Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan milli mətbuatı­nın 145 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, Mətbuat Şurası və “Şərq qapısı” qəzetinin birgə təşkilatçılığı ilə “Naxçıvan mətbuatı: dünən və bu gün” mövzusunda onlayn elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq milli mətbuatımızın yubileyinin qeyd olunmasının ümummilli lider Heydər Əliyevin 1990-cı ilin 22 iyulunda Naxçıvana gəlməsi, muxtar respublikamız, ümumilikdə ölkə­miz üçün xilas, nicat günü olan, dövlət müstəqilliyimizin əsasının qoyulduğu tarixi günə təsadüf etdiyini vurğulayıb. O, milli mətbuatımızın yaranmasının 145 illiyi ilə əlaqədar ölkə Prezidenti və Ali Məclis Sədri tərəfindən imza­lanan sərəncamların əhəmiyyətindən bəhs edib.
“Ümummilli liderimiz Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda çıxış edən akademik İsmayıl Hacıyev bildirib ki, çoxəsrlik tarixə və zəngin ənənələrə malik Azərbaycan milli mətbuatının müstəqillik illərindəki inkişafı, ölkəmizdə söz, fikir, mətbuat azadlığına nail olunması, bilavasitə, dünya şöhrətli siyasətçi Heydər Əliyevin adı ilə bağlıdır. Akademik vurğulayıb ki, ulu öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkədə mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində də ardıcıl işlər görülüb. Məhz ümummilli liderin uzaqgörənliyi sayəsində ölkə mətbuatında söz, fikir və əqidə azadlığının təmin olunması üçün müvafiq qanunvericilik aktlarında dəyişikliklər aparılıb, Azərbaycan beynəlxalq konvensiya və sazişlərə qoşulub. Təqdirəlayiq haldır ki, bu müdrik siyasət hazırda ölkəmizdə uğurla davam etdirilir, mətbuat dövlət siyasətinin güzgüsünə, cəmiyyətin düzgün istiqamətləndirici qüvvəsinə çevrilib.
Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev “Muxtar respublikada jurnalistika ixtisası üzrə kadr hazırlığının uğurlu təşkili jurnalistikanın inkişafına xidmət edir” mövzusundakı çıxışında qeyd edib ki, 2001-ci ildən universitetdə fəaliyyətə başlayan Jurnalistika ixtisası, 2002-ci ildən fəaliyyət göstərən Jurnalistika və kitabxanaçılıq kafedrası ali təhsilli jurnalist kadrların yetişdirilməsi üçün mühüm əhəmiyyət daşıyır. Həmçinin ali təhsil ocağında bu sahə üzrə tələbələrin peşəkar səviyyədə hazırlanmasında fundamental praktik baza rolu oynayan müxtəlif qurumlar – “Qeyrət” nəşriyyatı, universitet televiziyası, “Nuh­çıxan” radiosu, Mətbuat şöbəsi mövcuddur ki, bu qurumlar Azərbaycan ali təhsil sistemində analoqu olmayan Media Mərkəzi şəklində cəmləşib.
Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov “Naxçıvanda medianın inkişafına hərtərəfli dövlət qayğısı göstərilir” mövzusunda çıxış edərək bildirib ki, uğurlu media siyasəti nəticəsində muxtar respublikanın kütləvi informasiya vasitələri fəaliyyətini genişləndirib, mətbuatın inkişafı sahəsində mühüm nailiyyətlər əldə edilib. 2005-ci ildə Naxçıvan Mətbuat Şurasının, 2007-ci ildə isə Televiziya və Radio Şurasının yaradılması bu sahənin inkişafını keyfiyyətcə yeni mərhələyə yüksəldib. Həmçinin ötən il Naxçıvan Mətbuat Şurasının Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv seçilməsi naxçıvanlı jurnalistlərin Naxçıvan mətbuatının dünya mediasının tərkib hissəsi olaraq daha da inkişaf etməsinə yeni imkanlar açıb. Bundan başqa, 2010-cu ildə “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni binanın istifadəyə verilməsi və müasir maddi-texniki təchizat qəzetlərin yüksək poliqrafik keyfiyyətlə nəşrinə şərait yaradıb. Hazırda muxtar respublikada “Şərq qapısı” ilə yanaşı, 8 şəhər və rayon qəzeti, universitet televiziya və radiosu da daxil olmaqla, 3 televiziya, 3 radio və 6 nəşriyyat fəaliyyət göstərir, kütləvi informasiya vasitələrində 400-dən artıq əməkdaş çalışır və onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar.
“Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova “Naxçıvanda mətbuatın inkişafı zəngin ənənələrə və demokratik prinsiplərə əsaslanır” mövzusunda çıxış edərək vurğulayıb ki, bir əsrə yaxın tarixə malik, böyük qəzetçilik məktəbi kimi formalaşan “Şərq qapısı” XX əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyimizin əldə olunmasına və dövlətçiliyimizin möhkəmləndirilməsinə öz layiqli töhfələrini vermişdir. Qəzet Sovetlər Birliyində nəşr olunan ilk müstəqil mətbuat orqanı kimi tarixə düşmüşdür. Qeyd olunub ki, bu gün muxtar respublikamızda nümunəvi mətbuatın fəaliyyəti üçün hər­tərəfli şərait yaradılmışdır. Qəzet www.serqqapisi.az saytı vasitəsilə dünyanın Naxçıvanla bağlı informasiya tələbatını ödəməkdədir.
Naxçıvanda jurnalistikanın müasir inkişafından danışan baş redaktor vurğulayıb ki, Ali Məclis Sədrinin 2019-cu il 19 sentyabr tarixli Fərmanı ilə Ali Məclisin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması Naxçıvanda medianın inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Bir əsrə yaxın şərəfli inkişaf yolu keçən, muxtar respublika mətbuatı diyarımızın tarixinin salnamələşdirilməsi üçün bundan sonra da var qüvvəsini əsirgəməyəcək.
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Şərqi-Rus” qəzeti və Naxçıvan ədəbi mühiti” mövzusunda çıxış edərək bildirib ki, böyük naşir Məhəmməd ağa Şahtaxtlı 1903-cü il martın 30-da əsrin ilk anadilli mətbuat nümunəsi sayılan “Şərqi- Rus” qəzetinin nəşri ilə Azərbaycanın ictimai fikir və milli mətbuat tarixində mühüm mərhələnin əsasını qoydu. O zaman Azərbaycanda mətbuat sahəsində çalışan olmadığı üçün Məhəmməd ağa Şahtaxtlı bu işdə varlığı ilə bağlı olduğu doğma Naxçıvandakı həmyerlilərinin gücündən daha çox istifadə etməyə çalışırdı. Qəzet öz səhifələrində Naxçıvan hadisələrinə geniş yer verdiyi kimi, ədəbi mühitə də qayğı göstərir, nəzm və nəsr yazanları həvəsləndirirdi.
Sonra məruzələr ətrafında çıxışlar olub. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev konfransın yekununda mətbuatın inkişafına göstərilən qayğıya görə iştirakçılar adından dövlətimizə minnətdarlığını bildirib.
Qeyd edək ki, onlayn elmi konfransda AMEA Naxçıvan Bölməsinin əməkdaşları, muxtar respublikanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və nümayəndələri, Naxçıvan Dövlət Universitetinin Jurnalistika və kitabxanaçılıq kafedrasının müəllim və tələbələri iştirak ediblər.

 Nail ƏSGƏROV