13 İyul 2020, Bazar ertəsi

Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəldiyi 1993-cü il iyun ayının 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Həmin tarixdən etibarən dövlətçiliyimiz yox olmaq təhlükəsindən qurtulub, ölkəmiz inkişaf, tərəqqi, yüksəliş yoluna qədəm qoyub.Bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində keçirilən “Qurtuluşdan intibaha” mövzusundakı onlayn konfransda səsləndirilib.

 Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Ümummilli lider müstəqil Azərbaycan dövlətinin xilaskarı” adlı məruzəsində bildirib ki, 1991-ci ildə dövlət müstəqilliyini elan edən Azərbaycan ağır problemlər burulğanına yuvarlanmışdı. Artıq 1993-cü ilin yazında ölkə daxilində vəziyyət böhran həddinə çatmışdı. Azərbaycan torpaqlarının bir hissəsi ermənilər tərəfindən işğal olunmuş, yüz minlərlə yurddaşımız öz doğma ocaqlarından qaçqın, köçkün vəziyyətinə düşmüşdü. Belə bir vaxtda xalq yeganə düzgün yolu seçdi – dünya şöhrətli siyasi xadim Heydər Əliyevi təkidlə ölkə rəhbərliyinə dəvət etdi.

1993-cü il iyunun 15-də xalqın qətiyyətli istəyi gerçəkləşdi: ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinə Sədr seçildi”. İsmayıl Hacıyev vurğulayıb ki, 1993-cü il oktyabrın 3-də xalqın böyük dəstəyi ilə Prezident seçilən görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi on il müddətində son dərəcə böyük işlər görüb. Bu gün hər birimiz ulu öndər Heydər Əliyevə borcluyuq. Çünki xaos, anarxiya baş alıb gedən və vətəndaş müharibəsinə sürüklənən Azərbaycan dövləti onun uzaqgörən siyasəti nəticəsində ağır bəlalardan xilas olub.

Ulu Öndərin milli maraqlara əsaslanan çoxşaxəli siyasət strategiyasının bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən İsmayıl Hacıyev bildirib ki, hazırda ölkəmizin hərtərəfli və sürətli inkişafı, baş verən əsaslı dəyişikliklər, xarici siyasətimizdəki uğurlar, insanların rahatlığı naminə həyata keçirilən qlobal layihələr Azərbaycanın qüdrətli dövlət olduğunu təsdiq edir.

Konfransda Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru Elburus İsayev “Ulu öndər Heydər Əliyev və Azərbaycan tarixi məsələləri”,  Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqojika üzrə fəlsəfə doktoru Azad Novruzov “Ümummilli lider Heydər Əliyev və müasir Azərbaycanın təhsili”, “Naxçıvan” Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Nurlana Əliyeva “Müasir tariximizin dönüş nöqtəsi” mövzularında çıxışlar ediblər.

Çıxış edənlər ölkəmizin tarixində çox mühüm hadisə olan və Azərbaycanın müstəqilliyini təmin edən Milli Qurtuluş Günü barədə ətraflı məlumat veriblər. Həmçinin onlayn konfransda Ümummilli Liderimizin sayəsində ölkəmizdə ictimai-siyasi sabitliyin yaradılması, xalq birliyinə nail olunması, iqtisadiyyatın, təhsilin, ordu quruculuğunun və digər sahələrin dinamik inkişaf yoluna çıxarılması istiqamətində görülən işlərdən də danışılıb.

 AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və  İnformasiya şöbəsi

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR