26 Sentyabr 2020, Şənbə

İyunun 12-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib.

Milli Məclisin Sədri Sahibə Qafarova iclası açaraq bir neçə gündən sonra xalqımızın tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Gününü qeyd edəcəyini bildirib. Sədr qeyd edib ki, bu, bizim üçün, sadəcə, təqvim bayramı deyil. Onun ictimai, siyasi və tarixi əhəmiyyəti olduqca böyükdür. Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin dönüş nöqtəsidir, xalqımızın, dövlətçiliyimizin, sözün həqiqi mənasında, xilası tarixidir. Bu tarixi yaradan, yazan isə milli, müstəqil dövlətçiliyimizin banisi ulu öndər Heydər Əliyevdir.

Bu gün bu zalda əyləşən bir çoxlarının müstəqilliyin ilk illərində dövlətimizin üzləşdiyi təhdidlərin, xalqımızın yaşadığı faciələrin canlı şahidi olduqlarını vurğulayan Sahibə Qafarova diqqətə çatdırıb ki, həmin dövrdə müşahidə olunan siyasi xaos və anarxiya, dərin iqtisadi tənəzzül, separatizm meyilləri yenicə əldə olunmuş müstəqilliyimizi itirmək təhlükəsi yaratmışdı. Belə bir zamanda, xalqımızın dəstəyi, etimadı və tələbi ilə ölkəmizdə hakimiyyətə gələn Heydər Əliyevin yüksək səriştəsi, liderlik bacarığı, zəngin dövlətçilik təcrübəsi Azərbaycanı siyasi təlatümlərdən, beynəlxalq təcriddən xilas etdi. Ölkəmizdə hökm sürən özbaşınalıq aradan qaldırıldı və ictimai-siyasi sabitlik təmin olundu. Qısa müddət ərzində Ümummilli Liderin rəhbərliyi ilə köklü islahatlar başlandı, dövlətçiliyin əsasları yaradıldı. Buna paralel olaraq, cəmiyyətimizin ideoloji əsasları formalaşdırıldı, azərbaycançılıq məfkurəsi dövlət ideologiyası kimi qəbul edildi. Demokratik inkişaf, insan hüquqları ilə bağlı çox ciddi islahatlara start verildi. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədi, sarsılmaz və dönməz xarakter almasına nail oldu.

“İyunun 15-nin bizim üçün müstəsna əhəmiyyəti həm də onunla əlaqədardır ki, möhtəşəm qurtuluş tarixi məhz bu binada – Milli Məclisdə yazılmağa başlanıb. Ulu Öndərin parlamentimizə rəhbərlik etməsi Azərbaycan parlamentarizm tarixinin parlaq bir səhifəsini təşkil edir. O vaxta qədər siyasi çaxnaşmaların, marginal qrupların mübarizəsinin mərkəzi olan Azərbaycan parlamenti Heydər Əliyevin rəhbərliyi ilə demokratiya məbədinə, Azərbaycanın gələcək inkişaf yolunun müəyyən olunduğu strateji bir mərkəzə çevrildi. Ulu Öndər məhz parlamentin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi”, - deyə Sahibə Qafarova bildirib.

Sədr onu da qeyd edib ki, xalqımız haqlı olaraq ölkəmizin bugünkü uğurlarını, sabitlik və firavanlığı məhz Heydər Əliyevin tarixi qayıdışı ilə bilavasitə əlaqələndirir. Ölkəmizin inkişafı ilə bağlı fundamental istiqamətlər Ulu Öndər tərəfindən müəyyən edilib. Çox sevindirici haldır ki, qurtuluşdan başlanan tarixi yol bu gün də uğurla davam etdirilir. Ölkəmizin bugünkü yüksək inkişafı və tərəqqisi Heydər Əliyev ideyalarından güc alır, qurtuluş məfkurəsinə istinad edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli siyasət sayəsində Azərbaycan Respublikası inkişaf edir, dövlət quruculuğu istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilir. Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində də etibarlı tərəfdaş kimi tanınır. Bu gün tam əminliklə deyə bilərik ki, Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan ən yüksək zirvələri fəth edir.

Sonra Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin Milli Qurtuluş Günü ilə bağlı hazırladığı videomaterial nümayiş olunub.

Daha sonra deputatlar Azərbaycan dövlətçiliyinin xilas günü olan Milli Qurtuluş Günü ilə bağlı fikirlərini bildirib, bu günün tariximizdəki müstəsna əhəmiyyətindən danışıblar. Bundan başqa, iclasda Avropa Parlamentinin Ermənistanın Dağlıq Qarabağa üçüncü yol çəkməsi əleyhinə verdiyi bəyanat Azərbaycan diplomatiyasının uğuru və Avropa Parlamentinin obyektiv qərarı kimi qiymətləndirilib.

İclasın gündəliyindəki məsələlərin müzakirəsi zamanı parlamentin Sədri Sahibə Qafarova gündəliyə 7 məsələnin daxil edildiyini söyləyib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim edib. O xatırladıb ki, parlamentdə layihənin birinci oxunuşda müzakirəsi zamanı 17 deputat çıxış edib, qeyd və təkliflərini verib, Maliyyə naziri Samir Şərifov bir sıra məsələlərə aydınlıq gətirib.

Komitə sədri deyib ki, 2019-cu ilin dövlət büdcəsi Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf prioritetləri və sosial-iqtisadi siyasət istiqamətləri ilə uzlaşdırılaraq qlobal iqtisadiyyatda gedən proseslərin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla icra edilib. Bütün sosial proqramlar, xüsusilə də iki böyük sosial paket icra edilib, nəzərdə tutulan hədəflərə nail olunub.

Dövlət və icmal büdcələrinin gəlirlərinin proqnozla nəzərdə tutulduğundan artıq, xərclərinin isə təsdiq edilmiş büdcə ayırmaları həddini aşmadan icra olunduğunu vurğulayan Tahir Mirkişili deyib ki, dövlət büdcəsinin kəsiri proqnoza nisbətən qat-qat az olub, onun ümumi daxili məhsulda xüsusi çəkisi isə cəmi 0,3 faiz təşkil edib. Ötən ilin dövlət büdcəsinin icrası Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi inkişaf kursunun ardıcıl şəkildə davam etdirilməsində müsbət rol oynayıb.

Ötən ilin dövlət büdcəsinin icrasını yüksək qiymətləndirən deputatlar qeyd və təkliflərini bildirdikdən sonra “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Sonra deputatlar “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş); Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş); Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə; “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təki haqqında” və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında; Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş) məsələlərə baxıblar.

 

 

 

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR