16 Avqust 2020, Bazar

Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında qarşıya qoyulan vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Nazir Niyazi Novruzov məruzə ilə çıxış edərək bildirib ki, pandemiyanın Naxçıvan Muxtar Respublikası ərazisində yayılmasının qarşısının alınması və təsirinin azaldılması istiqamətində görülən tədbirlər sakinlər arasında yoluxma hallarının minimum həddə qeydə alınması ilə nəticələnib. Səhiyyə işçilərinin pandemiya ilə əlaqədar həyata keçirilən təhlükəsizlik tədbirlərində fəal iştirakı təmin olunub.

Bildirib ki, bəhs olunan dövrdə muxtar respublikada icbari tibbi sığortanın tətbiqinə hazırlıq işləri ilə əlaqədar Culfa Rayon Mərkəzi Xəstəxanası yenidənqurma və təmirdən sonra ehtiyac olan bütün növ tibbi avadanlıq və cihazlarla təchiz edilib. Culfa Rayon Mərkəzi Xəstəxanası, Yoluxucu Xəstəliklər Mərkəzi, Ağciyər Xəstəlikləri Dispanseri və Təcili Tibb Mərkəzi publik hüquqi şəxs statusu alıb, həmin səhiyyə müəssisələrinə internet şəbəkə xətti çəkilib, kompüter proqram təminatı quraşdırılıb. Ordubad rayonunun Vənənd kənd həkim ambulatoriyası, Şərur rayonunun Məmmədsabir kənd həkim Ambulatoriyası və Muğancıq-Mehrab feldşer mama məntəqəsi üçün yeni binalar tikilib, həmin səhiyyə müəssisələri bütün növ tibbi avadanlıq və inventarlarla təchiz edilərək istifadəyə verilib.
Hesabat dövründə səhiyyə infrastrukturu və maddi-texniki təchizatın gücləndirilməsi sahəsində görülən işlərdən danışan nazir diqqətə çatdırıb ki, pandemiya dövründə səhiyyə xidmətlərinin səviyyyəsinin müasir tələblərə çatdırılması, keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə Ali Məclis Sədrinin tapşırığı ilə 2 dəst Ekstrkorparal Membran Oksigenasiyası (EKMO), 20 stasionar, 4 portativ süni tənəffüs aparatı, 2 hemodializ cihazı, 4 mobil rentgen cihazı, 30 infuziya pompası, 20 yataqbaşı kardiomanitor, 10 elektrosorucu, ümumilikdə, 40 funksional çarpayı alınaraq ehtiyac olan səhiyyə müəssisələrinə təqdim edilib.
Vurğulanıb ki, tibbi xidmətin keyfiyyətinin və əhatəliliyinin artırılması muxtar respublikada 2020-ci ilin 6 ayında 2063 uşaq doğulması ilə nəticələnib.
Sonda çıxışlar olub.

* * *

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində keçirilən kollegiya iclasında nazir Vüsal Sevdimaliyev məruzə ilə çıxış edib. Bildirib ki, muxtar respublikanın stasionar telefon şəbəkəsinin tamamilə Yeni Nəsil (NGN) Telekommunikasiya sisteminə keçirilməsi başa çatdırılıb, habelə “Naxtel”mobil rabitə şəbəkəsinin abunəçi tutumunun artırılması üçün yeni baza stansiyalarının istifadəyə verilməsi istiqamətində işlər davam etdirilib. Həyata keçirilən tədbirlər nəticəsində 4-cü nəsil “Naxtel” abunəçilərinin sayı artıb, Ordubad rayonunun Vənənd kəndində yeni Rabitə Evi istifadəyə verilib, 568 nömrə tutumlu yeni nəsil Avtomat Telefon Stansiyası qurulub, Culfa rayonunda istifadəyə verilən Yeni Nəsil Telekommunikasiya Sistemi və Rabitə Evi isə zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olmaqla, Culfa Rayon Rabitə İdarəsi, İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin Culfa rayon filialı, “Naxtel” müştəri xidmətləri, “Naxçıvanpoçt” publik hüquqi şəxsin Culfa Rayon filialının fəaliyyəti üçün zəruri iş şəraiti yaradılıb, Kəngərli rayonunda Rabitə Evinin tikintisi davam etdirilib, Naxçıvan şəhərində 656, Şərur rayonunun yeni istifadəyə verilən Muğancıq-Mehrab kənd Rabitə Evində 192, Məmmədsabir kəndində isə 256 nömrə tutumlu yeni nəsil Avtomat Telefon stansiyaları qurulub.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında yeni təşkil olunan taksi xidməti üçün proqram təminatı yazılıb, üç rəqəmli (288) prefiks ayrılaraq və mərkəzi serverə qoşulub. Eyni zamanda bütün mobil operatorlarda da üçrəqəmli prefiks tanıdılıb, Azərbaycan Respublikasının bütün bölgələrindən sabit şəbəkə və mobil operatorlar üzərindən üçrəqəmli nömrənin yığılması təşkil edilib.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

 

* * *

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında qarşıya qoyulan vəzifələrlə bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən müşavirəni İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov açıb.
Sonra çıxışlar olub.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək bildirib ki, hesabat dövründə Naxçıvan şəhərində 22 müxtəlif təyinatlı obyekt tikilib və ya yenidən qurulub, 46 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri isə davam etdirilir.
Qeyd olunub ki, hazırda Naxçıvançay sahilində istinad divarının, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan stansiyasında polis şöbəsi üçün inzibati binanın tikintisi, alçaq sərnişin platforması və dartı yarımstansiyası binasının yenidən qurulması işləri də sürətlə aparılır. “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti və alış-veriş mərkəzinin yenidən qurulması işləri isə başa çatdırılıb. Həmçinin bəhs olunan dövrdə xalça istehsalı sahəsinin, yun və təbii boyaq bitkiləri tədarükü məntəqəsinin, “Naxçıvan Şəhər Ticarət Departamenti” publik hüquqi şəxs tərəfindən odun kömürü istehsalı sahəsinin, quşçuluq və arıçılıq təsərrüfatlarının yaradılması, unlu-qənnadı məmulatları, plastik kapsul və qapaq istehsalı sahələri və “Naxçıvan Avtomobil Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin genişləndirilməsi işləri davam etdirilib.
Vurğulanıb ki, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm yer tutan kənd təsərrüfatının inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilib, 2020-ci ilin məhsulu üçün Naxçıvan şəhərində 2 min 95 hektar sahədə əkin aparılıb. Cari ilin aprel-iyun aylarında pandemiyaya qarşı qabaqlayıcı tədbirlər çərçivəsində, ümumilikdə, 815 obyektdə 876 min 641 kvadratmetr sahədə dezinfeksiya, 99 obyektdə 39 min 100 kvadratmetr sahədə dezinseksiya işləri icra olunub.

* * *

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində keçirilən kollegiya iclasında komitə sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli məruzə edərək bildirib ki, hesabat dövrü ərzində muxtar respublika gömrük orqanları tərəfindən dövlət büdcəsinin formalaşdırılması məqsədilə qarşıya qoyulmuş proqnoz-tapşırığa 100,39 faiz əməl olunub. Büdcəyə köçürülmüş gömrük ödənişləri 2019-cu ilin eyni dövrü ilə müqayisədə 131 faiz çox olub. Toplanmış gömrük ödənişləri Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin 18,97 faizini təşkil edib. Bu dövr ərzində 58 ölkə ilə ticarət əməliyyatları aparılıb, ixracın həcmi 0,5 faiz artıb.
Vurğulanıb ki, pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə gömrük sərhəd-buraxılış məntəqələrində dezinfeksiya işləri müntəzəm şəkildə aparılıb, Culfa və Sədərək gömrük keçid məntəqələrində nəqliyyat vasitələri üçün iki yeni dezinfeksiyaedici qurğu quraşdırılıb, muxtar respublika ərazisinə daxil olan bütün nəqliyyat vasitələri dezobaryerlərdən keçirilib. Məsafədən hərarətin ölçülməsinin təmin edilməsi məqsədilə sərnişin keçid zallarına yeni termal kameralar qoyulub, əməkdaşlar portativ termometrlərlə, tələb olunan tibbi ləvazimat və dezinfeksiyaedici məhlullarla təmin olunub, gömrük nəzarət zonaları mütəmadi olaraq dezinfeksiya edilib.
Bildirilib ki, daxili bazarda yerli istehsalın xüsusi çəkisinin artırılması, idxal olunan məhsulların keyfiyyətinə nəzarətin gücləndirilməsi, azad rəqabət mühitinin yaradılması və inhisarçılığın qarşısının alınması istiqamətində də fəaliyyət davam etdirilib. 2020-ci ilin muxtar respublikamızda “İxrac ili” elan olunması ilə əlaqədar ixrac olunan mallar üzrə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadənin təşviqi həyata keçirilib, gömrük rəsmiləşdirilməsi üçün çəkilən xərclər minimuma ­endirilib.
Sonra məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR