15 Avqust 2020, Şənbə

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə keçirilən kollegiya iclasını komitənin sədri Hicran Rüstəmov açıb. Bildirilib ki, 2020-ci ilin birinci yarısında muxtar respublikada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xətti ilə 61 milyon 966 min 400 manat həcmində inşaat işləri yerinə yetirilib ki, bunun da 57 milyon 559 min manatını və ya 92,9 faizini tikinti-quraşdırma işləri təşkil edib.
Çoxsaylı təhsil ocaqlarının, həkim ambulatoriyasının, kənd və xidmət mərkəzlərinin tikilməsi haqqında məlumat verən komitə sədri qeyd edib ki, mərkəzi hərbi xəstəxananın, Naxçıvan Duzdağ Fizioterapiya Mərkəzinin inzibati binasının, Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin, Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksinin tikintisi və Ordubad rayonunda Uşaq Xəstəxanasının yenidən qurulması davam etdirilir. Bəhs olunan dövrdə istifadəyə verilən mühüm sosial obyektlər haqqında danışan komitə sədri diqqətə çatdırıb ki, hazırda Naxçıvan şəhərində məscidin, Şərur rayonunda Mədəniyyət Sarayının, Şərur və Sədərək rayonlarında Bayraq meydanlarının tikintisi, Ordubad şəhərində isə Cümə məscidinin bərpası davam etdirilir.
Diqqətə çatdırılıb ki, muxtar respublikada dövlət orqanları tərəfindən əhaliyə nümunəvi xidmət göstərilməsi üçün inzibati binaların tikintisi və təmiri daim diqqət mərkəzində olub. Belə ki, hazırda Naxçıvan şəhərində “Asan xidmət” mərkəzinin, 400 yerlik avtomobil dayanacağının, 4 mərtəbəli inzibati binanın, Şərur rayonunun Şəhriyar, Qaraburc, Babək rayonunun Nəcəfəlidizə, Ordubad rayonunun Nüsnüs, Yuxarı Əndəmic, Culfa rayonunun Camaldın kəndlərində inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, Şərur rayonunda Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” hərbi hissəsinin, Şərur Sənaye Məhəlləsinin, Babək rayonunda Süni Mayalanma Mərkəzinin, Kəngərli rayonunda Rabitə Evinin, Sədərək rayon Radio-Televiziya Ötürücü Stansiyasının tikintisi, eləcə də Naxçıvan şəhərində Tələbə yataqxanasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin, Culfa Rayon Təhsil Şöbəsinin, Sədərək rayonunda Gömrük Keçid Məntəqəsinin, Şahbuz rayonunun Ağbulaq kəndində Xizək Mərkəzinin tikintisi davam etdirilib.
2020-ci ilin ilk 6 ayında əhalinin mənzil-kommunal təminatının yaxşılaşdırılması haqqında məlumat verən komitə sədri qeyd edib ki, əhalinin və təsərrüfat subyektlərinin elektrik enerjisinə olan tələbatının tam təmin edilməsi istiqamətində tədbirlərin davamı olaraq Şərur Rayon Elektrik Yarımstansiyasının tikintisi başa çatdırılıb, Araz çayı üzərində gücü 36 meqavat olan Ordubad Su Elektrik Stansiyasının və gücü 15.6 meqavat olan Tivi Su Elektrik Stansiyasının tikintisi davam etdirilir. Əhalinin etibarlı su təminatının həyata keçirilməsi və kommunal xidmətlərin daha da yaxşılaşdırılması məqsədilə işlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin direktoru Bəhruz Əsgərov hesabat dövründə muxtar respublikada yol nəqliyyat kompleksinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən ardıcıl tədbirlərdən danışıb.
Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində son illərdə yol tikintisində istifadə üçün kifayət qədər müxtəlif təyinatlı texnikalar alınaraq agentliyin xidməti istifadəsinə verilib ki, bu da muxtar respublikada yol-nəqliyyat təsərrüfatının tamamilə yeniləşdirilməsinə və müasirləşdirilməsinə imkan verib.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

* * *

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2020-ci ilin ilk altı ayı ərzində fəaliyyətinin yekunları haqqında keçirilən kollegiya iclasında xidmətin rəisi Bəxtiyar İsmayılovun məruzəsi dinlənilib. Bildirilib ki, muxtar respublikada ixrac potensialının və ixraca dövlət dəstəyinin artırılması istiqamətində təsərrüfat subyektləri ilə 108 halda abonent müqaviləsi bağlanaraq istehsal olunan məhsulların ixrac olunacaq ölkələrə uyğun hazırlanması haqqında məlumatlar müəssisə rəhbərlərinin diqqətinə çatdırılıb. Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən “Naxçıvan məhsulları” mağazalar şəbəkəsinə tələbata uyğun olaraq davamlı qaydada məhsulların göndərilməsi hazırda təmin edilir.
Bildirilib ki, yerli məhsulların daxili və xarici bazarlarda rəqabətədavamlı olması üçün keyfiyyət standartlarına əməl edilməsinə nəzarətin gücləndirilməsi barədə verilmiş tapşırıqların icrasını təmin etmək məqsədilə, ümumilikdə, 746 halda, o cümlədən qida məhsullarının 716 halda keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması təmin olunub, bu istiqamətdə nöqsan aşkar edilməyib.
Qeyd olunub ki, standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının idxalına, satışına və istismarına yol verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birgə 2020-ci ilin ilk altı ayı ərzində, ümumilikdə, 282 məişət qaz cihazına baxış keçirilib, təhlükəsizliyi təmin olunmayan 54 ədəd məişət qaz cihazının idxalına və satışına icazə verilməyib.
Diqqətə çatdırıb ki, 2020-ci ilin ilk altı ayı ərzində 1897,6 manat dəyərində keyfiyyətsiz və ya kontrafakt məhsullar satışdan çıxaralan və 8 informasiya xarakterli lövhənin istifadəsi qadağan edilib. Həmçinin 1677 istehsal və xidmət obyektində monitorinqlər, 229 qida istehsalı müəssisəsinə maarifləndirmə xarakterli baxış keçirilib, 153 təsərrüfat subyektində aşkar olunmuş çatışmazlıqlar aradan qaldırılıb.
Sonra çıxışlar olub.

* * *

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində keçirilən müşavirəni cəmiyyətin sədri Yəhya Allahverdiyev açaraq məruzə edib.
Bildirib ki, ötən dövr ərzində Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 800 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmiş, 2,7 kilometr ana xətt, müxtəlif diametrli borularla isə 24,5 kilometr paylayıcı boru xətti çəkilib, 270 supaylayıcı hovuz və suvarma hidrantı quraşdırılıb. Şahbuz rayonunda Türkeş kəndi ərazisində 270 hektar sahədə 4,75 kilometr ana xətt, müxtəlif diametrli borularla isə 4,2 kilometr paylayıcı boru xətti çəkilib. Bu istiqamətdə həyata keçirilən tədbirlər davam etdirilir.
Diqqətə çatdırılıb ki, torpaq sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədi ilə Şərur, Babək, Şahbuz rayonlarında, ümumilikdə, 5 kilometr selə qarşı istiqamətləndirici bənd salınıb. Ötən dövrdə cəmiyyətin balansında olan, muxtar respublikada 2-ci suvarma mənbəyi kimi 102 nasos stansiyası və 826 subartezian quyusu istismar edilib. Nasos stansiyaların mexaniki və elektrik avadanlıqlarında lazım olan əsaslı və cari təmir işləri, 25 kilometr təzyiqli boru xəttində təmir-bərpa işləri vaxtında həyata keçirilərək etibarlı iş rejimi ilə təmin olunub.
Vurğulanıb ki, “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsi çərçivəsində Şərur rayonunda Cəlilkənddə 7,6 kilometr su xətti çəkilib, 330 ev, 12 müəssisə şəbəkəyə qoşularaq sayğac quraşdırılıb. Beləliklə, layihə çərçivəsində işlər uğurla həyata keçirilib, Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksi və Cəlilkənddə içməli su xətti istifadəyə verilib.
Məruzə ətrafında müzakirələr dinlənilib.

* * *

Naxçıvan Musiqi Kollecində keçirilən iclasda kollecin direktoru Günay Əliyeva məruzə edərək bildirib ki, ötən tədris ilinin mart ayında ölkə ərazisində tətbiq olunan izolyasiya tədbirləri ilə əlaqədar olaraq nəzəri fənlərin və ixtisas dərslərinin tədrisi onlayn qaydada təşkil olunub. Kollecdə, ümumilikdə, müxtəlif ixtisaslar üzrə 2429 onlayn dərs keçilib.
Qeyd olunub ki, bəhs olunan dövrdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən onlayn təşkil edilən müsabiqələrdə kollecin müəllim və tələbələri yaxından iştirak edərək uğurlar qazanıb. Bildirilib ki, musiqi kollecində tərtib olunmuş cədvəl əsasında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təyin etdiyi Dövlət İmtahan Komissiyası tərəfindən aparılan buraxılış üzrə dövlət imtahanlarında tələbələrdən 12-si fərqlənmə, 130-u isə subbakalavr diplomuna layiq görülüb.
Sonda tədbir iştirakçılarının çıxışları dinlənilib.

Xəbərlər şöbəsi

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR