04 Avqust 2020, Çərşənbə axşamı

ABŞ Azərbaycanlıları Şəbəkəsi Amerika ictimaiyyətini erməni silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonunda törətdiyi provokasiya və Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalı barədə məlumatlandırma kampaniyasına başlayıb.

 Amerika qanunvericilərinə, Tramp Administrasiyasına və kütləvi informasiya vasitələrinə göndərilən müraciətdə iyulun 12-də erməni qüvvələrinin Azərbaycan ordusunun mövqelərinə hücumunun dəf edildiyi bildirilir. Azərbaycan tərəfinin itkilər verdiyi qeyd olunur. Artilleriya hücumu nəticəsində Azərbaycan ordusunun üç hərbi qulluqçusu öz ölkəsinin ərazi bütövlüyünü müdafiə edərkən həlak olub.

Müraciətdə BMT Təhlükəsizlik Şurasının Ermənistandan öz ordusunu Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən 1993-cü il tarixli qətnamələri xatırladılır. Qeyd olunur ki, Ermənistanın Azərbaycana qarşı təcavüz faktı və onun ərazilərinin beşdəbir hissəsinin işğalı özü-özlüyündə beynəlxalq hüququn başlıca prinsiplərinin ciddi şəkildə pozulması deməkdir.

Xatırladaq ki, 1993-cü ilin aprel-noyabr aylarında BMT-nin Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğalını pisləyən, erməni silahlı dəstələrinin bu ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün şərait yaradılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edib. 2008-ci ilin martında BMT Baş Assambleyasının qəbul etdiyi 62/243 saylı qətnamədə beynəlxalq birliyin Təhlükəsizlik Şurasının qətnamələrində ifadə edilən mövqeyi yenidən təsdiqlənib. Müxtəlif ölkələrin və beynəlxalq təşkilatların qanunvericiləri BMT TŞ-nin bu qətnamələrinə əsaslanaraq, erməni işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən onlarca digər qətnamələr qəbul ediblər.

AZƏRTAC