19 Sentyabr 2020, Şənbə

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında qarşıya qoyulan vəzifələrə həsr olunmuş müşavirəni xidmətin rəisi, polkovnik Mirzə Cəlilov açaraq cari ilin birinci yarısında görülən işlərə dair məruzə edib. Qeyd olunub ki, son illərdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Silahlı Qüvvələrin muxtar respublikada yerləşən hissələrinin də inkişafına hərtərəfli şərait yaradıb, maddi-texniki təminat gücləndirilib, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırılıb.

Bildirilib ki, hesabat dövründə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında ölkə başçısının müvafiq sərəncamları əsasında çağırış kampaniyaları təşkil edilib. Bu kampaniyaların keçirilməsi istiqamətində nəzərdə tutulan plan tapşırıqlar Dövlət Xidməti tərəfindən yüksək səviyyədə yerinə yetirilib. 2020-ci ilin birinci yarısında 2005-ci ildə anadan olmuş vətəndaşların 2387-si artıq ilkin hərbi qeydiyyata alınıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi onu da qeyd edib ki, cari ilin birinci yarımilində qarşıda duran digər vəzifə çağırışaqədər gənclərin seçilərək texniki peşə və sürücülük məktəbinə göndərilməsindən ibarət olub. Ötən 6 ay ərzində 130 nəfər gənc sürücülük məktəbinin tam kursunu bitirib, sürücülük vəsiqələri ilə təmin ediliblər. İdarə və şöbələrin əsas vəzifələrindən biri də gənclərimizin peşəyönümlü ixtisaslara cəlb edilməsindən ibarət olmalıdır.
Mirzə Cəlilov çıxışında xidmət əməkdaşlarının vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığının həyata keçirilməsinin zəruriliyindən, qarşıda duran vəzifələrdən də danışıb.
Sonra məruzə ətrafında çıxışlar olub.

*   *   *

Naxçıvan Beynəlxalq Hava Limanında keçirilən iclası hava limanının direktoru Mənşur Gülməmmədli açaraq bildirib ki, cari ilin ilk 6 ayı ərzində kadr islahatı, uçuşların təhlükəsizliyinin təmin olunması, müasir texniki avadanlıqların istismarı, aviadaşımalarda yüksək mədəni xidmət təmin edilib. Hava limanı üçün ən vacib və səmərəli layihələrdən biri 2018-ci ildə tikintisinə başlanılan, 2019-cu ildə yekunlaşan və 2020-ci ilin ilk aylarında istismara verilən köhnə asfalt örtüklü uçuş-enmə zolağının yenidən qurulması və tikintisi olub. Təhlükəsizliyin təmin olunması üçün zolaqda Perimetrboyu termal videomüşahidə və quşlardan mühafizə sistemi quraşdırılıb, mühafizə postu inşa edilib. Hava limanı ərazisində yerləşən iki mərtəbədən ibarət inzibati polis binası əsaslı təmir olunub.
Qeyd edilib ki, aviasiya və uçuşların təhlükəsizliyinin təmin olunması istiqamətində ayrı-ayrı xidmət sahələrinin maddi texniki bazasının möhkəmləndirilməsi diqqət mərkəzində saxlanılıb. Hava Gəmilərin Texniki Xidməti sahəsi, Yanğın Təhlükəsizliyi və Qəza Xilasetmə komandası, Xüsusi Avtonəqliyyat xidmətlərinin maddi texniki bazası gücləndirilib, həmin xidmətlərə müasirtipli texnikalar alınıb. Xüsusi avtonəqliyyat xidmətinə 1 “Man” markalı təyyarəyə yanacaq vuran maşın və şassi üzərində “Paksan” markalı teleskopik platforma verilib. Sərnişinlərə göstərilən xidmətin keyfiyyətini yüksəltmək məqsədilə qeydiyyat sisteminin avtomatlaşdırılması üçün Gabriel bilet satışı sistemi və Amedeus qeydiyyat sistemi daha müasir Videcom sistemi ilə əvəz olunub.
Diqqətə çatdırılıb ki, pandemiya ilə mübarizə dövründə sərnişinlərin və işçi personalın təhlükəsizliyini təmin etmək məqsədilə hava limanında mütəmadi olaraq dezinfeksiya işləri aparılıb, aerovağzal kompleksinin girişinə sərnişinlərin hərarətini ölçən termal kamera quraşdırılıb, onların sağlamlığını və təhlükəsizliyini təmin etmək üçün bütün tədbirlər görülüb.
Vurğulanıb ki, sərnişindaşımalarda ilk altı ay ərzində yerli hava xətləri 58 min 249 sərnişin, 833 000 kiloqram baqaj, 290 700 kiloqram yük, 16 min 300 kiloqram poçt, beynəlxalq hava xətti ilə Naxçıvan-İstanbul istiqamətində 512 sərnişin, 6850 kiloqram baqaj, Naxçıvan-Moskva istiqamətində 590 nəfər sərnişin, 17 000 kiloqram baqaj daşınıb.
Sonda məruzə ətrafında çıxışlar olub.

*   *   *

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda keçirilən iclası fondun sədri Əli Quliyev açaraq hesabat məruzəsi ilə çıxış edib.
Bildirilib ki, 2020-ci ilin ilk yarım­ilində məcburi dövlət sosial sığorta haqları üzrə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun xəzinə hesabına 55 milyon 288 min 900 manat vəsait daxil olub ki, bu da nəzərdə tutulan məbləğdən 7 milyon 973 min 900 manat və ya 16,9 faiz çoxdur. Məcburi dövlət sosial sığorta haqlarının 40 milyon 191 min 810 manatı büdcə təşkilatlarından, 15 milyon 97 min 90 manatı isə qeyri-büdcə sektoru üzrə daxil olub. Ümumilikdə isə pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 61,2 faizi məcburi dövlət sosial sığortahaqqı şəklində yığılıb.
Diqqətə çatdırılıb ki, hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 6 fevral tarixli “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncamına əsasən muxtar respublika üzrə 48 min 500 nəfərə yaxın əmək pensiyaçısının pensiyalarının sığorta hissəsi 16,6 faiz artırılıb. Həmçinin fərdi uçot sistemində qeydiyyatda olan 177614 sığortaolunanın fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin yanvar ayının 1-dən indeksləşdirilərək 2,6 faiz artırılması elektron qaydada həyata keçirilib.
Qeyd olunub ki, “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 aprel tarixli Sərəncamına müvafiq olaraq muxtar respublika üzrə bu kateqoriyadan olan pensiyaçılara, ümumilikdə, 466 min 500 manat vəsait ödənilib.
İclas məruzə ətrafında çıxışlarla davam etdirilib.

*   *   *

Naxçıvan Dövlət Texniki Kollecində keçirilən iclası giriş sözü ilə açan kollecin direktoru Asəf Ruşanov bildirib ki, 2019-2020-ci tədris ilində təhsil ocağında əyani şöbədə 8 ixtisas üzrə 27 qrupda 382 nəfər, qiyabi şöbədə isə bir ixtisas üzrə 4 qrupda 62 nəfər olmaqla, 444 tələbə təhsil alıb. Onlardan 225 nəfəri ödənişli əsasla, 219 nəfəri isə dövlət hesabına oxuyub.
Vurğulanıb ki, Naxçıvan Dövlət Texniki Kolleci orta ixtisas təhsili müəssisəsi kimi muxtar respublikada müxtəlif sahələrin ixtisaslı kadrlarla təmin olunmasında mühüm rol oynayır. 2020-ci ilin birinci yarısında kollecdə elektron təhsilin tətbiqi diqqət mərkəzində saxlanılıb, muzeylərlə kollec arasında distant təhsil prosesi davam etdirilib.
Qeyd olunub ki, mart ayından başlayaraq pandemiya ilə əlaqədar dərslər tələbə və müəllimlərin iştirakı ilə evdən onlayn olaraq keçilib, may ayından etibarən isə muxtar respublikada xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar bu proses daha da təkmilləşdirilərək müəllimlərin evdən deyil, məktəbdə yaradılmış şəraitdən – elektron lövhələrdən, müasir texnologiya və avadanlıqlardan istifadə etməklə davam etdirilib.
Sonda məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR