04 İyul 2020, Şənbə

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər vardır ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası qoyulub. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan belə günlərdən ən önəmlisi qədim dövlətçilik tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günüdür. Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Qurtuluşun Günəşi ümummilli lider Heydər Əliyevdir.

Bildiyiniz kimi, müstəqilliyimizin ilk illəri Azərbaycan xalqı üçün çox ağır dövr olub. Tale elə gətirib ki, 1991-1993-cü illər, müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi.

 Belə bir məqamda isə yalnız bir çıxış yolu var idi. Bu çıxış yolu görkəmli siyasi və dövlət xadimi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisin Sədri, Yeni Azərbaycan Partiyasının Sədri, görkəmli dövlət xadimi Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi. Azərbaycan dövlətçiliyinin gələcəyindən narahatçılıq keçirən ziyalılar ulu öndərə müraciət etdilər. Azərbaycan ziyalıları, o cümlədən, sadə insanlar ölkədə yaranan siyasi gərginliyin aradan qaldırılması üçün dahi şəxsiyyətin hakimiyyətə gəlməsinin vacibliyini qeyd edirdilər.

Amma həmin dövrdə Naxçıvan blokadada idi və məhz ulu öndərin siyasi qüdrəti və böyük zəkası sayəsində bu bölgə özünü layiqincə qorudu. Eyni zamanda, AXC-Müsavat cütlüyü hakimiyyətinin bu böyük siyasi xadimin Naxçıvanın rəhbərliyindən qanunsuz yollarla devirmək cəhdlərinin də qarşısını sadə insanlar qətiyyətlə aldı və bu zaman hamı ulu öndərə olan xalq sevgisinin bir daha şahidi oldu. Sağlam düşüncəli insanlar, ziyalılar AXC-Müsavat hakimiyyətinin Azərbaycanı uçuruma apardığını görürdülər. Ona görə də, onlar haqlı olaraq hesab edirdilər ki, bu vəziyyətdən xalqı yalnız Heydər Əliyev kimi dahi lider xilas edə bilər. Bunun üçün isə ulu öndərin hakmiyyətə gəlməsi zəruri idi. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar əhali arasında günbəgün öz nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Bu dönəmdə AXC-Müsavat iqtidarının fərsizliyi ucbatından Gəncədə qardaş qanı töküldü. O günlərdə Gəncədə ardı-arası kəsilməyən mitinqlər keçirilir, hadisələrə düzgün siyasi qiymət verilməsi tələb edilirdi. Belə bir vəziyətdə xalq ümummilli liderin hakimiyyətə gəlməsini təkidlə tələb edirdi. Nəhayət, bu müraciətləri nəzərə alaraq Azərbaycan xalqının böyük oğlu 1993-cü il iyunun 9-da Bakıya döndü. Bu dönüş xalqın istəyi, tarixin zərurəti idi. Bu qayıdış insanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi, ölkənin xilas olduğuna inamı artırdı.

Beləliklə, ulu öndərin ikinci dəfə Bakıya qayıdaraq Azərbaycan parlamentinin sədri seçildiyi gün – 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu təqvim Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Çünki 15 iyun tarixi günü olmasa idi, nə Azərbaycan, nə də müstəqil dövlət olmayacaqdı. Ümummilli liderin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı.

Ulu öndər hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində ölkədə sabitliyi bərpa etdi, separatçı qüvvələri zərərsizləşdirdi, 1994, 1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı. Məhz bu mərhələdən sonra xalqımız sakit həyat tərzi sürməyə başladı. Əlbəttə ki, bunun kökündə ümummilli liderimiz tərəfindən müəyyənləşdirilmiş milli birlik və həmrəylik konsepsiyası dayanırdı. Görkəmli dövlət xadiminin müəllifi olduğu azərbaycançılıq ideologiyası nəinki azərbaycanlıları, ölkəmizdə yaşayan bütün xalqları, dünyada yaşayan soydaşlarımızı vahid ideya ətrafında birləşdirdi.

Azərbaycanın bugünkü uğurları birbaşa qurtuluş məfkurəsi ilə əlaqədardır. 1993-cü ilin iyun ayında dahi siyasətçi Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ilk növbədə ölkədə sabitliyi təmin etdi. Bundan sonra isə müstəqil, hüquqi-demokratik dövlət quruculuğuna başlanıldı. Milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, cəmiyyətin demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması sahəsində səmərəli tədbirlər həyata keçirildi. Ölkəmiz tezliklə vahid Avropa ailəsinə qəbul edildi. Dünyanın tanınmış neft şirkətləri ilə “Əsrin müqaviləsi” və digər kontraktlar imzalandı, bütün sahələrdə islahatlar başlandı. Azərbaycana investisiya axınının əsası qoyuldu. Müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul edildi. Ölkənin ali qanunvericilik orqanına, yerli idarəetmə orqanlarına beynəlxalq müşahidəçilərin iştirakı ilə azad və demokratik seçkilər keçirildi.

     Görkəmli dövlət xadimi, bütün türk dünyasının ən nadir tarixi simalarından sayılan Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Dahi rəhbərin dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycan xalqının müstəqilliyini məhv olmaqdan qurtardı və bu müstəqilliyi daimi, əbədi, sarsılmaz etdi. Bütün bunlar 1993-cü il 15 iyun qurtuluş Gününün tarixi nailiyyətləridir. Bəli, 1993-cü ilin 15 iyun günü xalqımızın mübarizələrlə dolu yeni tarixinə yeni eranın başlanğıcı kimi daxil oldu. Ümummilli liderimizin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə yeni siyasi bir dövr, yeni təfəkkür mərhələsi başlandı. Məhz bu yeni dövr Azərbaycanın XXI əsrə hüquqi, demokratik dövlət kimi daxil olmasına əsaslı təminat yaratdı.

        Görkəmli dövlət xadiminin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycanın varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin əbədi mövcudluğu deməkdir, qurtuluş deməkdir.

Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Dahi rəhbərin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edildi, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas oldu, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazandı.

Görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyətdir. Bu gün Azərbaycanın beynəlxalq müstəvidə də nüfuzu bu ideyalar işığında durmadan  artır, mövqeləri getdikcə güclənir.  

Ulduz EYVAZOVA

     Naxçıvan Qarnizonu tam orta məktəbin tarix müəllimi

 

 

 

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR