İlin bu gözəl günlərində gəzməli, görməli Naxçıvanımızın hər guşəsi bütün növrağı ilə insanı özünə cəzb edir. Dağlar gözəli Batabatdan xan Araza, Azərbaycanın incisi Ordubaddan qeyrət qalası Sədərəyədək bütün torpaqlarımızda ana təbiətin və insan əlinin yaratdığı füsunkarlıqlar aşıb-daşır, hər qarışda kök salan quruculuq, torpağa, yurda sevgi hissləri öz bəhrəsini verir. Böyük və güclü Azərbaycanın ən qərb nöqtəsi, ölkəmizin qardaş Türkiyəyə və bilavasitə bütün Avropaya çıxış qapısı olan Sədərəyə bir gün gəlsəniz, bəlkə də, dünyanın heç bir yerində qazana bilməyəcəyiniz duyğularla dolu təəssüratlarla evə qayıtmaq mümkündür.
Sədərək haqqında çox deyilib, çoxlu yazılar yazılıb, bu yurdun şöhrətinə nəğmələr qoşulub. Ancaq nədəndirsə, bu torpağa hər gəlişində, sanki yeni bir hekayəyə şahidlik edir, onu yaşadan insanların qulaqyoldaşı olursan. Odur ki, Günəşin qocaman Ağrı dağının ağappaq zirvəsindəki rəng çalarları qədər süslənmiş Sədərəyin keçmişi, bu günü və gələcəyi üçün yaşayıb-yaradan insanları, onların əməyi barədə söhbət açmaq da ürəkdən gələn hissdir.

Vətənimizin hər qarış torpağı qiymətlidir. Ancaq hər dəfə Sədərəkdə olduqda Azərbaycanın bu gözəl diyarına bir daha bağlanır insan. Düşmənlə üzbəüz, cəmi bir neçə yüz metrlik sərhəddəki Heydərabad qəsəbəsinin, Sədərək və Qaraağac kəndlərinin qaynar sosial və təsərrüfat həyatı hələ ilk baxışdaca fərqli bir mənzərə yaradır: Sədərəyin özünəməxsus gözəllikləri vardır.

Sədərək rayonunun müasir sosial-iqtisadi mənzərəsi çox rəngarəngdir. Rayonun təsərrüfatçılıq ənənələri və insanların sosial şəraiti burada ucqardan daha çox mərkəzə məxsus olan bir həyat tərzindən xəbər verir. Sədərəkdə səhər gün çıxmamışdan qaynayan təsərrüfat işlərini, bütün gün ərzində insanların aktiv məşğulluğunun, burada torpağın hər qarışından səmərəli istifadə, istehsal və xidmət sahələrində fəallığı görmək olar. Bölgə əhalisi geniş əkinçilik və bağçılıq ənənələrinə malikdir. Bununla yanaşı, rayonda işğaldan azad edilmiş ərazidə əkilmiş yamyaşıl əkin sahəsinə baxdıqda heç bir çətin işin yurd-torpaq sevgisi qarşısında problem olmadığına bir daha şahid olursan. Belə ki, həyata keçirilən tədbirlər nəticəsində 2010-cu ildən etibarən bu ərazilər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə keçdi. Ötən dövrdə ərazinin minalardan təmizlənməsinə başlanılmış, meliorativ tədbirlər görülmüş, nəzarətə keçən torpaqların 73 hektarı əkin üçün yararlı vəziyyətə gətirilmişdir. 1650 metr məsafədə yerləşən Şirarxı kanalı üzərində qurulmuş yeni nasos stansiyasından əraziyə su verilmiş, eləcə də mövcud 3 subartezian quyusu bərpa olunaraq 2500 metr boru xətti çəkilmişdir. Həmçinin əraziyə yeni elektrik verilişi xətti çəkilərək subartezian nasosları quraşdırılmışdır. Məkrli düşmən mövqelərinə çox yaxın olsa da, böyük cəsarət və qətiyyətlə görülən bu işlər işğal altında qalmış digər Vətən torpaqlarımızın da belə, cənnətməkana çevriləcəyi günün uzaqda olmadığını deyir. Ümumilikdə isə Sədərək rayonu ərazisində bu il 2357 hektardan çox sahədə taxıl, 89 hektar sahədə qarğıdalı əkilib. Rayonda 2992 baş iribuynuzlu, 19127 baş xırdabuynuzlu heyvan bəslənilir. Cari ilin yanvar-aprel aylarında burada 664 min manatdan çox dəyərdə sənaye məhsulu istehsal olunub.
Fəsillərin bu gözəl vaxtında rayon mərkəzi Heydərabad qəsəbəsi öz gül-çiçəyi və səliqə-sahmanı ilə bütün sədərəklilərin mədəni istirahətinin ən gözəl məkanıdır. Qəsəbədə yeni istifadəyə verilmiş 7 mərtəbəli, 48 mənzilli yaşayış binası, uşaq bağçası, habelə sərhədlərimizin keşiyində dayanmış hərbi qulluqçular üçün yenidən qurulmuş əsgəri-yaşayış kompleksi buradakı insanların sosial həyatının keyfiyyətindən xəbər verir. Sədərək rayonunun girişində inşa olunan Bayraq Meydanında ucalacaq üçrəngli bayrağımızın möhtəşəm görüntüsü isə dostlarımızın qəlbində qürur yaradacaq. Ayrıca olaraq Sədərəkdə Bayraq Meydanı ilə yanaşı, tikintisi davam etdirilən radio-televiziya verilişləri stansiyasının inzibati binası və içməli su anbarı burada sürətlə aparılan işlərdəndir.
Modern həyatın mühüm keyfiyyət göstəricilərindən biri insanların keyfiyyətli və təhlükəsiz içməli su təminatıdır. Bu mənada, Sədərəkdə içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi rayonun bütün yaşayış məntəqələrində insanların həyatını kökündən dəyişdirəcək. Bu, xüsusən su ehtiyatları məhdud olan bölgə üçün çox əlamətdardır. Layihəyə uyğun olaraq Heydər­abad qəsəbəsində, Sədərək və Qaraağac kənd­lərində 155 kilometrə yaxın içməli su, 145 kilometrə yaxın isə kanalizasiya xətləri çəkiləcək, 3600-dən artıq su və kanalizasiya ev birləşmələri aparılacaqdır.

Sədərək coğrafi mövqeyinə görə ucqarda olsa da, bu torpaqlar həmişə dövlətimizin diqqət və qayğısı əhatəsindədir. Bura elə bir müqəddəs yerdir ki, tökülən hər damla şəhid qanı, azad olunan hər qarış Vətən torpağı bütün Azərbaycanın göz bəbəyidir. Odur ki, Sədərəkdən ayrılarkən burada yaşayan zəhmətkeş insanlarla əl tutub, bir daha bu qədim Oğuz yurduna gəlmək ümidi ilə sağollaşırıq. Axşama doğru, Günəşin qürub şəfəqlərinin Haçadağın zirvəsinə sancılmağa başladığı vaxt Naxçıvan şəhərinə çatmaq üçün qarşıda bir saat yolumuz var...

 Əli CABBAROV