08 Avqust 2020, Şənbə

Hələ qədim dövrlərdən Azərbaycanda elə nəsillər, elə qəbilələr olub ki, onlar öz döyüşkənliyi ilə təkcə Qafqazda deyil Avropada da tanınıblar. Onlar arasında yüksəkrütbəli hərbçilər – generallar olub və mərdliyi, igidliyi ilə Vətənimizin müstəqilliyinə, ərazi bütövlüyünə misilsiz töhfələr veriblər.T

Tarixən bu millətin dünya hərb tarixində öz dəstxəti, strateji taktikası olan sərkərdələri olub. Bu siyahıya Tomrisi, Cavanşiri, Babəki, Şah İsmayıl Xətaini, Pənahəli xanı, Cavad xanı, Çələbi xanı və digər məşhur sərkərdə və dövlət xadimlərini daxil etmək olar. Bundan başqa, Azərbaycan ərazisində Şərqdə və Avropada da kifayət qədər tanınan nəsil və qəbilələr də olub. Bu sırada Bakıxanovlar, Şıxlinskilər, Çələbilər, Cavanşirlər, Vəkilovlar nəslinin adını çəkmək olar. Onlar Azərbaycana döyüşkən əsgərlər, komandirlər və sərkərdələr bəxş etmiş, ana torpağın başı üstünü təhlükə alanda birləşib ayağa qalxmış, onun hər qarışı uğrunda canlarından keçmişlər.

Azərbaycan xalqının formalaşmasında, böyük rolu olan qədim türk tayfalarından biri də Kəngərlilərdir. XVIII əsrin II yarısından etibarən Kəngərli hakimləri yüksək titullar daşımış və Azərbaycanın ən güclü xanlıqlarından olan Naxçıvan xanlığını idarə etmişlər. 1828-ci il Türkmənçay sülh müqaviləsinə görə, Naxçıvan xanlığı Rusiyanın himayəsinə keçsə də, Kəngərlilərin ən nüfuzlu nümayəndələri 1840-cı ilədək “Naib” titulu ilə vəzifədə qalmışdır. Çar imperiyası dövründə Kəngərli tayfasına mənsub insanların bir hissəsinə “Naxçıvanski” soyadı verilmiş və onların arasında bir sıra görkəmli ictimai-siyasi, hərbi xadimlər, elm və mədəniyyət nümayəndələri yetişmişdir. Tarixin səhifələrini vərəqlədikcə görürük ki, XVIII əsrin II yarısından XIX əsrin əvvəllərinədək bütün Naxçıvan xanları Kəngərli nəslindən olmuşdur. 1747-ci ildə Nadir şah Əfşar sui-qəsd nəticəsində öldürüldükdən sonra Kəngərli tayfa başçısı Heydərqulu xan Kəngərli özünü Naxçıvanın müstəqil xanı elan etmiş və Naxçıvan xanlığı Heydərqulu xan Kəngərlinin hakimiyyəti dövründə sürətli inkişaf yolu keçmişdir. Heydərqulu xan vəfat etdikdən sonra müxtəlif illərdə Naxçıvan xanlığını onun oğlu Hacı Məhəmməd xan, Rəhim xan, Şükürulla xan, qardaşı Əliqulu xan, Vəliqulu xan idarə etmişdir.
Naxçıvan xanlığı müstəqil olduğu 1747-1797-ci illərdə daxili və xarici siyasəti ilə qonşu xanlıqların rəğbətini qazanmış, Heydərqulu xanın, sonralar isə I Kalbalı xanın hakimiyyəti dövründə siyasi diplomatiyası ilə fərqlənmişdir. I Kalbalı xanın, oğlu Ehsan xanın hakimiyyətə gəlişi Naxçıvan xanlığında bir canlanma yaratmış, Naxçıvan torpaqlarını tapdaqlar altında qalmaqdan qorumuşdur. I Kalbalı xan Naxçıvan xanlığını müstəqil idarə etdiyi illərdə mahir bir süvari qoşun sərkərdəsi olmaqla bərabər, çox bacarıqlı bir diplomat olmuş, xanlığa qarşı işğalçılıq siyasəti irəli sürən qüvvələr əleyhinə mühüm addımlar atmışdır. Az bir müddət ərzində çarizmin apardığı müstəmləkəçilik siyasətinə baxmayaraq, Naxçıvan Qafqazın əsas mərkəzlərindən birinə çevrilmiş, xanlığın ərazisi, qoşunu, pul vahidi, özünəməxsus xarici, daxili siyasəti, müstəqil dövlətə məxsus atributları olmuşdur.

Kəngərlilər sərbəst, müstəqil yaşamağı və öz dövlət qurumlarını – Naxçıvan xanlığını müdafiə etməyi yaxşı bacarırdılar. Döyüşkənliyi ilə bütün Qafqazda məşhur olan Kəngərlilər ağa və bəylərin rəhbərliyi ilə xüsusi süvari dəstələri təşkil edib şöhrət qazanmışdılar. Çar Rusiyasında Azərbaycanın uzun illər hərb sənətindən kənarda saxlanmasına baxmayaraq, Kəngərli süvariləri Rusiyanın apardığı döyüşlərdə böyük cəsarət nümunəsinə çevrilmişlər. Rusiya hərbi tarixçisi və yürüş iştirakçısı Platon Zubov yazır: “Onlar haqqında fikir demək üçün gərək o qoşunları döyüş vaxtı müşahidə edəsən. Bunlar elə bil ki, qəzəblənmiş Allahın odu və ildırımıdırlar. Döyüş vaxtı göydən düşmənlərin lap mərkəzinə düşürlər, ölüm və dəhşət səpələyirlər. Elə o vaxtdan mənim gözlərim önündə baş verən müsəlman qoşunların möcüzəli igidliklərini sevinclə xatırlayıram”.
1829-cu ildən başlayaraq Rusiya hökuməti Kəngərli süvarilərini Şərqi Avropa ölkələrinə hərbi xidmətə də aparmış və onların cəsurluğu həmin dövlətlərin hökmdarlarının – çar hərbi dairələrinin diqqət mərkəzində olmuşdur. İstər xanlıq dövründə, istərsə də Naxçıvan xanlığının Rusiya tərəfindən işğalından sonra da Naxçıvan süvariləri əvvəlki döyüş hünərlərini qoruyub saxlamışlar.
Azərbaycanın hərb tarixinə altı igid general bəxş etmiş Kəngərli nəslinin nümayəndələri şücaətləri ilə ad-san qazanmış, sayı-hesabı olmayan müxtəlif orden və medallarla təltif olunmuşlar. Həmçinin general-mayor Ehsan xanın iki oğlu – general-leytenant İsmayıl xanın, Kalbalı xanın adlarının Moskvanın Kreml sarayının Müqəddəs Georgi zalında mərmər lövhələr üzərinə qızıl hərflərlə həkk olunması da azərbaycanlı hərbçilərin şücaətlərinin yüksək dəyərləndirilməsinin göstəricisidir.

Rusiya və Azərbaycan xalqlarının yaddaşında bu günədək əsl qeyrət, hünər və sədaqət rəmzi kimi qalan generallardan biri də görkəmli Azərbaycan sərkərdəsi Hüseyn xan Naxçıvanskidir. Naxçıvanda doğulan, ilk təhsilini burada alan Hüseyn xan faciəli bir tale yaşamış, ömrünün qalan hissəsini isə qürbətdə Rusiya hərb elminə həsr etmiş çox mahir bir hərbçi olmuşdur. Atası general II Kalbalı xan oğlunu hərbçi kimi görmək istədiyindən Hüseyn xanı imperatorun himayəsində olan və Rusiyanın ən mötəbər, zadəgan nəsillərinin oğullarının təhsil aldığı Peterburqdakı Paj korpusunda oxumağa göndərmiş, o, həmin məktəbi əla qiymətlərlə bitirdikdən sonra rus ordusunda hərbi xidmətə başlamışdır. Süvari alayındakı 20 illik hərbi xidməti zamanı Hüseyn xan kornetdən ən böyük hərbi rütbəyə, Əlahəzrətin general-adyutantı rütbəsinədək yüksəlmişdir. Rus-yapon savaşında qafqazlılardan təşkil olunmuş 2-ci Dağıstan süvari alayına, müharibədən sonra isə rus ordusunun qocaman və şöhrətli alaylarına Nijeqorodsk draqun və Leyb-qvardiya süvari alaylarına rəhbərlik etmişdir. Birinci Dünya müharibəsi ərəfəsində Hüseyn xan 2-ci süvari diviziyasının komandiri təyin edilmiş, ona general-leytenant rütbəsi verilmişdir. Qafqaz müsəlmanlarından təşkil edilmiş, “Vəhşi diviziya” kimi tanınan diviziya və polyaklardan təşkil olunmuş süvari diviziya ona tabe olmuşdur.
Hüseyn xan Naxçıvanskinin döyüşlərdə göstərdiyi şücaətə görə aldığı orden və medalların sayı-hesabı yoxdur. O, Rusiya imperiyasının 20 mükafatı və 9 xarici ordenlə təltif olunmuşdur. Hüseyn xan Rusiya ordusunun sayca az olan o generallarından idi ki, 1917-ci il inqilabını tanımadı.
Hüseyn xan Kalbalı xan oğlu Naxçıvanski 1919-cu ildə Petro­qradda bolşeviklər tərəfindən həbs olunmuş və güman edilir ki, güllələnmişdir, lakin onun dəfn yeri məlum deyil. Amma tarix bu əfsanəvi sərkərdəni unutmadı. Rus və Azərbaycan xalqının yaddaşında bu günədək əsl qeyrət, kişilik, hünər və sədaqət rəmzi kimi qalan Hüseyn xan Naxçıvanskinin şərəfli adı qəlbimizdə daim yaşayır.

Kəngərlilər nəslinin nümayəndələri yalnız hərbi işlə məşğul olmamış, həmçinin onların çox böyük torpaq sahələri və mülkləri olmuşdur. Xanlıqlar dövrünün əsas cəhətlərindən biri də iqamətgahların və onun müvafiq istehkamı kimi saray komplekslərinin yaradılması olmuşdur. Məhz möhtəşəm Xan sarayının 1780-ci ildə Kalbalı xan Kəngərli tərəfindən inşa etdirilməsi də Kəngərli nəslinin dövlətçilik ənənələrinin bir göstəricisidir. Naxçıvan xanlığı ləğv edildikdən sonra bir sıra məqsədlər üçün istifadə olunan bu sarayda Kəngərli süvarilərinin komandanlığı yerləşdirilib, 1918-1920-ci illərdə Naxçıvan Milli Müdafiə Şurasının qərargahı buraya köçürülüb.
Azərbaycanın milli dövlətçilik tarixində Naxçıvan xanlığının tutduğu xüsusi mövqeyi nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə “Xan Sarayı” Dövlət-Tarix Memarlıq Muzeyi kimi fəaliyyətə başlayıb. Muzeyin daimi ekspozisiyası formalaşdırılarkən Azərbaycanın hərb tarixində xüsusi xidmətləri olan Kəngərli sülaləsinin görkəmli nümayəndələrinə həsr olunmuş guşələr yaradılmışdır. Bu nəslin adlı-sanlı hərbçiləri, elm və mədəniyyət xadimləri, qadın şairələri ilə yanaşı, general Hüseyn xan Naxçıvanskiyə də aid maraqlı guşələr yaradılmış, onun həyatı və hərbi fəaliyyəti ilə bağlı materiallar nümayiş etdirilərək muzeyə gələn tamaşaçılara təbliğ edilməkdədir. Muzeydə görkəmli sərkərdəyə aid arxiv materialları və sənədli məlumatlar da nümayiş olunur.
Hüseyn xan Naxçıvanskinin hərbi fəaliyyəti ilə bağlı nadir tarixi fotolar, rəssam Rəfael Qədimovun yağlı boya ilə çəkdiyi Hüseyn xan Naxçıvanskinin portreti və digər qiymətli eksponatlar ekspozisiyada öz əksini tapmışdır.
Həmçinin görkəmli sərkərdənin ailə üzvlərinə aid materiallar da muzeydə nümayiş olunur. Bu materiallardan Hüseyn xanın atası II Kalbalı xan Naxçıvanskinin, bacısı Zərrintac xanımın, oğlu Nikolay Naxçıvanskinin fotoları, eyni zamanda müəllifi Müsəllim Həsənov olan 117 səhifədən ibarət “Qərib məzarlar” adlı kitab-albomu da qeyd etmək olar. Kitab-albomda Hüseyn xanın qızı Tatyana Hüseynova Martinovanın qəbrinin təmirdən sonrakı fotosu və onun haqqında qısa məlumat verilmişdir.
Naxçıvanski generalları sülaləsinin nümayəndəsi Hüseyn xan Naxçıvanskiyə həsr olunmuş “Əlahəzrətin General-Adyutantı” kitabı da guşədə yer alıb. Əsərdə Hüseyn xan Naxçıvanskinin 34 illik hərbi fəaliyyəti ilə sıravi hərbçidən general-adyutant səviyyəsinə çatmasının səbəbləri və mahiyyəti bütün fəlsəfəsi ilə açıqlanmışdır.
Ekspozisiyada Hüseyn xanın İmperator Rusiyasının ordusunda 15 illiyinin tamam olması münasibətilə 3-cü dərəcəli “Müqəddəs Anna” ordeni ilə mükafatlandırılması, İran şahının təqdimatı ilə ulduz və almazlarla bəzədilmiş İranın 2-ci dərəcəli “Şir və Günəş” ordenini qəbul etmək və yaxasında daşımaq ixtiyarının verilməsi ilə bağlı maraqlı məlumatlar da yer almışdır.
Rusiya imperiyasında böyük nüfuz sahibi olmuş görkəmli azərbaycanlı sərkərdə Hüseyn xan Naxçıvanskinin 34 illik hərbi fəaliyyəti haqqında çəkilmiş “Qayıdış” sənədli filmi də muzeydə nümayiş olunan eksponatlar arasındadır. Film Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə lentə alınmışdır. Filmin çəkilişləri Naxçıvanda, Bakıda, Sankt-Peterburqda aparılmış və arxiv materiallarından geniş istifadə olunmuşdur. Film Azərbaycan və rus xalqları arasındakı mədəni, tarixi bağların keçmişi və bu günü baxımından çox əhəmiyyətlidir.
Xatirəsi bu gün də Rusiyada və Azərbaycanda əziz tutulan Hüseyn xan Naxçıvanski ona görə dəyərli və qiymətlidir ki, o, böyük sərkərdə olmaqla yanaşı, eyni zamanda cəsur insan və sədaqətli əsgər idi. Belə insanlar isə mütləq xatirələrdə yaşamalı, adları daim xatırlanmalıdır: dünənimiz, bu günümüz və gələcəyimiz üçün...

General Hüseyn xan Naxçıvanski irsinin yaşadılmasında, gənclərdə hərbi- vətənpərvərlik tərbiyəsinin formalaşmasında muzey öz fəaliyyətini uğurla davam etdirir. Hərb tariximizin fəxri olan Hüseyn Naxçıvanskinin həyatı, igidliyi gəncliyimiz üçün əsl nümunədir.

Zülfiyyə ƏLİYEVA
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin baş fond mühafizi-elmi işçi

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR