Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər iyun ayında da davam etdirilib. Xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 3 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barəsində müvafiq tədbir görülmüşdür.

Ötən ay Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə, 80 müraciət daxil olmuşdur. Həmin müraciətlər əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi və yenidən rəsmiləşdirilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, müvəqqətiolma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olmuşdur. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılmış, müvafiq qərarlar qəbul edilmişdir.
Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Miqrasiya Xidmətinin mətbuat xidməti