04 İyul 2020, Şənbə

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsi sahəsində qətiyyətli tədbirləri davam etdirir.

DSX-nin mətbuat mərkəzindən  bildiriblər ki, iyunun 17-də saat 21:40 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Kürünc kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində üç nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkarlanıb. Sərhəd pozucularının silah və gecəgörmə cihazları ilə silahlanması, onlardan birinin üzərində içərisində narkotik vasitə olması ehtimal edilən böyük bir kisədə yük müşahidə edilib.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb, İran İslam Respublikası sərhədçiləri hadisə haqqında məlumatlandırılıb. Sərhəd naryadı tərəfindən “Dayan!” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı avtomat silahdan və “Vinçester” tipli tüfəngdən atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər.

“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunun tələblərinə uyğun olaraq, sərhəd naryadı tərəfindən silah tətbiq edilib. Sərhəd pozucularından biri güllə yarası alıb və İran ərazisinə qaçmaq məqsədilə sərhəd çayı olan Bolqarçayı keçərkən suda ölüb. Sərhəd pozucusunun cəsədi İran sərhədçiləri tərəfindən sudan çıxarılıb. Digər sərhəd pozucuları ərazinin sıx meşəlik, hava şəraitinin qaranlıq olmasından istifadə edərək geri qaçıb və İran sərhədçiləri tərəfindən öz ərazilərində saxlanılıblar.

Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin və Lənkəran Hərbi Prokurorluğunun əməkdaşları hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirirlər.

 

 

 

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR