04 İyul 2020, Şənbə

Babək qəsəbəsinə şəhər, Nehrəm və Cəhri kəndlərinə isə qəsəbə statusu verilib 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 12 iyun tarixdə tədiqlədiyi  “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ırazi bölgüsündə qismən dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu”na əsasən rayonun Babək qəsəbəsinə şəhər, Cəhri və  Nehrəm kəndlərinə isə qəsəbə statusları verilmişdir.

1978-ci ildə ulu öndər Heydər Əliyev Naxçıvanda yeni inzibati ərazi vahidinin – Babək rayonunun təşkil edilməsi təşəbbüsü ilə çıxış edəndə hələ nəhəng imperiya mövcud idi və onun tarix səhnəsindən silinməsinə 13 il qalırdı. Amma dahi şəxsiyyət Azərbaycançılıq mövqeyindən çıxış edərək xalq qəhrəmanının adını daşıyan bir rayon təşkil etdi. Müstəqillik illərində xalqımızın böyük oğlunun bu tarixi qərarının 30 və 40 illik yubileyləri dövlət səviyyəsində qeyd olunub. Həmin illərdə rayonda geniş abadlıq-quruculuq işləri aparılıb, qəsəbə və kəndlər başdan-başa yenidən qurulub. Rayon mərkəzi olan Babək qəsəbəsinə şəhər, iki ən böyük kəndə – Nehrəm və Cəhriyə isə qəsəbə statusunun verilməsi ilə Babək rayonu ən qürurlu və əlamətdar tarixi günlərindən birini yaşadı. Bu, həmin bölgəmizdir ki, 25-30 il bundan öncə sərhəd kəndlərində müharibə gedirdi, yaxından-uzaqdan gələn eloğlular Buzqovda, Gərməçataqda düşmənlə ölüm-dirim savaşına qalxmışdı. Böyük aqrar potensialı olsa da, torpaqları ağzıgünə yatmışdı, gələcək gözü ilə baxdığımız gəncliyin taleyi təhlükə altında, sabaha olan inam yox dərəcəsində idi.

Müstəqillik illərində yaranan bu vəziyyəti dəyişmək üçün böyük əmək, zəhmət sərf olundu. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi sabitlik, inkişaf və quruculuq strategiyasına dərin sədaqət Babək rayonunun da başdan-başa yenidən qurulmasına imkan verdi. Artıq təqvimdə elə bir il yoxdur ki, həmin vaxt rayonun hansısa yaşayış məntəqəsində tikinti, yenidənqurma işləri aparılmasın. Çəkilən böyük zəhmətin real bəhrəsi göz önündədir. Bir qəsəbə şəhər, iki kənd isə qəsəbə statusu alırsa, bu, dövlət müstəqilliyimizin, Milli Qurtuluş Gününün bəhrəsidir. Çünki ötən illərdən bəri hər üç yaşayış məntəqəsində zəruri infrastruktur yaradılıb, yeni emal və istehsal sahələri fəaliyyətə başlayıb, sosial qayğılar uğurla öz həllini tapıb. Bir sözlə, yaşayış məntəqələrinin inzibati statuslarındakı bu yenilik zamanın doğurduğu zərurətdən meydana gəlib. Bəs bu qərar gələcəkdə rayonun iqtisadi və mədəni həyatına nə verə bilər?
İqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımov deyir ki, kəndi qəsəbədən, qəsəbəni isə şəhərdən fərqləndirən amillər əhalinin, emal və istehsal sahələrinin sayı, infrastruktur quruculuğunun miqyası ilə bağlıdır. Babək rayonu da bu baxımdan xüsusilə seçilir. Burada kəndin qəsəbəyə, qəsəbənin isə daha böyük status alıb şəhərə çevrilməsi üçün mövcud perspektivdən səmərəli istifadə olunub, şəhərləşmə siyasəti baxımından güclü baza formalaşdırılıb. Bu gün Babək şəhərində yeni bazar kompleksi inşa olunur, ötən illərdə Ali Məclis Sədrinin iştirakı ilə məscid binası yenidən qurulub, çoxmərtəbəli yaşayış binası tikilib, bütün dövlət qurumları üçün müasir iş şəraiti yaradılıb, ən əsası sənaye sahələrinin inkişafı diqqətdə saxlanılıb və beləliklə, əhalinin məşğulluğu təmin olunub, məskunlaşma artıb. Bütün bunlar Babək qəsəbəsinə şəhər adının verilməsi zərurətini meydana çıxarıb. Bu qərar gələcəkdə şəhər infrastrukturunun bir daha yenilənməsi üçün mühüm əsasdır.

Yeni qanunla Nehrəm və Cəhriyə isə qəsəbə statusu verilib. Deyə bilərəm ki, hər iki yaşayış məntəqəsində muxtar respublika iqtisadiyyatına mühüm töhfə verən istehsal sahələri mövcuddur. Müstəqillik illərində bu yerlərdə dövlət və özəl investisiya hesabına böyük bir sahibkar ordusu formalaşıb. Bu yaşayış məntəqələrinin aqrar potensialından, mövcud xammalından məqsədli və səmərəli şəkildə istifadə olunub. Məsələnin iqtisadi tərəfi budur ki, kənddə yalnız kənd təsərrüfatı məhsullarının istehsalı imkanı var. Onun qəsəbəyə çevrilməsi isə sənaye potensialını artırır, sahibkarların, torpaq mülkiyyətçilərinin, ailə təsərrüfatçılarının fəaliyyət imkanları genişlənir.
“Bu haqqında bəhs etdiyimiz qanunun xalqımızın ümumilli lideri Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı – Milli Qurtuluş Gününun qeyd olunmasından keçən qısa zaman kəsiyində təsdiqlənməsi baş verdiyindən rayon ictimaiyyəti üçün daha əlamətdardır”, – deyən Babək şəhər sakini Ənvər Hüseynov bildirir ki, 1978-ci ildə Babək rayonu təşkil olunanda mərkəz hesab olunan Babək qəsəbəsi Təzəkənd kimi tanınırdı. Yadımdadır, ötən əsrin 70-ci illərində burada 1 tam orta məktəb və bir neçə dövlət qurumunun binasından başqa heç bir tikili yox idi. Hətta bəzən 3-4 təşkilat bir binaya sığınmalı olurdu. Baxın, indi həmin Təzəkənd əvvəl qəsəbəyə, sonra isə şəhərə çevrildi. Mərhələli yenilik göstərir ki, müstəqillik illərində rayonun mədəni və inzibati mərkəzi hesab olunan Babək şəhərində böyük işlər görülüb. Sovetlər Birliyi dönəmində uşaqlarımız üçün bircə bağça tikilsin deyə, günlərlə aid qurumların qapısının ağzında növbəyə dururduq, amma səsimizə səs verən tapılmırdı. İndi nəinki bağça, universitet korpusunu xatırladan iki orta məktəb, idman obyektləri, boy-boya sıralanmış yaraşıqlı inzibati və yaşayış binaları, açılan yeni iş yerləri, artan əhali sayı ata-baba yurdumuzu şəhərə çevirdi. Şeirlərimin birində yazmışdım ki, səndən qoxusu gəlir şəhərin, Babək. Bu gün şairin arzusu reallığa çevrilib. Şəhər adın mübarək, Babək!..
Bir kənddə üç məktəb, bir uşaq musiqi məktəbi, insanların asudə vaxtının səmərəli təşkili üçün park və muzey, xəstəxana, rahat yol şəbəkəsi, su-kanalizasiya sisteminin yenilənməsi işləri, 230 nəfərdən çox işçinin çalışdığı iri üzümçülük təsərrüfatı, eləcə də saysız-hesabsız ailə təsərrüfatları fəaliyyət göstərirsə, bu yer qəsəbə adını daşımağa layiqdir. Bu qəsəbənin adı Nehrəmdir.
İllərdir, Naxçıvanda inkişaf və müasirlik kənddən şəhərə doğru aparıldığı üçün Cəhridə də zəruri infrastruktur yaradılıb. XIX əsrdə tikilmiş və tamamilə yararsız hala düşən xəstəxana binası dövlət qayğısı ilə yenidən qurulub. Daha cəhrili uşaqlar valideynləri, ata-babaları kimi, oxumaq, təhsil almaq üçün kəndbəkənd gəzmirlər. Hələ üstəgəl, musiqi məktəbində gələcəyin peşəkar musiqiçisi kimi yetişirlər. Bu qəsəbədə tütünçülük kimi gəlirli sahə inkişaf etdirilir, hətta tütünün qəbulu üçün böyük bir məntəqə də fəaliyyət göstərir. Hər il dövlətdən maliyyə dəstəyi alanlar yeni təsərrüfatlar, sahibkarlıq subyektləri qurur, onlarla insanı da iş, çörək sahibi edirlər.

Daniel Defonun “Robinzon Kruzo” romanında tənha adaya düşən insanın təbiət qüvvələrinə qarşı mübarizə əzmi, iradə möhkəmliyi, dözümlülüyü, yaradıcı əməyi təsvir edilir. O adada 28 il yaşayır və sonda oradan xilas olmağın yollarını  tapır. Fikrimcə, Naxçıvanın son 30 ildə blokada şəraitində yaşamasına baxmayaraq, iqtisadi gücünə güc qata bilməsi, ordu, ərzaq və enerji təhlükəsizliyini tam təmin etməsi, şəhər, qəsəbə və kəndlərinin başdan-başa abadlaşması da böyük bir iradənin, qətiyyətin, insan əməyinin, dünya boyda Naxçıvan sevgisinin real nümunəsidir. Bu nümunənin tərkibində cənnətə dönən Babək şəhəri, Nehrəm və Cəhri qəsəbələri də var. Adınız, statusunuz mübarək olsun, doğma yurdum, el-obam!..

Muxtar RZAZADƏ,
“Şərqin səhəri” qəzetinin redaktoru

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR