16 Avqust 2020, Bazar

Ümummilli liderimiz Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.
Hər hansı bir xalqın dilinin mükəmməl şəkildə formalaşması, onun ünsiyyət vasitəsinə çevrilməsi uzun tarixi prosesin nəticəsində mümkündür. Azərbaycan xalqı ana dilimizin saflığını qorumuş, bu dildə xalq yaradıcılığı nümunələri – dastanlar, nağıllar, bayatılar, rəvayətlər, əfsanələr, atalar sözləri, mahnılar yaranmış, min illərin dil çeşməsində durularaq və sınaqlardan keçərək günümüzədək gəlib çıxmışdır. Əsrlərboyu analarımız həzin laylalarını bu dildə söyləmiş, nənələrimiz bizə bu dildə şirin nağıllar danışmışlar. Bu dildə zəngin Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Üzeyir Hacıbəyli, Mirzə Ələkbər Sabir, Məmməd Araz və başqa görkəmli söz ustaları bu dildə ölməz sənət nümunələri yaratmışlar.

Dilimizin saflığı və yaşaması uğrunda mübarizə XIX əsrin əvvəllərindən XX əsrin ortalarına qədər davam etsə də, onun dövlət dili səviyyəsinə qaldırılması, qorunması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan dilini milli varlığın əsası kimi həmişə diqqət mərkəzində saxlamış, 1978-ci ildə Azərbaycan dilinin Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi xüsusi maddədə göstərilməsinə nail olmuşdu. Həmin dövrdə Azərbaycan dilinin qrammatik quruluşunun elmi şəkildə öyrənilməsinə başlanılmış, dilçi alimlərin fəaliyyəti üçün geniş imkanlar açılmış, elmi-tədqiqat materialları və kitablar nəşr olunmuşdur. Azərbaycan dilinə və ümumiyyətlə, Azərbaycan dilçilərinin əməyinə verilən qiymət və onlara göstərilən qayğı ölkəmizin keçmiş sovet məkanında, eyni zamanda beynəlxalq elm aləmində türkologiyanın mərkəzlərindən biri kimi tanınmasına gətirib çıxarmışdır. Təsadüfi deyil ki, ötən əsrdə SSRİ Elmlər Akademiyasının bu istiqamətdə yeganə “Türkologiya” jurnalı məhz Bakıda nəşr edilirdi.
“Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi və inkişaf etməsi bizim nailiyyətlərimizdən biridir. Bu təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir”, – deyən dahi rəhbər siyasi hakimiyyətə ikinci qayıdışından sonra da ana dilimizin qoruması və inkişafı istiqamətində mühüm qərarlar qəbul etmiş, Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi öz təsbitini tapmışdır. Ulu öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərmanı, eləcə də 2003-cü il 2 yanvar tarixli Fərmanı ilə qəbul olunmuş “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu mühüm dövlət sənədləridir. Ulu öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı ilə ölkəmizdə kiril əlifbasından istifadəyə son qoyulmuş, latın qrafikasının tətbiqi ilə bağlı bir sıra işlər həyata keçirilmişdir. Bu tarixi sənədlər əsl milli təəssübkeşlik qətiyyəti olmaqla, həm də Azərbaycanda dilçilik elminin nəzəriyyə və praktikasının inkişafını, ana dilimizin ümumxalq dili kimi inkişafını təmin etmişdir.
Ümummilli liderin ideyalarını bu gün layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi doğma dilimizə və əlifbamıza dərin ehtiramın ifadəsidir. “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”, – deyən ölkə başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam həm də əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Dövlət başçısının sonrakı sərəncamları əsasında 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi. Eləcə də ölkə başçısı cənab İlham Əliyevin 2007-ci il 30 dekabr tarixdə imzaladığı “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” Sərəncamı ana dilinin həyatımızın bütün sahələrində tam və müfəssəl tətbiqini gerçəkləşdirmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dilimizin başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək demişdir: “Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz – Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq”.
Bu gün Naxçıvan Muxtar Respublikasında da dövlət dil siyasəti uğurla həyata keçirilir. Son illər muxtar respublikada nəşr olunmuş “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan Abidələri Ensiklopediyası”, 3 cilddə “Naxçıvan folkloru antologiyası”, “Dədə Qorqud yurdu Naxçıvan atlası”, “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”, türk-islam ədəbiyyatının “Şahnamə”si sayılan “Qutadqu bilik” (XI əsr) poemasının, “Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri”, böyük islam mütəfəkkiri Nemətullah Naxçıvaninin 3 cildlik “Əl-fəvatih-ül-ilahiyyə-vəl-məfatih-ül-qeybiyyə”, “Nemətullah Naxçıvani: taleyi və sənəti”, 3 cildlik “Naxçıvan tarixi” kitabları, xeyli sayda digər nəşrlər tariximiz və mədəniyyətimizlə yanaşı, dilimizin də qorunub saxlanılması sahəsində əsaslı tədbirlərdəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamı gənclərdə mütaliə mədəniyyətini formalaşdırmaqla yanaşı, onlarda ana dilinə sevgi və hörmət hisslərini də artırmışdır. Bu gün muxtar respublikada ticarət və iaşə obyektlərinə, coğrafi ünvanlara doğma dilimizdə adların verilməsi, reklam lövhələrinin dilimizin qayda-qanunlarına uyğun yazılması ana dilimizin qorunması sahəsində həyata keçirilən tədbirlərdəndir. Naxçıvan şəhərində ucaldılmış “Ana dili” abidəsi isə əsrlərdən bəri süzülüb gələn dilimizə xalq sevgisinin gerçək ifadəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun yaradılması dilimizlə bağlı tədbir və nəşrlərin həyata keçirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Həmçinin Naxçıvan Yazıçılar Birliyinin fəaliyyətinin gücləndirilməsi, onun nəzdində Tərcümə mərkəzinin fəaliyyətə başlaması da dilimizin, sözümüzün qorunub inkişaf etdirilməsində mühüm addımlardandır.
Azərbaycan dilinin inkişafına göstərilən dövlət qayğısının nəticəsidir ki, ötən dövrdə dilimizin işləkliyi və düzgün təbliği diqqət mərkəzində saxlanılmış, muxtar respublikanın televiziya və radiolarında Azərbaycan dilinin norma və qaydalarının qorunması məqsədilə bədii şuralar yaradılmışdır. Televiziya və radio kanallarında, mətbuat orqanlarında və sosial şəbəkələrdə Azərbaycan ədəbi dilinin normalarının pozulması hallarının qarşısının alınmasında ictimaiyyətin də fəal iştirakının təmin edilməsi və operativ tədbirlərin görülməsində bədii şuralar mühüm rol oynayır. Azərbaycan dilinə əcnəbi söz və ifadələrin yersiz daxil edilməsi, aparıcıların fonetik normalara əməl etməsi, reklam mətnlərinin səlis və aydın olması daim nəzarətdədir.
Azərbaycan Respublikasının 2020-ci il 8 may tarixli “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunu ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə 533-1-ci maddə əlavə edilmişdir. Müvafiq maddəyə əsasən kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslərə yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslərə üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslərə isə beş yüz manatdan min manatadək məbləğdə cərimə tətbiq edilməsi nəzərdə tutulmuşdur. Qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 iyun tarixli Fərmanı ilə “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na dəyişikliklər edilmişdir. Həmin dəyişikliyə əsasən muxtar respublikada dövlət dili normalarının pozulması teleradio yayımlarında baş verdikdə Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədrinə, şöbə və sektor müdirinə, digər kütləvi informasiya vasitələrində aşkar edildikdə Naxçıvan Mətbuat Şurasının sədrinə protokol tərtib etmək səlahiyyəti verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 23 avqust tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasında elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat sahələrində ən yaxşı əsərləri qiymətləndirmək və yaradıcı ziyalıları müasir tələblərə cavab verən yüksəksəviyyəli əsərlər yaratmağa təşviq etmək məqsədilə Naxçıvan Muxtar Respublika mükafatları təsis edilmiş, mükafat komissiyası yaradılmış və komissiyanın əsasnaməsi təsdiq olunmuşdur. Ali Məclis Sədrinin 2015-ci il 14 mart tarixli Sərəncamına əsasən ədəbiyyat sahəsi üzrə “Poetik-praktik Azərbaycan dili” dərs vəsaitinə görə pedaqogika üzrə elmlər doktoru Elbəyi Maqsudov Naxçıvan Muxtar Respublika mükafatına layiq görülmüşdür. Kitab Azərbaycan dilinin öyrədilməsi, onun tədrisi haqqında pedaqoji poema, tədris tariximizdə iz qoyacaq bir əsərdir. Elbəyi Maqsudovun “Poetik-praktik Azərbaycan dili” adlı dərs vəsaiti dövlət dilinin tətbiqi sahəsində poetik dillə yazılmış ilk fundamental əsərdir. Əsər məktəblilər, abituriyentlər və müəllimlər üçün əvəzsiz mənbədir. Azərbaycan dili qrammatikasının tarixində ilk müəllifdir ki, poetik-praktik qrammatika yaratmışdır. Bu əsərdə dilin bütün bölmələri elmi, bədii və təcrübi şəkildə poetikləşdirilmişdir.
Naxçıvan Dövlət Universitetində Azərbaycan dili fənni ilə bağlı dərslərin tədrisinə və ixtisaslı kadr hazırlığına xüsusi diqqət yetirilir. Tarix-filologiya fakültəsində Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə bakalavr səviyyəsinin bütün kurslarında fənnin müxtəlif dərəcədə tədrisinin həyata keçirilməsindən başqa, xarici dillər fakültəsində, qeyri ixtisaslarla əlaqəli fakültələrdə Azərbaycan dili, nitq mədəniyyəti dərsləri də yüksək səviyyədə təşkil olunur. Bundan başqa, universitetin magistr səviyyəsində Azərbaycan dili fənni ilə bağlı pedaqoji və nəzəri istiqamətli bir sıra dərslər keçilir. Bu baxımdan, dilin müxtəlif sahələri – orfoqrafiya və orfoepiya, fonetika, leksikologiya, morfologiya, sintaksis, ədəbi dil, poetik linqvistika, üslubiyyat üzrə biliklər verilir. İxtisaslara uyğun olaraq dərslərdə tanınmış professor və elm xadimləri iştirak edir. Həmçinin tələbələrin müasir şair və yazıçılarla, elm xadimləri ilə mütamadi olaraq görüşləri təşkil edilir ki, bunlar da tələbələrin öz ixtisaslarına daha dərindən yiyələnmələrinə şərait yaradır. Naxçıvan Dövlət Universitetində Ana dili günü ilə bağlı hər il universitetin Media mərkəzində verilişlər hazırlanır, eləcə də Azərbaycan dilinin təbliği ilə bağlı xarici tələbələr arasında yazı müsabiqələri, tədbirlər keçirilir. Azərbaycan dili və ədəbiyyat kafedrasının professor və müəllim heyətinin 50-dən artıq kitabı, yüzlərlə elmi və metodik məqalələri fənnin daha dərindən öyrədilməsində əhəmiyyətə malikdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində bütün təhsil müəssisələrinin infrastrukturu yenilənmiş, maddi-tədris bazası möhkəmləndirilmiş, tədrisin yüksək səviyyədə təşkili üçün geniş imkanlar yaradılmışdır. Təhsil müəssisələrinin kitabxanaları da zəruri avadanlıqlarla təchiz olunmuş, fondu zənginləşdirilmiş, 3 milyona yaxın dərslik, 600 mindən çox bədii ədəbiyyatla təmin edilmişdir. Hər il muxtar respublika ümumtəhsil məktəblərində Azərbaycan dilinin inkişafı və qorunması ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilir. Azərbaycan dilinin tarixi barədə məktəblilərin əldə etdikləri bilikləri təkmilləşdirmək, onlarda doğma dilimizə sevgi və hörmət hissini daha da artırmaq, nitq mədəniyyətini formalaşdırmaq və istedadlı şagirdləri aşkara çıxarmaq məqsədilə dilimizin zənginliyi şagirdlərimizə təbliğ edilir, məktəblilərarası inşa yazı, şeir müsabiqələri, yarışlar keçirilir, maarifləndirici söhbətlər aparılır. Eləcə də mütaliə aylığı, kitab müzakirəsi və oxucu konfransları, ədəbi-bədii gecələr, disputlar, bilik yarışları təşkil edilir.
Ümummilli lider Heydər Əliyev demişdir: “Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir”. Bu gün hər birimizdən Azərbaycan dilinə münasibətdə, dilimizin saflığının, milli varlığının qorunmasında vətəndaşlıq mövqeyi tələb olunur.

Əbülfəz Quliyev
AMEA-nın müxbir üzvü

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR