04 Avqust 2020, Çərşənbə axşamı

Dünyada elə şəxsiyyətlər var ki, onların həyatından, taleyindən, fəaliyyətindən yazmaq üçün bütöv bir xalqın, ölkənin tarixini yazmaq lazım gəlir. Ümummilli liderimiz Heydər Əliyev məhz belə nadir şəxsiyyət, xoşbəxt insan idi. XX əsrin 30 ili Azərbaycan tarixi üçün Heydər Əliyev dövrü olmuşdur. Ulu öndər Azərbaycan milli tarixində özünəməxsus yer tutan elə dühadır ki, onun zəngin irsi hələ uzun müddət politoloqların, filosofların, tarixçilərin və tədqiqatçıların diqqət mərkəzində olacaqdır. O, Azərbaycan xalqının müstəqillik mübarizəsindəki misilsiz xidmətləri ilə hələ sağlığında canlı əfsanəyə çevrilmiş, bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmışdı. 1969-cu ildə ulu öndər Heydər Əliyev ölkəmizə rəhbər seçiləndə Azərbaycan ozamankı SSRİ-nin ən geridə qalmış respublikası idi. 1971-ci ildə isə Azərbaycan inkişafın sürətinə görə SSRİ-də ən qabaqcıl bir respublikaya çevrildi.

Görkəmli dövlət xadimi ölkəmizə rəhbərliyinin birinci dövründə – 1969-1982-ci illərdə Azərbaycanı Sovetlər Birliyinin ən geridə qalmış aqrar respublikasından ən inkişaf etmiş sənaye-aqrar respublikasına çevirərək bugünkü müstəqilliyimizin təməlini qoymuşdur. O, Azərbaycanın xammal istehsalçısından müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevrilməsi üçün mühüm tədbirlər həyata keçirmişdir ki, həmin illərdə ölkəmizin müxtəlif regionlarında yaradılmış yeni müəssisələr bu gün də iqtisadiyyatın güclü sənaye kompleksinin formalaşmasına əsaslı zəmin yaradır. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın rəhbəri seçilməsindən sonra respublikanın iqtisadi, ictimai-siyasi, mədəni tarixində yeni bir dövr başlanmışdır. Dahi şəxsiyyət milləti, milli düşüncəni oyatmış, güclü iqtisadi potensial yaratmışdır. Ulu öndər Heydər Əliyev o dövrü belə xarakterizə edirdi: “Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi”.

Qeyd etmək lazımdır ki, ulu öndərin Azərbaycanda hakimiyyətdə olduğu 1969-1982-ci illərdə respublikamızda 213 yeni iri sənaye müəssisəsi istismara verilmiş, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunmuşdu. Həmin illər ərzində Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artmışdır. Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına 15 mindən çox azərbaycanlı oğlan və qız təhsil almağa göndərilmişdir. Bu, Heydər Əliyev siyasi müdrikliyinin və uzaqgörənliyinin göstəricisi, gələcək müstəqil Azərbaycanın inkişafı istiqamətində atılan mühüm addımlar idi. 1970-ci ildə mütəxəssislər qeyd edirdilər ki, son 100 ildə 1 milyard ton neft istehsal etmiş, İkinci Dünya müharibəsi illərində SSRİ-nin neftə olan ehtiyacının 75 faizini vermiş Azərbaycanın neftayırma zavodları hələ çar dövründə inşa edildiyinə görə müasir tələblərlə ayaqlaşmır. Bu məqamdan məharətlə istifadə edən ulu öndər SSRİ Nazirlər Soveti qarşısında məsələ qaldırmış və Bakıdakı bütün neftayırma müəssisələrinin tamamilə yenidən qurulmasına, bir çoxunun isə yenidən tikilməsinə nail olmuşdur. Bununla yanaşı, 70-ci illərdə Bakıda, Naxçıvanda, Xankəndidə Gəncədə, Mingəçevirdə, Lənkəranda, bir-birinin ardınca elektronika, elektrotexnika, radiotexnika, cihazqayırma, dəzgahqayırma zavod və müəssisələri tikilib istifadəyə verilmişdir. 1970-1982-ci illərdə Azərbaycandakı fabrik, zavod və digər sənaye-istehsal müəssisələrinin sayı əvvəlki illərdə tikilən müəssisələrin sayından qat-qat çox idi. Həmin illərdə görkəmli dövlət xadimi Heydər Əliyevin bilavasitə göstərişi və rəhbərliyi ilə Azərbaycanda 52 memarlıq abidəsində bərpa işləri aparılmış, 650-dən çox tarix və mədəniyyət abidəsinin pasportu hazırlanmışdı.
Ötən əsrin 70-80-ci illərində dahi şəxsiyyət tərəfindən atılan ən mühüm addımlardan biri də milli hərbçi kadrların hazırlanması sahəsində qəbul etdiyi tarixi qərarlar və bunun nəticəsi olaraq Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılmasıdır. O dövrdə yüzlərlə azərbaycanlı gəncin keçmiş Sovetlər Birliyində mövcud olan qabaqcıl ali hərbi məktəblərə və hərbi akademiyalara təhsil almağa göndərilməsi müstəqil dövlət quruculuğu istiqamətində atılan mühüm addımlardan biri idi. Vurğulamaq lazımdır ki, ümummilli liderimizin 70-ci illərdə başladığı hərbi quruculuq prosesi ikinci dəfə müstəqillik qazanan Azərbaycan Silahlı Qüvvələrinin zabit heyətinin formalaşmasında müstəsna rol oynamışdır.
Azərbaycan xalqının böyük oğlu 1969-1982-ci illər müstəqil dövlətçiliyimiz üçün həyati əhəmiyyət kəsb edən milli kadrların hazırlanmasında mühüm baza rolunu oynayan elmin, təhsilin inkişafına da xüsusi diqqət yetirmişdir. Təsadüfi deyil ki, həmin illər həm də Azərbaycanda elm və təhsilin inkişaf dövrü kimi xatırlanır. Əgər 1969-cu ildə Azərbaycanda 765 orta məktəbdə ildə 73 min şagird təhsil alırdısa, 1981-ci ildə 335 min şagirdi əhatə edən 2625 məktəb və günü uzadılmış qrup fəaliyyət göstərirdi. Ümummilli liderimizin hakimiyyətinin birinci dövründə ali məktəblərdə 100-dən artıq ixtisas açılmış, 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradılmışdır. Həmin dövrdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil almışdır. Onların əksəriyyəti bu gün müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin, təhsilinin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində fəal iştirak edirlər. Buradan da göründüyü kimi, XX əsrin 70-80-ci illərində ulu öndərimizin rəhbərliyi altında təhsil müəssisələrinin zəngin şəbəkəsinin yaradılması və onların maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənarda yüksəkixtisaslı mütəxəssislərin, o cümlədən hərbi kadrların yetişdirilməsi gələcək dövlət müstəqilliyimiz üçün zəruri intellektual potensial yaratmışdır.
Ümummilli lider Heydər Əliyev milli kimliyimizi yaşadan ana dilimizin inkişafını da xüsusi diqqət mərkəzində saxlamış, Azərbaycana fikir plüralizmi, demokratik və azad düşüncə tərzi, güclü sosial ədalət və milli özünüdərk gətirmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, ulu öndər 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndə bütün SSRİ məkanında rus dili hakim və rəsmi dil idi. Xalqımızın böyük oğlu tarixdə misligörünməmiş böyük cəsarət, siyasi müdriklik nümayiş etdirmiş, Azərbaycan Dövlət Universitetinin 50 illiyinə həsr olunan təntənəli toplantıda Azərbaycan dilində çıxış edərək ana dilimizə, milli dəyərlərimizə sahib çıxacağını nümayiş etdirmişdir. Dahi rəhbər yüksək səviyyəli digər yığıncaqlarda, konfranslarda, dövlət səviyyəsində aparılan tədbirlərdə ana dilində parlaq çıxışlar edərək özünə böyük hörmət və məhəbbət qazanmışdı. 1978-ci il aprel ayının 2-də doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Azərbaycan rəhbərinin təklifi ilə Konstitusiyanın 73-cü maddəsini aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Həmin dövrdə belə bir addımın atılması böyük risk idi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “1969-cu il iyulun 14-də hakimiyyətə gələn 46 yaşlı dövlət təhlükəsizlik orqanı generalı və güclü siyasi iradə sahibi olan möhtərəm Heydər Əliyev Azərbaycanı böyük bir imperiyanın tərkibində milli varlığını itirməkdən qorumalı, heç bir əsas olmadan tarixi torpaqlarımızın Ermənistana güzəştə gedilməsinin qarşısını almalı, iqtisadiyyatı dirçəltməli, sosial ədalətsizliyi aradan qaldırmalı, bir sözlə, xalqı yaşatmalı idi. Bununla yanaşı, təhsil, mədəniyyət və sosial sahədə də öz həllini gözləyən ciddi problemlər yığılıb qalmışdı. Ulu öndərimizin Azərbaycan naminə fəaliyyətinin bu mərhələsi qeyd olunan problemlərin qısa müddətdə aradan qaldırılmasına, dərin köklərə və qədim mədəniyyətə malik olan xalqın tarixi yaddaşının, torpağa sahiblik hissinin bərpasına, bununla birlikdə Azərbaycanın özünə qayıdışına hesablanmışdı”.
XX əsrin 70-ci illərində görülən məqsədyönlü işlər nəticəsində Naxçıvan Muxtar Respublikası da sürətlə inkişaf etməyə başlamışdır. Bu, bir faktdır ki, 1970-ci illərə qədər Naxçıvan Azərbaycanın digər bölgələrinə nisbətən xeyli geridə qalırdı və sənaye məhsulunun artım sürətinə görə keçmiş SSRİ-nin muxtar respublikaları arasında axırıncı yerlərdə qərar tuturdu. Bu geriliyin aradan qaldırılmasında və Naxçıvanın inkişaf yoluna çıxmasında ulu öndərin birbaşa göstərişi və rəhbərliyi ilə hazırlanmış Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin “Naxçıvan MSSR-in xalq təsərrüfatının daha da inkişaf etdirilməsi tədbirləri haqqında” 1974-cü il 8 yanvar tarixli Qərarının mühüm rolu olmuşdur. Sənəddə muxtar respublikanın sosial-iqtisadi, mədəni inkişafının təmin edilməsi üçün müvafiq orqanlar qarşısında konkret vəzifələr qoyulmuş, onların icra müddəti müəyyənləşdirilmişdir. Nəzərdə tutulmuş bütün vəzifələr vaxtında yerinə yetirilmiş, aparılan kompleks tədbirlər sayəsində 1970-1982-ci illərdə muxtar respublikanın sənaye potensialı, təxminən, üç dəfə artmışdır. Həmin illərdə Araz çayı üzərində iri su anbarı və elektrik stansiyası, habelə 16 iri sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir. Bütün bu genişmiqyaslı quruculuq fəaliyyəti nəticəsində Naxçıvan Muxtar Respublikasında sənaye məhsulunun ümumi həcmi 1985-ci ildə 1970-ci ilə nisbətən 4,6 dəfə artmışdır. Ulu öndərin o vaxt Naxçıvanın elektrik enerjisinə olan tələbatının ödənilməsi üçün atdığı addımlar muxtar respublikanın gələcək taleyində mühüm rol oynamışdır. 1990-cı illərin əvvəllərində Naxçıvan Ermənistan tərəfindən blokadaya alınarkən muxtar respublika əhalisi məhz həmin enerji mənbələri hesabına qarşılaşdıqları çətinliklərə müəyyən qədər sinə gərə bilmişdir.
Ötən əsrin 90-cı illərinin əvvəllərində, ölkəmizin vətəndaş müharibəsinə, hərc-mərcliyə, xaos və anarxiyaya sürükləndiyi zamanda ümummilli liderimiz növbəti dəfə canı qədər sevdiyi Azərbaycanı xilas etmiş, Naxçıvandan başlanan qurtuluş mübarizəsi Azərbaycanın əbədi müstəqilliyinə təminat vermişdir. 1990-1993-cü illərdə dahi şəxsiyyətin Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi muxtar respublikanın təhlükəsizliyinin təmin edilməsinə səbəb olmaqla yanaşı, milli dövlətçiliyimizin qorunması və inkişaf etdirilməsi istiqamətində də mühüm tədbirlərin həyata keçirilməsi ilə tarixə yazılmışdır. Belə ki, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin 1990-cı il noyabrın 17-də keçirilən 12-ci çağırış birinci sessiyasında “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edilmiş, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunmuşdur. Həmçinin Naxçıvan Muxtar Respublikasının ali qanunvericilik orqanının da adı dəyişdirilmiş, muxtar respublikanın ictimai-siyasi həyatına yeni ab-hava gətirilmişdir.1993-cü ilin yayında ölkəmiz milli dövlətçiliyimizin ikinci dəfə məhvolma təhlükəsi ilə üzləşəndə ulu öndər Heydər Əliyev yenidən xalqın təkidli tələbi ilə Bakıya qayıtmış və ali hakimiyyətə bu qayıdış xalqımızın ən yeni tarixinə Vətənimizin xilası kimi yazılmışdır.
Görkəmli dövlət xadiminin uzaqgörən siyasəti nəticəsində ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan vermişdir. 1993-cü ildən sonra ölkəmizdə aparılan dövlət quruculuğu prosesi hərtərəfli inkişaf edən, müasir, demokratik ölkəyə çevrilən qüdrətli Azərbaycan Respublikasının yaradılmasına səbəb olmuşdur. Dahi rəhbərin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan Azərbaycançılıq ideyasını irəli sürməsi, milli birlik meyillərinin daha da dərinləşdirilməsidir. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi milli həmrəyliyə nail olmaq amalının Azərbaycanın dövlət siyasətinin tərkib hissəsinə çevrildiyini nümayiş etdirmişdir. Bir sözlə, 1969-cu ildən başlanan quruculuq xəttinin 1993-cü ildən sonra davam etdirilməsi hərtərəfli inkişaf edən, dünyada söz sahibinə çevrilən müstəqil Azərbaycanın daha da güclənməsinə səbəb olmuşdur.
Bu gün ölkəmizin və muxtar respublikamızın sosial-iqtisadi, elmi və mədəni həyatında gedən proseslərin kökündə fəal yaradıcı gücə malik olan Heydər Əliyev milli dövlətçilik konsepsiyası, inkişafın Heydər Əliyev modeli dayanır. 1969-cu ildən başlanan yolun 1993-cü ildən davamının işığında doğma Naxçıvanımız müasirliyə qovuşmuşdur. Sosial-iqtisadi inkişaf fonunda müasirləşən şəhərlər, kəndlər, yaradılan infrastruktur Naxçıvanı Azərbaycanın ən gözəl, həm də ən çox turistin üz tutduğu diyarına çevirmişdir. Bu gün muxtar respublikada sabitlik hökm sürür, sərhədlərimiz qorunur, torpaqlarımız etibarlı müdafiə olunur. Muxtar respublikada şəhərlə kənd arasındakı fərq aradan qaldırılmışdır. Buna səbəb yaradılan müasir yol infrastrukturu, yurd yerlərimizin abadlaşması, ən ucqar kəndlərimizdə belə, əhalinin müasir texnologiyalardan istifadə etməsi olmuşdur. Naxçıvanda məşğulluq təmin olunmuş, yeni xidmət və istehsal sahələrinin yaradılması iş yerlərinin açılmasına səbəb olmuş, məskunlaşma artmışdır. Muxtar respublikada dövlət gənclər siyasəti uğurla həyata keçirilir, gənc nəslin təhsil və tərbiyəsi qayğısına qalınır. Hər bir Naxçıvan gənci peşəkar mütəxəssis, ən əsası isə Vətənə və dövlətçiliyə bağlı əsl vətəndaş kimi yetişməkdədir.

“Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri vardır. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır!”, – deyən dövlətimizin başçısı cənab İlham Əliyev həyatının amalı Azərbaycançılıq, millət sevgisi, Vətəninin müstəqilliyi, vətəndaşların rifahı, ümumilikdə, xalqına xidmət olan dahi şəxsiyyət Heydər Əliyevin uğurlu siyasətinin, müqəddəs yolunun layiqli davamçısıdır. Məhz buna görə də Azərbaycan çox qısa zamanda dünyanın inkişaf etmiş ölkələri sırasında layiqli yerini tutmuşdur.

“Şərq qapısı”