredit verilib.
Qeyd olunub ki, cari ilin yanvar-iyun aylarında rayonda diri çəkidə 2045 ton ət, 5814 ton süd, 4 milyon 126 min ədəd yumurta istehsal edilib. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı və yun istehsalı hər iki halda 1,2 faiz, süd istehsalı 1,6 faiz, yumurta istehsalı isə 1,0 faiz artıb.
Məruzə ətrafında çıxışlar olub.

*   *   *

 

Kəngərli Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərovun məruzəsi dinlənilib.
Bildirilib ki, rayonda 2020-ci ilin ötən dövrü ərzində tikinti-quruculuq işlərinə diqqət artırılıb. Altı ay ərzində “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Kəngərli rayon filialı və Şahtaxtı kəndində tarixi hamam binası əsaslı təmir və bərpa işlərindən sonra istifadəyə verilib. Hazırda rayonda yeni Rabitə Evinin tikintisi, rayon mərkəzində və ətraf kəndlərdə yeni içməli su təchizatı və kanalizasiya sistemlərinin qurulması, Böyükdüz kəndi ərazisində 800 hektar əkin sahəsini əhatə edən qapalı suvarma şəbəkəsinin çəkilişi, Qabıllı kəndində süni örtüklü futbol meydançasının, Qıvraq qəsəbə, Çalxanqala, Şahtaxtı, Qarabağlar, Böyükdüz kəndlərində 1, Xok kəndində 2 Mərasim evinin tikintisi davam etdirilir. Eyni zamanda Qabıllı kəndində 3 meqavat gücündə yeni Günəş Elektrik Stansiyasının tikintisi başa çatdırılıb.
Qeyd olunub ki, rayonda yolların yenidən qurulması və təmiri istiqamətində də xeyli iş görülüb. Ötən dövr ərzində rayon mərkəzindəki və Qıvraq-Püsyan, Qıvraq-Şahtaxtı, Qıvraq-Qarabağlar avtomobil yollarında cari təmir işləri aparılıb. Bundan başqa, daxili imkanlar hesabına Böyükdüz, Xok, Şahtaxtı, Yurdçu, Qarabağlar və Xıncab kəndlərində, ümumilikdə, 9,6 kilometr məhəllə yollarına qum-çınqıl qatı verilərək hamarlanıb.
Diqqətə çatdırılıb ki, rayonun iqtisadiyyatında xüsusi rola malik kənd təsərrüfatının inkişafı da diqqətdən kənarda qalmayıb, bu ilin məhsulu üçün 9 min 567 hektar sahədə əkin aparılıb. Hazırda sahələrdə kənd təsərrüfatı məhsullarının yığımı aparılır.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

*   *   *

Şahbuz Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev məruzə edərək bildirib ki, 2020-ci ilin ötən dövründə rayonun ayrı-ayrı yaşayış məntəqələrində quruculuq tədbirləri davam etdirilib. Belə ki, “Badamlı” Mineral Sular Zavodu istifadəyə verilib, Şahbuz şəhərində çoxmənzilli yaşayış binasının, Ağbulaq kəndində Xizək Mərkəzinin, həkim ambulatoriyasının tikintisində son tamamlama işləri aparılır. Külüs kəndində yeni nasos stansiyasının, Türkeş, Sələsüz və Mərəlik kəndlərinin ərazisində qapalı suvarma sistemlərinin genişləndirilməsində tikinti işləri davam etdirilir.
Vurğulanıb ki, iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün cari ilin birinci yarısında 6 milyon 434 min 800 manatlıq sənaye məhsulu istehsal olunub, cari ildə yaşıllaşdırma tədbirləri davam etdirilib, 3,5 hektar sahədə yeni bağ salınıb, 0,7 hektar sahədə bərpa işləri aparılıb.
Bildirilib ki, rayonda əhalinin məşğulluğunun təmin edilməsi diqqət mərkəzində saxlanılıb, 2020-ci ilin birinci yarımilində 241 işaxtaran vətəndaş qeydiyyata alınıb, iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin edilən 72 nəfərdən 20-nə 19 iyun 2020-ci il tarixdə keçirilən əmək yarmarkasında göndəriş verilib.
Müşavirə məruzə ətrafında çıxışlarla davam etdirilib.

*   *   *

 

Sədərək Rayon İcra Hakimiyyətində keçirilən müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov açaraq məruzə edib. Bildirib ki, muxtar respublikada həyata keçirilən tədbirlərdən sərhəd bölgəsinə də xeyli pay düşüb. Bunlar arasında tikinti-quruculuq işləri ön sıradadır. Bayraq Meydanı Sədərək rayonunun yaranmasının 30 illik yubileyinə böyük töhfədir. Həmçinin ilin ilk 6 ayı ərzində rayon əhalisinin içməli su və kommunal ehtiyaclarını ödəmək məqsədilə “Gəmiqaya Yol Su Enerji” MMC tərəfindən Sədərək rayonu üzrə içməli su və kanalizasiya xəttinin çəkilişi, yeni teleötürücünün tikintisi davam etdirilir.
Kənd təsərrüfatında qazanılan uğurlardan da geniş bəhs edən Həbib İbrahimov diqqətə çatdırıb ki, bəhs edilən dövrdə rayonda 3647 hektar sahədə əkin keçirilib. Rayonun Qaraburun deyilən ərazisi minalardan və hərbi sursatlardan təmizlənərək 65,5 hektar torpaq sahəsi əkinə hazır vəziyyətə gətirilib və əkin dövriyyəsinə qatılıb. Həmçinin 1650 metr məsafədə yerləşən Şir arxı kanalı üzərində qurulmuş yeni nasos stansiyasından əraziyə su verilib. Əraziyə yeni elektrik xətti çəkilərək subartezian nasoslarını işlək vəziyyətə gətirmək üçün yeni transformator quraşdırılıb. 2020-ci ilin yaz əkinləri üçün 135 torpaq mülkiyyətçisinə 34 min 856 manat yardım edilib, 418280 kiloqram güzəştli şərtlərlə gübrə verilib. Rayonda taxıl biçini müvəffəqiyyətlə başa çatdırılıb.
Sonda məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR