04 Avqust 2020, Çərşənbə axşamı

 

Müharibənin qızğın dövründə belə doğma yurdunu tərk etməyən Tovuzun Ağdam kəndinin sakinləri Ermənistan silahlı qüvvələrinin təxribatlarından qorxmur və mərd-mərdanə yaşayırlar. Son günlər düşmənin törətdiyi təxribata Azərbaycan əsgərinin tutarlı cavab verməsi isə onların ruh yüksəkliyini daha da artırıb.

Cəbhə xətti bu kəndin lap yaxınlığından keçir. Düşmən kəndi tez-tez atəşə tutur. Sonuncu təxribat isə bu günlərə təsadüf etdi. Ermənistan silahlı qüvvələri iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən hücumunun qarşısını alarkən 4 hərbçimiz şəhid olub. Daha sonra Tovuzun Ağdam və Dondar Quşçu kəndləri 120 millimetrlik minaatanlardan və D-30 topundan atəşə tutulub.

Kənd sakinlərinə heç bir ziyan dəyməsə də, yerli əhalinin hədəfə alınması düşmənin niyyətini açıq-aydın göstərir. Azərbaycan əsgərinin erməni təxribatına qarşı sərt cavab tədbirləri görməsi uzun çəkmədi. İyulun 13-də düşmənin atəş mövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc yeri, tank, zirehli transportyor, 20-dən çox şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu bölmələrimizin dəqiq atəşi ilə darmadağın edildi.

Ağdam sakinləri ön xətdə keşik çəkən əsgərlərimizə sonadək güvənirlər. Onlar qızğın döyüşlərin getdiyi vaxtlarda belə kəndi tərk etməyi ağıllarına gətirməyiblər. Əksinə, hər zaman ordumuza dəstək olurlar. Son təxribat zamanı da kənd sakinlərinin əsgərlərimizə dəstək nümayiş etdirməsinin bir daha şahidi olduq.

Ağır artilleriyanın hədəfi olan, düşmən postu ilə üz-üzə dayanan kənddə həyat öz axarında davam edir.