14 İyul 2020, Çərşənbə axşamı


Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunun hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Mən burada böyük bir nitq söyləmək niyyətində deyiləm. Yalnız bir neçə kəlmə mütləq deməliyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə  yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, masir tələbərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası bundan sonra onun başına nə gəlirsə gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək.

  Heydər ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

(15 iyun 1993-cü ildə parlamaentdəki çıxışından)

 Azərbayxan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər vardır ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası qoyulub. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan belə günlərdən ən önəmlisi 1993-cü ilin 15 iyun günüdür. Həmin günün tarixə Milli Qurtuluş Günü kimi daxil olması Azərbaycanın, müstəqilliyimizin ilk illərində yaşadıqlarına işıq salır. Prezident İlham Əliyev daim çıxışlarında bu çağırışı edir ki, indiki və gələcək nəsillərə Azərbaycanın müstəqillik yolunun heç də hamar olmadığını əsaslı şəkildə çatdırmalıyıq.

Müstəqilliyimizin ilk illəri Azərbaycan tarixinə təlatümlü bir dövr kimi daxil olub. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etməsindən sonra ilk illərdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu Azərbaycanı “ölüm ya olum” dilemması qarşısında qoymuşdu. Xalq müstəqilliyin sevincini yaşamaq imkanında deyildi. Xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran baş alıb gedirdi. Digər tərəfdən isə Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın deyil, ayrı-ayrı qüvvələrin maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalına səbəb olmuşdu. Belə çətin məqamda xalq üzünü Ulu öndər Heydər Əliyevə tutmaqla bugünkü uğurlarımızı, Azərbaycanın bir dövlət olaraq varlığının təsdiqini təmin etdi.

Çıxış yolu görkəmli siyasi və dövlər xadimi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi. Azərbaycan dövlətçiliyinin gələcəyindən narahatçılıq keçirən ziyalılar Ulu öndər Heydər Əliyevə müraciət etdilər. Azərbaycan ziyalıları, o cümlədən, sadə insanlar ölkədə yaranan siyasi gərginliyin aradan qaldırılması üçün Heydər Əliyevin hakimiyyətə gəlməsinin vacibliyini qeyd edirdilər. Amma həmin dövrdə Naxçıvan blokadada idi və məhz Ulu öndərin siyasi və böyük zəkası sayəsində bu bölgə özünü layiqincə qorudu. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi zəruri idi, hakimiyyətə sivil yolla gəlməyin metodu isə siyasi partiya yaradaraq mübarizə aparmaq idi. Məhz ziyalıların müraciəti əsasında Ulu öndər Heydər Əliyev siyasi partiya yaradıb ona rəhbərlik etməyə razılıq verdi. Beləliklə 1992-ci ilin noyabrında Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Müdrik, uzaqgörən xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. O dövrdə Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət idi və Azərbaycanın dünyada tanınmış, dövlətçilik təcrübəsi olan liderə ehtiyacı var idi. Bu lider Heydər Əliyev idi və hamı bu həqiqəti bütün varlığı ilə dərk edirdi. Ona görə də Yeni Azərbaycan Partiyası Azərbaycanın bütün bölgələrində böyük sürətlə yaranır və təşkilatlanır, Heydər Əliyev siyasətini təbliğ edirdi.

Respublikada isə vəziyyət getdikcə gərginləşirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar əhali arasında günbəgün öz nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdə xalq Heydər Əliyevin hakimiyyətə gəlməsini təkidlə tələb edirdi. Nəhayət, bu müraciətləri nəzərə alaraq Azərbaycan xalqının böyük oğlu, 1993-cü ilin iyun ayının 9-da Naxçıvandan Bakıya döndü. Bu dönüş xalqın istəyi, tarixin zərurəti idi. Bu qayıdış insanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi, ölkənin xilas olduğuna inamı artırdı.

Beləliklə Ulu öndər Heydər Əliyevin ikinci dəfə Bakıya qayıdaraq Azərbaycan parlamentinin sədri seçildiyi gün -15 iyun, tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu, qədim Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Çünki 15 iyun olmasa müstəqil Azərbaycan olmayacaqdı. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı.

Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində ölkədə sabitliyi bərpa etdi, separatçı qüvvələri zərərsizləşdirdi, 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı. Məhz bu mərhələdən sonra xalqımız sakit həyat tərzi sürməyə başladı. Əlbəttə ki, bunun kökündə ümummilli liderimiz tərəfindən müəyyənləşdirilmiş milli birlik və həmrəylik konsepsiyası dayanırdı. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası nəinki azərbaycanlıları, ölkəmizdə yaşayan bütün xalqları, dünyada yaşayan soydaşlarımızıvahid ideya ətrafında birləşdirdi.

Ümummilli lider Heydər Əliyevin gərgin səyləri nəticəsində cəbhə xəttində atəşkəs sazişinin imzalanması Azərbaycanda daxili sabitliyin təmin olunmasında, digər sahələrdə əhəmiyyətli addımların atılmasında mühüm rol oynadı. Məhz həmin ərəfədə “Əsrin müqaviləsi” imzalandı. Bu mühüm addım Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirməklə yanaşı, xalqımızın uzun illərdən bəri ürəyində gəzdirdiyi bu istəyin reallığa çevrilməsi oldu. Əlbəttə ki, qazanılan bütün nailiyyətlərin əsasında Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi dayanır. Bu gün bu siyasətin uğurla davam etdirilməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, müasirləşən, modernləşən dövlətinə çevrilib. Ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu tək Azərbaycan vətəndaşları yox, bütün dünya təsdiq edir.

Ümummilli liderimiz Heydər Əliyevin tarixin çətin sınaq məqamlarında böyük xilaskarlıq missiyasını həyata keçirərək qoruyub saxladığı və gələcək inkişaf proqramını müəyyən  etdiyi Naxçıvan Muxtar Respublikası da hazırda Ulu öndərimizin adına və arzularına layiq şəkildə inkişaf etdirilir. Muxtar diyarımızın keçdiyi inkişaf yolu dahi şəzsiyyətin ideyalarına sadiqliyinin təcəssümüdür. Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi rayonları arasında inkişaf dinamikasına görə xüsusilə seçilir. Muxtar respublikada inkişafdan kənarda qalan sahə yoxdur. Bütün infrastruktur yeniləşib, xüsusi zövqlə, diqqət və qayğı ilə yenidən qurulub, müasir tələblər səviyyəsinə çatdırılıb. Bu gün muxtar respublikamızın paytaxtı Naxçıvan şəhərini, eləcədə digər şəhər, qəsəbə və kəndlərimizi sözün əsl mənasında tanımaq olmur. Hərtərəfli və dinamik inkişafın real təzahürləri hər addımda göz oxşayır, könül açır. Vətənə böyük məhəbbətlə görülən bütün işləri hər kəs rəğbət və minnətdarlıqla qarşılayır, bundan qürur duyur.

 Rail Tağızade

YAP Naxçıvan Muxtar Respublika Təşkilatının şöbə müdiri

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR