04 İyul 2020, Şənbə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən hər il 18 iyun ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur.
Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz tərəfindən həyata keçirilmiş hüquq islahatları Azərbaycanda demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş yeni hüquq sisteminin formalaşmasına zəmin yaratmışdır. Ulu öndər Heydər Əliyev demişdir: “Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hamının anladığı və ya anlamalı olduğu əvəzsiz nailiyyətdir. İnsan hüquqlarına hörmət, insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur”.

1995-ci ildə ümummilli lider Heydər Əliyevin müəllifi olduğu ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında İnsan hüquqları haqqında Ümumi Bəyannamənin müddəaları əks etdirilmiş və dövlətimizin ali məqsədlərindən biri kimi məhz insan haqlarının qorunması təsbit edilmişdir. Bu Konstitusiya ölkəmizdə insan hüquq və azadlıqlarına əsaslanan yeni dövlət quruculuğunun əsasını qoymuşdur. Ulu öndər tərəfindən imzalanan “İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 22 fevral tarixli Fərman və “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 18 iyun tarixli Sərəncam ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərin mahiyyətini və konsepsiyasını dəqiq müəyyənləşdirməklə insan hüquqlarının davamlı inkişafını təmin etmiş, bu sahədə qanunvericilik və institusional islahatlara təkan vermişdir.
Ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində kompleks tədbirlər həyata keçirilmişdir. Ölkə başçısı tərəfindən 2006-cı ildə qəbul edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” və 2011-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı mühüm islahatlar həyata keçirilir. Ölkə başçısının “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” 2006-cı il 2 noyabr tarixli Fərmanı muxtar respublikada bu istiqamətdə inkişafı təmin etmişdir. Belə ki, Fərmanın qəbul edilməsindən ötən dövr ərzində məhkəmə orqanlarının maddi-texniki bazası möhkəmləndirilmiş, Müvəkkil təsisatının fəaliyyəti təmin edilmiş, məhkumların hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə Penitensiar Xidmətin fəaliyyəti təkmilləşdirilmiş, əhalinin keyfiyyətli hüquqi yardımla təmin edilməsi üçün vəkillik institutunun hüquqi statusu müəyyən edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə 2006-cı ildə muxtar respublikada insan hüquqlarının müdafiəsi üzrə orqanlar sistemində yeni və müstəqil məhkəmədənkənar alternativ hüquq müdafiə vasitəsi olan Müvəkkil təsisatı yaradılmışdır. Ötən dövrdə təsisatın fəaliyyətinin təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılmış, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununa edilmiş dəyişikliklərlə təsisatın səlahiyyətləri daha da artırılmışdır. Həyata keçirilmiş bu tədbirlər insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə xidmət edir.
Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində görülən işlərin tərkib hissəsi kimi məşğulluq probleminin həlli mühüm əhəmiyyət kəsb edir. “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” na uyğun olaraq muxtar respublikada işsizliyin aradan qaldırılması, əhalinin səmərəli məşğulluğunun təmin edilməsi istiqamətində uğurlu tədbirlərin həyata keçirilməsi cari ildə də davam etdirilir. Belə ki, muxtar respublikada ailə təsərrüfatlarının yaradılması onların maddi rifah halının yüksəlməsinə yönəlmiş əsas tədbirlərdəndir. Bu gün muxtar respublikada həyata keçirilən davamlı sosial-iqtisadi islahatların, o cümlədən əhalinin məşğulluğunun, sosial yardımın ünvanlılığının təmin edilməsinin məntiqi nəticəsidir ki, sakinlərin sosial rifah halı daha da yaxşılaşmışdır.
Muxtar respublikada sosial qayğıya ehtiyacı olan vətəndaşların, o cümlədən məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlər davam etdirilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanan sərəncamlarla “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” və “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” qəbul olunmuşdur. Dövlət proqramlarının icrasına uyğun olaraq bu kateqoriyadan olan şəxslərin sosial təminatının yaxşılaşdırılması, onların minik avtomobilləri və texniki-bərpa vasitələri ilə təmin edilməsi, təhsil almaları, məşğulluq imkanlarının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi, habelə asudə vaxtlarının səmərəli təşkili üçün hərtərəfli şərait yaradılmışdır. Naxçıvan şəhərində Əlillərin Bərpa Mərkəzinin, Uşaq Bərpa Mərkəzinin və Məhdud Fiziki İmkanlı Şəxslər üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin fəaliyyət göstərməsi bu kateqoriyadan olan şəxslərin müalicə və reabilitasiyasının təşkilində mühüm rol oynayır. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində distant təhsil mərkəzinin yaradılması isə hərəkət qabiliyyəti məhdud olan şəxslərin təhsilə cəlbinə şərait yaratmışdır.
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən dövlət qadın siyasəti qadınlarımızı cəmiyyətin fəal üzvünə çevirir, onların ictimai həyatda da iştirakını təmin edir. Milli və xalq tətbiqi sənəti növləri üzrə qadınlar arasında özünüməşğulluğun inkişaf etdirilməsi, onların rifah hallarının yüksəldilməsi üçün hər il istedadlı qadınların əl işlərindən ibarət yaradıcılıq müsabiqələri, sərgi-satışlar təşkil olunur, mədəni-kütləvi tədbirlərdə onların sənət əsərləri nümayiş etdirilir. Bu gün müstəqillik və dövlətçilik ideyaları ətrafında sıx birləşən Naxçıvan qadınları onlar üçün yaradılan şəraitdən səmərəli istifadə edir, dövlət quruculuğunda, cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirak edərək muxtar respublikamızın sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına, mədəniyyətimizin inkişafına öz töhfələrini verirlər.
Naxçıvan Muxtar Respublikasında dövlət gənclər siyasəti bu gün uğurla həyata keçirilir. Son illər gənclərin muxtar respublikanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həll edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq Dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi bu istiqamətdə atılan mühüm addımlardandır. Ötən dövr ərzində muxtar respublikada Gənclər Mərkəzi, kitabxanalar, mədəniyyət evləri, ali təhsil müəssisələrində yeni tədris korpusları, məktəb binaları, olimpiya idman kompleksləri, idman mərkəzləri və digər obyektlər tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Gənclərin asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq potensiallarının üzə çıxarılması, o cümlədən onların hüquq sahəsinə olan maraqlarının artırılması və gənclər arasında insan hüquq və azadlıqlarının təbliği məqsədilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşkilatçılığı ilə mütəmadi olaraq hüquq olimpiadaları və bilik yarışları, intellektual oyunlar həyata keçirilir.
Muxtar respublikada məhkumların saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılması və onların yaşayış yerlərinə yaxın ərazilərdə saxlanılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. 2008-ci ildə məhkumların və saxlanılan şəxslərin hüquqlarının təmin edilməsi məqsədilə müasir standartlara cavab verən Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsi ölkəmizdə ilk dəfə olaraq muxtar respublikamızda istifadəyə verilmişdir. 2016-cı ildə Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində yeni yaradıcılıq və istehsalat binası istifadəyə verilmiş, məhkumlara xalçaçılıq və misgərlik sənəti üzrə kurslar təşkil olunmuşdur. Onların istehsalat sahəsində hazırladıqları əl işləri muxtar respublikada keçirilən müxtəlif sərgilərdə nümayiş etdirilmişdir.
Miqrantların hüquq və azadlıqlarının qorunması və təminatı da diqqət mərkəzində saxlanılmış, saxlanılan miqrantların hüquqlarının təmin edilməsi məqsədilə 2016-cı ildə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrantların Saxlanılması Mərkəzi istifadəyə verilmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq mərkəzdə hər cür şərait yaradılmış, burada sosial-məişət otaqları, könüllü və məcburi saxlanılanlar üçün yataq otaqları, görüş, tibb, uşaq-əyləncə, yoxlama, sorğu, karantin, növbətçi və istirahət otaqları, yeməkxana, bərbərxana, ərzaq və əşya anbarları istifadəyə verilmişdir.
Muxtar respublikada azad mətbuatın fəaliyyət göstərməsi, söz və fikir azadlığının təmin olunması, sürətli internetə çıxış imkanlarının yaradılması insan hüquqlarının və azadlıqlarının qorunması sahəsində həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır. Ötən dövrdə milli mətbuatın yubileylərinin dövlət səviyyəsində qeyd olunması, 2005-ci ildə Naxçıvan Mətbuat Şurasının, 2007-ci ildə Televiziya və Radio Şurasının yaradılması, 2012-ci ildə “Şərq qapısı” qəzetinin internet saytının fəaliyyətə başlaması, 2016-cı ildə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi üçün yeni internet saytın yaradılması və teleradio verilişlərinin internet üzərindən yayıma başlaması, 2018-ci ildə muxtar respublikanın ilk informasiya agentliyi olan “Nuhçıxan” İnformasiya Agentliyinin və onun internet saytının yaradılması, 2019-cu ildə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması Ali Məclis Sədrinin mətbuata və kütləvi informasiya vasitələrinə göstərdiyi diqqət və qayğının parlaq təzahürü olmaqla yanaşı, həm də ictimai tribuna kimi insan hüquqlarının təminatı sahəsində görülən işlərin davamıdır.
Muxtar respublikanın iqtisadi inkişafı, sosial-iqtisadi layihələrin ardıcıl həyata keçirilməsi əhalinin rifah halının getdikcə yaxşılaşmasına, nəticə etibarilə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi və etibarlı müdafiəsinə geniş imkanlar yaratmışdır. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı tərəfindən insan hüquq və azadlıqlarının etibarlı təmin edilməsi istiqamətində işlər daim diqqət mərkəzində saxlanılacaq, bu sahədə səmərəli hüquqi mexanizmlərin tətbiqi bundan sonra da davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
İnsan Hüquqları üzrə Müvəkkilinin
(Ombudsmanın) mətbuat xidməti

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR