04 Avqust 2020, Çərşənbə axşamı

Naxçıvan şəhərindəki “Sarvanlar” məscidində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə dini icma rəhbərlərinə və din xadimlərinə pulsuz geyimlər verilib.

 238 dini icma rəhbərinə və din xadiminə geyimlərin təqdim olunduğu tədbirdə Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev dövlət-din siyasətindən danışıb. Bildirib ki, muxtar respublikada 212 məscid və 18 dini icma fəaliyyət göstərir. Bu gün muxtar respublikada dini yas mərasimlərində din xadimlərinin geyim formasında olmasına və həmin tədbirlərin yüksək səviyyədə aparılmasına ciddi nəzarət edilir.

Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri Sahib Məmmədov din xadimlərinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. O, din xadimlərinə dövlət vəsaiti hesabına geyimlərin verilməsini muxtar respublikada dövlətin dinə və dindarlara göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirib.

Xəbərlər şöbəsi