09 İyul 2020, Cümə axşamı

Zirvəsi qarla örtülü dağlar, könülaçan sərin yaylaqlar, zəngin və nadir landşafta malik ovalıqlar, çaylar, çeşmələr, bulaqlar, canlı və cansız təbiət inciləri qərinələrdir ki, Azərbaycanı dünyada tanıdır. Ana Vətənimizin belə gözəlliklər məskəni olan diyarımıza insan əli ilə yeni naxışların da vurulması daha təkrarsız və heyrətamiz mənzərələr yaradıb. Bu gün muxtar respublikamızın yeddi şaxəsi kimi müxtəlif  istiqamətlərdə yerləşən rayonlarında  qədimliklə müasirliyin vəhdəti yaşayır. 

Doğma yurdumuzun füsunkar gözəllik məskənlərindən biri də Şahbuz rayonudur. Bütün yaşayış məntəqələrimizdə olduğu kimi, Şahbuzda da bu gün dövlət qayğısı ilə yaradılan müasir tikililər, el birliyi ilə salınan bağlar, yaşıllıq zolaqları, sözün həqiqi mənasında, ürəkaçandır. Bu cür gözəlliyi, müasirliyi, günü-gündən sürətlə aparılan quruculuq siyasətini onun ən ucqar kəndlərində belə, görmək olar. İnkişaf və tərəqqi ən ucqar dağ kənd­lərini elə müasirliyə qovuşdurub ki, illərlə kəndə yolu düşməyənlər bu gözəllik qarşısında heyrətlərini gizlədə bilmir, qısa zaman kəsiyində bu yeniliyin olmasını möcüzə kimi qiymətləndirirlər. Bu, bir reallıqdır ki, indi Şahbuzun hər bir kəndində şəhər ab-havası duyulmaqdadır. Bunu bir zamanlar kənddən uzaq düşənlərin yenidən öz yurdlarına üz tutması da təsdiqləyir. Bu bölgəmizin turizm üçün əhəmiyyəti nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 29 noyabr tarixli Sərəncamı ilə Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi yaradılıb. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılmasında məqsəd muxtar respublikada kənd turizminin bir bölgənin timsalında inkişafına nail olmaq və gələcəkdə digər kəndlərdə də tətbiq etməkdən ibarətdir. Bu gün dünyanın bir çox ölkələrində təmiz ekoloji şəraiti olan, flora və fauna ehtiyatının qorunduğu yerlərdə turizm bölgələri yaradılır. Muxtar respublikada da turizm bölgələrinin yaradılması üçün yerlər mövcuddur. Həmin yerlər içərisində ən əlverişlisi isə Ağbulaq kəndidir”.

Yaxın günlərdə yolumuzu adıçəkilən kəndə saldıq. Bu yaşayış məntəqəsi rayon mərkəzindən 20 kilometr şərqdə, Zəngəzur silsiləsinin yamacında – dağların arasında yerləşir.
Dağların, sanki buludlarla qovuşduğu yerə – Ağbulaq kəndinə çatmağımıza az qalırdı. Avtomobilimiz kəndin aşağısında bir bulağın yanında dayandı. Son illər təmir edilərək “Ağbulaq” adlandırılan bu bulağın suyunun özünəməxsus dadı var. Bir yolun iki səmtə ayrılan qolu üstündəki kəndin ərazisində qərinələrlə yaşı olan müalicəvi əhəmiyyətə malik “Şor su” deyilən bulağın ətrafında yaradılan “Şəfa” bulaq-abidəsi də öz görünüşü ilə bənzərsizdir. Bu bulaq-abidənin ətrafındakı çarhovuza tökülən şor sudan istifadə imkanları yaradılıb. El arasında bu suya “dəri suyu” da deyilir. Bulaqdan üzüyuxarı, kəndin mərkəzinə doğru irəlilədikcə təbiətin fırçası ilə boyanmış kənd mənzərəsinə valeh olmamaq mümkünsüz idi. Maşınımız qara örtüklü, hamar yolla şütüyürdü. İstər-istəməz nənəmin bir zamanlar bu kəndə gediş-gəlişin çətinliyi haqqında dediklərini xatırlayıram. Yalnız bəzi maşınlarla dərəli-təpəli dağ yolu ilə getməyin mümkün olduğu zamanlar kənddən canını qurtarıb rayon mərkəzlərinə, böyük şəhərlərə köçən insanlar, bəlkə də, elə yolların bərbad vəziyyətdə olmasına görə vaxtilə bu addımı atmağa məcbur olublar. Elə bu düşüncələrlə kəndin mərkəzinə doğru irəliləyərkən zövqlə tikilmiş kənd evinin eyvanında oturub dağlardan əsən sərin mehin verdiyi rahatlıqdan zövq alaraq ətrafı seyr edən nənəni görürük.

– Salam, ay nənə, necəsiniz? Qonaq istəyirsinizmi? – deyə ona yaxınlaşırıq. Bu qonaqsevər nənə bizi mehribancasına salamlayır: – Əlbəttə, ay bala, qonaq Allah qonağıdır, buyurun. Bir çayımızı için, – deyir.
Çox keçmədən doğmalaşıb illərdən bəri tanışıq kimi mehribancasına söhbətləşdiyimiz Zəringül nənə Ağbulaq kəndində yaradılan şərait haqqında məqalə hazırladığımızı eşidəndə bildirdi ki, bu gün heç bir ağbulaqlı yaşayış tərzindən narazılıq edə bilməz. Çünki onların uzun illər yaşadığı çətinliklər tamamilə aradan qaldırılıb. Nənə kəndlərinə göstərilən dövlət qayğısından ürəkdolusu danışandan sonra bizə Ağbulağın dillər əzbəri olan bulaqlarından, qalalarından söhbət açır. Yazımın əvvəlində adını çəkdiyim “Şəfa” bulaq-abidəsi (Şor su) haqqında deyir ki, insanlar uzun illərdir ki, buradakı sudan dəri-zöhrəvi xəstəliklərinin müalicəsində istifadə edirlər. Hətta uzaq yerlərdən belə, bu suyun sorağına gələnlər var. Elə bu bulaq suları, dağlarımızın təmiz havasıdır bizləri bu yaşda belə gümrah saxlayan. Elin varı, başqa təbii sərvətlərimiz kimi, buz bulaqlarımız da dövlətimizin qayğısından kənarda qalmır. Bunun nəticəsidir ki, bulaqlarımız təmir olunaraq kəndlilərin, gələn qonaqların istifadəsinə verilir. Əyləşdiyimiz eyvandan açıqca görünən Toxluqaya, Gəlinqaya kimi təbiət abidələrindən də söhbət açan müsahibim qeyd edir ki, bu qayalar, sanki əl-ələ verib düşmənə sinə gərir. Ağbulaq kəndinin sakinləri də düşmən qarşısında həmişə mərd, dözümlü olublar. Kəndin kişiləri nizami ordumuzun olmadığı vaxtlarda belə, düşmənlərin sərhədlərimizi pozmasına heç zaman aman verməyiblər. Adət-ənənələrimizə gələndə isə, ay qızım, hər bir elin, obanın özünəməxsus adət-ənənəsi var. Ağbulaqlılar da dədə-babadan qalma adət-ənənələrimizə sadiqdirlər və bu gün də onları qoruyurlar.

Söhbətimizin bu yerində yaşı 80-i haqlayan Şamo baba da bizə qoşulur. Deyir ki, Ağbulaq bu gün müasir Azərbaycan kəndinin canlı nümunəsidir. Burada fəaliyyət göstərən bütün dövlət qurumları üçün yaradılmış şərait bir yaşayış yerinin timsalında insana qayğının ifadəsidir. Qalır ki, hər bir sakin yaradılmış şəraitdən lazımınca istifadə etsin, muxtar respublikanın sosial-iqtisadi inkişafına töhfəsini versin. Kəndimizin sakinləri də torpağa bağlı adamlardır, zəhmətdən qorxmurlar. Odur ki, kənd təsərrüfatını inkişaf etdirir, həm daxili bazara töhfələrini verir, həm də özlərinin gün-güzəranlarını yaxşılaşdırırlar. Biz bu gün torpaqlarımızı göz bəbəyimiz kimi qorumalıyıq, təbiətimizin əsasını təşkil edən və oksigen mənbəyi olan yaşıllıqların artırılmasını qarşımızda duran ən vacib məsələ bilməliyik. Çünki təbiətlə daim üzbəüz olan insan başa düşməlidir ki, bu səxavətli, əliaçıq varlıq yaşam üçün insana hər şey verir. Çəkilən yol da, salınan körpü də, adicə kiçik bir arx da, tikilən nəhəng zavodlar, binalar da, hətta balaca bir daxma da təbiətin bir parçası olan torpaqdan istifadə nəticəsində reallaşır. Buna görə də torpaq adlı nemətin, kainatın əsası olanın yetirdiyi, bitirdiyi bütün nemətlərin qədrini bilməliyik ki, yüksək məhsul bolluğu yaradaq. Bu səmimi ailə ilə söhbətimiz bizdə yüksək əhval-ruhiyyə yaratdı. Belə xoş təəssüratla kəndin sosial obyektlərinə tərəf yol aldıq. İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdən öyrəndik ki, bu yaşayış məntəqəsində 2013-cü ildə kənd mərkəzi istifadəyə verilib. Mərkəz ikimərtəbəlidir. Kənd mərkəzində Ağbulaqda fəaliyyət göstərən bütün təşkilatlar üçün hərtərəfli şərait yaradılıb. Yerli əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini yaxşılaşdırmaq məqsədilə həkim ambulatoriyası üçün də otaqlar ayrılıb.

Kəndin xidmət mərkəzinin qarşısında sakinlərdən bəziləri ilə həmsöhbət olduq. Onlardan Faiq Cəfərovun fikirlərini oxucularımıza çatdırmaq istəyirik:
– Ay qızım, kəndli bu gün yaradılan gözəl şəraitdən başqa nə istəyə bilər ki? Bu şəraitdən lazımınca faydalanırıq. Təsərrüfatımızda heyvandarlıq, maldarlıq, arıçılıq, bağçılıqla məşğul oluruq. Ərsəyə gətirdiyimiz məhsullardan həm özümüz istifadə edir, həm də təşkil olunan kənd təsərrüfatı yarmarkalarına, festivallara çıxarırıq.
Ağbulaq kənd tam orta məktəbinin binası da yenidən qurulub. Burada savadlı, intellektual qabiliyyəti yüksək olan şagirdlərin yetişməsi üçün hər bir şərait vardır. Məktəbin müəllimləri təhsilində mövcud vəziyyətlə bağlı müvəqqəti fasilə yarandığı bir vaxtda belə, şagirdlərə yüksək bilik vermək üçün əllərindən gələni əsirgəmirlər.
Kənd adamları ilə sağollaşıb üz tuturuq Ağbulaq İstirahət Mərkəzinə. Burada bizə mərkəzin icraçı direktoru Xalid Kazımov bələdçilik edir. O deyir ki, mərkəz 2013-cü ildə istifadəyə verilib. 2019-cu ilin son aylarından isə mərkəzimizdə kanat, xizəkçilik və kartej kimi istirahət növləri də yaradılmağa başlanılıb. İnsanlar burada həm günlük istirahət edə, həm də vaxtları çərçivəsində mərkəzin otel bölməsində qalaraq kəndlə yaxından tanış ola bilirlər. Mərkəzdə tələbələrin, şagirdlərin yay və qış məktəbləri, dövlət qulluqçularının həftəsonu istirahətləri də təşkil olunur. Müraciət edənlər arasında Azərbaycanın bütün bölgələri ilə yanaşı, qonşu İran, Türkiyə və digər dövlətlərdən də nümayəndələr olur. Elə söhbətimizin bu yerində mərkəzdə istirahət edən bir ailənin üzvləri diqqətimizi çəkir. Yaxınlaşıb tanış oluruq. Öyrənirik ki, onlar əslən Şahbuz rayonundan olsalar da, Naxçıvan şəhərində yaşayan Tağı Məmmədovun ailəsidir. Tağı müəllim bildirir ki, kəndin təmiz havası, sərin suları ilə yanaşı, bu mərkəzdə milli dəyərlərimizi tanıtmağa hesablanmış guşələr də onların diqqətini cəlb edib. Həmin lövhədə mərkəzin işçisi olan Əsli Tahirovanın toxuculuqla bağlı əl işləri və xalçaçılıq nümunəsi millilik və sənətkarlıq baxımından fərqlənir. Bundan başqa, oxunması zəruri olan kitablar da mərkəzdə xüsusi guşədə sərgilənir. Guşədə muxtar respublikamızın inkişaf tarixindən bəhs edən materiallar daha çox diqqəti cəlb edir.
Bakı şəhərindən muxtar respublikamıza qonaq gələn Səyyad Babayev də İstirahət Mərkəzi və Ağbulaq kəndinə heyranlığını dilə gətirir:
– Karantin rejimi ilə əlaqədar burada planlaşdırdığımdan da çox qalası oldum. Lakin havası da, suyu da dərdlərə dərman, xəstəliklərdən uzaq belə bir gözəl, saf təbiətin qoynunda olmaqdan heç də heyifsi­lənmirəm. Üstəlik, yaşayış üçün istənilən şərait də yaradılıb. Növbəti illərdə də burada istirahət etməyi planlaşdırıram.

Bu gün böyük qürur hissi ilə qədim diyarımızın daha bir yurd yerini gəzib-dolandıq. Onu da qeyd edim ki, bu kənddə ailə qanunları, ədəb-ərkan qaydaları ciddi qorunur. Milli dəyərlər, el sənətkarlığı böyük həvəslə təbliğ olunur. Soy-kökünə bağlı insanlar öz davranışları ilə gənclərə nümunədirlər. Uzunömürlülər diyarı kimi də tanınan Ağbulağın ağsaqqalları, ağbirçəkləri böyük hörmət sahibidirlər. Ziyalısı da, fəhləsi də, əkinçisi, heyvandarı, çobanı da milli dəyərlərimizi qoruyub yaşadır kəndlərində. Ağbulaqda hər bir mərasim milliliyə söykənir. Bunu görmək üçün bircə dəfə kəndin ya toy, ya hüzr mərasimində olmaq kifayətdir. Dövlət qayğısının günü-gündən çoxalması isə insanlarda yurd sevgisini, torpağa məhəbbəti daha da artırır.

 Telli MƏMMƏDOVA

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR