09 İyul 2020, Cümə axşamı


Bugünlərdə keçmiş prezident Serj Sarkisyanın kürəkəni, 2018-ci ilin payızınadək Vatikanda Ermənistanın səfiri olan Mikael Minasyan hazırkı baş nazir Nikol Paşinyanı xəyanətdə ittiham edən videomüraciət yaymışdı. Tez bir zamanda həmin müraciət eks-prezident Sarkisyanın və onun Respublikaçı Partiyasının media ruporu olan “News.am” portalında da yer aldı.

 ki, nə Nikol Paşinyan, nə də hökuməti dəstəkləyən resurslar bu müraciətə cavab veriblər.

 

Təbii ki, bütün bunlar Ermənistanın daxili işidi, lakin düşmən ölkənin daxili siyasi həyatı, ordakı hadisələr obyektiv olaraq bizim üçün maraqlıdır. Ura-patriotizm, “erməni əzmi” və sair bu kimi erməni cəmiyyətinin özünəməxsus yanaşmalarını qırağa atsaq, Minasyanın müraciətindəki bəzi məqamlar maraqlıdır.

Minasyan erməni cəmiyyətində fobiya halını almış “türklərlə anlaşdılar, bizi satdılar” ştampını istismar edib əhalini qorxutmaq, siyasi opponentləri isə diskreditasiya etmək üsulundan istifadə edərək, Paşinyanın düşərgəsini gözdən salır. Yəni, bu, yeni hal deyil, bəzən elə əks qüvvələr də eyni taktikadan istifadə edirlər və bu, daha çox erməni siyasi məkanındakı diskursun keyfiyyətinin göstəricisidir.

Bəs Minasyanın açıqlamalarında bizə nə maraqlıdır?!

Birincisi və vacib olanı, Azərbaycan prezidenti və əsgərinin öz fəaliyyəti ilə artıq Ermənistanın daxili siyasətində ciddi faktora çevrildiyi ortadadır. Prezident İlham Əliyevin 2018-ci ilin yazında Ermənistandakı siyasi böhran zamanı ustalıqla həyata keçirdiyi siyasət, reaksiya erməni cəmiyyətində uzun illər hərbi xuntanı və ona xidmət edən siyasi qüvvələri iqtidardan endirməkdə əsas amil oldu. Azərbaycan liderinin 2016-ci ilin aprelində nokauta saldığı Serj Sarkisyan rejimi özünə gələ bilmədi və səhnədən çəkildi. Ona görə, yuxarıda qeyd olunduğu kimi, Azərbaycan ordusunun Ermənistanın daxili siyasətində faktor olduğu gerçəklikdir.

İkincisi, Minasyan açıqlamaları ilə Azərbaycan ordusunun 2018-ci ilin may ayındakı Naxçıvan istiqamətində qazandığı qələbələri, gec də olsa, etiraf edir. Təbii ki, hazırda İrəvanda iqtidarda olanlar bu etirafı məlum səbəbdən edə bilmirlər. Hərçənd, 2018-ci il iyun ayında, Günnüt zəfərindən sonra təzəcə hakimiyyətə gəlmiş Paşinyan hökümətinin bəzi üzvləri Naxçıvan istiqamətindəki uğursuzluqları əvvəlki rejimin fəaliyyəti ilə əlaqələndirirdilər, lakin sonradan bu mövzuya Ermənistanda, bir növ, tabu qoyuldu və müzakirələr tək ictimai sektor və akademik dairələrdə aparıldı.

İndi – iki il keçəndən sonra mənzərə daha açıq görünməyə başlayır və hər nə qədər bu mövzu daxili siyasi çəkişmənin aləti kimi istifadə olunsa da əsas, məqamlar aydındır:

– 2018-ci ilin mayında Azərbaycan ordusunun Naxçıvan eksklavının şimal-qərbindəki həyata keçirdiyi uğurlu əməliyyatı faktı siyasi reallıqdır və gec də olsa, erməni tərəfi bunu qəbul etmək məcburiyyətində qalıb;

– Həmin əməliyyatlar zamanı əldə edilən uğurların taktiki deyil, məhz strateji əhəmiyyət daşıdığını erməni siyasi elitası da qəbul və dərk etməkdədir;

– Azad olunan bölgənin strateji əhəmiyyəti (ermənilərin etiraf etdikləri kimi, Azərbaycan ordusunun İrəvan-Gorus və İrəvan-Gorus-Mehri yoluna atəş nəzarəti imkanının qazanması, bir sıra vacib yüksəkliklərin itirilməsi və s.) odur ki, potensial hərbi əməliyyatlar teatrında strateji təşəbbüs Azərbaycan tərəfinə keçib;

– Naxçıvan muxtariyyətində Azərbaycan tərəfinin artan hərbi imkanları ermənilər üçün ciddi təhdid olmaqla, onlar üçün əlavə resursların (hərbi və daha çox maliyyə) axtarılması problemini yaradıb.

Görünən odur ki, qarşıdakı dövrdə Ermənistandakı daxili siyasi çəkişmənin hərarəti artdıqca, erməni tərəfinin keçmiş siyasi və hərbi uğursuzluqları fonunda buna bənzər adekvat reaksiyaların daha çox şahidi olacağıq.

Anar İBRAHİMOV

 

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR