04 Avqust 2020, Çərşənbə axşamı

İyulun 14-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs, Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu həlak olub, rayonun Dondar Quşçu kəndinin ərazisinə mərmi düşməsi nəticəsində bir fərdi evə və üç həyətyanı torpaq sahəsinə ziyan dəyib. İşğalçı dövlət tərəfindən azərbaycanlı mülki əhalinin, onların əmlakının məqsədyönlü şəkildə hədəfə alınması, ağır silahlardan atəşə tutulması ermənilərin faşizm xislətinin təzahürüdür.

Ermənistan mütəmadi olaraq belə cinayət aktları törədir, amma dünya hələ də susmağında, seyrçi mövqedə dayanmağında davam edir. Məhz bu seyrçilik cəbhə xəttində atəşkəsin Ermənistan tərəfindən pozulmasına, mülki əhalinin qətlə yetirilməsinə rəvac verir. Tarixə XX əsrin ən dəhşətli soyqırımı kimi daxil olan Xocalı faciəsi əgər bu günə qədər dünyaya haray salıb, ədalətli yanaşma gözləyirsə, nə qədər ki, bu soyqırımı aktı hüquqi-siyasi qiymətini hələ də almayıb, ermənilər bu vəhşi əməllərindən əl çəkməyəcəklər. Ey ədalətdən dəm vuran bəzi beynəlxalq təşkilatlar və ölkələr, cinayətkar, terrorçu Ermənistanı öz adı ilə çağırmağınızın zamanı çoxdan çatıb. Məlumdur ki, 1992-ci ildə Xocalıya hücumdan əvvəl, fevralın 25-də şəhər toplardan və ağır zirehli texnikalardan atəşə tutulmuş, nəticədə böyük dağıntılar və yanğınlar baş vermişdi. Fevralın 25-dən 26-sına keçən gecə isə şəhər tamamilə alova bürünmüşdü. Şəhəri yerlə-yeksan edən erməni silahlı dəstələri dinc əhaliyə misli görünməmiş divan tutmuşdu. Bu qırğın nəticəsində 613 nəfər həlak olmuş, 8 ailə tamamilə məhv edilmişdi. Ermənilər sağ qalmış insanlara işgəncələr vermiş, başlarının dərisini soyub, uşaqların gözlərini çıxarmışdılar. Bu, insanlığa sığmayan hərəkət, analoqu olmayan vəhşilik, qanlı cinayət idi.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə açıqlamasında bildirib.

V.Rəhimzadə bir məqamı da xüsusi qeyd edib ki, mülki şəxslərin, onların əmlakının düşmən tərəfindən məqsədyönlü şəkildə hədəfə çevrilməsi 2016-cı il Aprel döyüşləri zamanı da yaşanmışdı. Ermənilər yaşayış məntəqələrini ağır silahlardan davamlı şəkildə atəşə tutmaqla yanaşı, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məkanının infrastrukturuna ciddi ziyan vurmuşdular. Yaşananlar bir daha bu reallığı ortaya qoyur ki, döyüş meydanında məğlub olan Ermənistan şəhərlərə və kəndlərə hücum çəkmək kimi məkrli siyasətindən istifadə edir. Beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan işğalçı dövlət bu cür əməlləri ilə beynəlxalq humanitar hüququ kobud şəkildə pozur.

Baş redaktor işğalçı dövlətə bu günə qədər heç bir beynəlxalq sanksiyanın tətbiq olunmamasının belə vəhşiliklərə yol açdığını bildirərək deyib: “Dünya birliyi artıq bu reallığı qəbul etməlidir ki, bir cinayətin cəzasız qalması digər cinayətlərə səbəb olur. Beynəlxalq qurumların qərar və qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistana artıq sanksiyaların tətbiq olunması zamanıdır. Dünyanı bürüyən pandemiyaya qarşı mübarizənin aparıldığı bir vaxtda işğalçı dövlətin bu təxribatları birmənalı qarşılana bilməz. Düşünürük ki, beynəlxalq təşkilatlar, o cümlədən münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu işğalçını adı ilə çağırmaq üçün tərəddüd etməyəcək. Çünki işğalçılıq, faşizm siyasəti göz önündədir. Növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin mülki şəxsləri, yaşayış məntəqələrini məqsədli şəkildə hədəfə götürməsi bəşəri cinayətdir. Beynəlxalq təşkilatlar, dünyanın böyük və nüfuzlu dövlətləri Ermənistana “dur!” deməklə həm beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasını təmin edər, həm də özlərinə qarşı inam formalaşdırarlar. Bu gün görünən odur ki, beynəlxalq birlik terrorizmə, işğalçılıq və təcavüzkar siyasətə qarşı mübarizədə daha fəal olmağa çağırış edib, yalnız bu halda belə təhdidlərin qarşısını almağın mümkünlüyünü bildirsə də, çox təəssüflər olsun ki, qərarlar kağız parçası olaraq qalmaqdadır”.