04 Avqust 2020, Çərşənbə axşamı

Bu gün ölkənin ən tirajlı gündəlik qəzetlərindən biri olan "İki sahil”in ilk nömrəsinin çapdan çıxmasından 29 il ötür. 1991-ci ilin 10 iyulu Azərbaycan mətbuatının sıralarına qoşulan bu nəşr az müddətdə ön sıralarda qərarlaşmağı bacardı. Xüsisilə hadisələrə obyektiv və operativ münasibət qəzetin oxucularının sayını artıran əsas amil oldu. Bu mətbu orqanında siyasətlə yanaşı, iqtisadiyyat, mədəniyyət xəbərlərinin də geniş yer alması oxucuların böyük rəğbətinə səbəb oldu, onların müxtəlif səpkili məktublarının qəzetə yol açmasına stimul verdi.

Daim azadlıq, müstəqillik öz təbii sərvətlərinin əsl sahibinə çevrilmək arzusu ilə yaşayan xalqımız 1991-ci ildə yenidən bu istəyinə qovuşsa da, həmin dövrün iqtidarının yarıtmaz siyasəti, hakimiyyət uğrunda mübarizənin dərinləşməsi Azərbaycan adlı bir dövlətin varlığını şübhə altında qoyurdu. Belə bir çətin dövrdə "İki sahil” qəzeti öz səhifələrində reallıqları olduğu kimi ictimaiyyətə çatdırmaqdan, Azərbaycanın xilaskarının Ulu Öndər Heydər Əliyev olduğunu bəyan etməkdən çəkinmədi.

"İki sahil” qəzeti ilk gündən gələcəyə böyük ümidlə yanaşdı, seçdiyi düzgün yolda inamlı addımlar atmaqla bugünkü uğurlarına stimul yaratdı. "İki sahil” qəzetinə ən böyük qiyməti elə Ümummilli Lider verib. Qəzetin kollektivi heç vaxt bunu yaddan çıxarmır. Ulu Öndər Yeni Azərbaycan Partiyasının yaradılmasının ikinci ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində müstəqilliyimizin ilk illərində yaşanan durumu təhlil edərkən reallıqların təbliğində "İki sahil”” qəzetinin də rolunu yüksək dəyərləndirərək bu sözləri deyib: "O vaxt "İki sahil” qəzeti yaranmışdı. Mən hesab edirəm ki, bu qəzet də çox iş görmüşdür. Bu qəzet indi də Yeni Azərbaycan Partiyasına xidmət edir. Amma o vaxt bu partiya yox idi, lakin "İki sahil” qəzeti çox cəsarətli məqalələr verirdi. Mən təkcə Naxçıvanı götürmürəm, ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının, ziyalılarının fikrini dərc etməkdə bu qəzet yaxşı fəaliyyət göstərmişdir, indi də göstərir. Mən bunu da yüksək qiymətləndirirəm”.

Bu gün "İki sahil”in kollektivinin fəxr etdiyi önəmli məsələ Heydər Əliyev ideyalarına sədaqətlə xidmət etmələridir. Bu ideyalar dövlətin və xalqın inkişaf yoludur və bu yolla getmək bir vəzifə borcudur. Eyni zamanda, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən abadlıq-quruculuq işləri qəzetin daimi mövzularındandır.

Ad günün mübarək, "İki sahil”! Sən daha neçə uğurlu illər yaşayasan və ölkəmizin inkişafına öz töhfələrini verməkdə davam edəsən!

"Azərbaycan" qəzeti