13 İyul 2020, Bazar ertəsi

5 iyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günüdür

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1972-ci il 15 dekabr tarixli Qərarına əsasən iyun ayının 5-i Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü elan edilmişdir. Həmin gün dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da hər il qeyd olunur.

Azərbaycanda ekologiyaya dövlət səviyyəsində münasibətin göstərilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərində ulu öndərin rəhbərliyi ilə ekoloji problemlərin həlli istiqamətində mühüm qərarlar qəbul edilmiş, ictimaiyyətin diqqəti ətraf mühitin mühafizəsinə yönəldilmiş, geniş yaşıllaşdırma tədbirləri aparılmışdır. Dahi rəhbər demişdir: “Təbii sərvətlərə qayğı ilə yanaşılması, planetin genofondunun qorunması, ekoloji sağlamlıq və digər qlobal problemlər ayrılıqda hər bir dövləti ciddi düşündürsə də, onları yalnız birgə səylərlə həll etmək mümkündür”. Ümummilli lider ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra da ekoloji problemlərin həlli diqqətdə saxlanılmış, bu sahədə dövlət siyasətini tənzimləyən zəngin qanunvericilik bazası yaradılmış, “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur.

Ulu öndərimiz tərəfindən müəyyənləşdirilmiş ekoloji siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının sərəncamı ilə 2010-cu ilin ölkəmizdə “Ekologiya ili”elan edilməsi, həmin ildən başlayaraq beynəlxalq ekologiya sərgilərinin keçirilməsi ekoloji problemlərin həllinə göstərilən diqqətin daha bir ifadəsidir. Azərbaycan planetin mövcud təbii sərvətlərindən, bitki və heyvan ehtiyatlarından, sudan, atmosferdən, torpaqdan səmərəli istifadə edilməsi, qorunması və bərpası məqsədilə 20-dən çox ekoloji konvensiyaya qoşulmuşdur.
Ulu öndərin muxtar respublikaya rəhbərliyi dövründə əsasını qoyduğu təbiəti mühafizə tədbirləri bu gün muxtar respublikamızda da uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə füsunkar təbiətə malik diyarımızda əlverişli ekoloji mühitin yaradılması məqsədilə Dövlət proqramları qəbul edilmiş, ardıcıl tədbirlər görülmüşdür. Muxtar respublika ərazisinin 27 faizdən çoxunun xüsusi mühafizə olunması, fauna ehtiyatlarının qorunması məqsədilə ova qadağaların qoyulması, yaşıllıqların artırılması sahəsində görülən işlər nüfuzlu təşkilat və ekspertlər tərəfindən nümunə kimi qəbul edilir. Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun Qafqaz Təmsilçiliyinin muxtar respublikamızda təbiəti mühafizə sahəsində görülən işləri çox yüksək qiymətləndirməsi bunu bir daha təsdiq edir.

Muxtar respublika ərazisində təbii-iqlim və torpaq xüsusiyyətləri nəzərə alınaraq yaşıllıqların qorunması və artırılmasına xüsusi diqqət yetirilir. Meşələrin qorunması ilə yanaşı, yeni yaşıllıqların salınması istiqamətində də mühüm işlər görülür. Bu tədbirlərin əsası ulu öndərimizin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışdığı dövrdə qoyulmuşdur. Həmin illərdə blokada çətinliklərinə baxmayaraq, ümummilli liderimizin səyi nəticəsində muxtar respublikada iməciliklərin keçirilməsinə başlanılmış, təbiətin, yaşıllığın qorunması və bərpası işlərinə diqqət artırılmışdır. Son illər muxtar respublikada yaşıllıqların sahəsi 10 dəfədən çox artmışdır. Muxtar respublikamızda aparılan yaşıllaşdırma tədbirlərində ekoloji əhəmiyyətlə bərabər, iqtisadi səmərəlilik də əsas götürülərək meyvə bağlarının salınması da diqqətdə saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı”na uyğun olaraq muxtar respublika ərazisində min hektarlarla meyvə bağları salınmışdır. Ərazilərin torpaq ehtiyatlarının münbitliyinin qorunması, relyef xüsusiyyətləri nəzərə alınaraq və sudan səmərəli istifadə edilməsi məqsədilə damcı yolu ilə suvarma sistemləri qurulmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Ekoloji təhlükəsizliyin təmin olunmasında meşə fondunun zənginləşdirilməsi mühüm rol oynayır. Son dövrlər muxtar respublikanın artan sənaye potensialı, yeni istehsal sahələrinin yaradılması həyata keçirilən ekoloji siyasətin əsas istiqaməti kimi yaşıllaşdırma tədbirlərinin əhəmiyyətini daha da artırır”.
Yaşıllaşdırma tədbirlərinin yalnız kənd təsərrüfatı əkinləri üçün yararsız olan ərazilərdə aparılması torpaqların münbitliyinin bərpa olunmasında da xüsusi amilə çevrilmişdir. Hazırda muxtar respublikanın ümumi ərazisinin 20 faizə qədəri yaşıllıqlarla örtülmüşdür. Müqayisə üçün bildirək ki, ötən əsrin 90-cı illərinin əvvəllərində bu göstərici yalnız 0,6 faizə bərabər idi. İnkişaf etmiş ölkələrdə bu göstərici ümumi ərazilərin yalnız 10-15 faizini təşkil edir.
Muxtar respublikanın coğrafi mövqeyi, relyefi, təbii-iqlim və torpaq xüsusiyyətləri, təbii su potensialı nəzərə alınaraq ən mühüm ekoloji tədbir kimi yaşıllaşdırma, meşəsalma və meşəbərpa işlərinə də ayrıca xüsusi diqqət yetirilir, xüsusi mühafizə olunan təbiət obyektləri yaradılır. Qeyd edək ki, ötən illərdə görülən işlər sayəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin coğrafiyası xeyli genişlənmişdir. 1969-cu ildə Ordubad Dövlət Təbiət Yasaqlığı, 2003-cü ildə Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı və Şahbuz Dövlət Təbiət Qoruğu, 2005-ci ildə “Arazboyu” Dövlət Təbiət Yasaqlığı, 2009-cu ildə “Arpaçay” Dövlət Təbiət Yasaqlığı yaradılmışdır. Bundan başqa, ölkə başçısının 2009-cu il 25 noyabr tarixli Sərəncamı ilə Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının yaradılması təbiəti mühafizə ilə yanaşı, ekoturizmin inkişafına da əlverişli şərait yaratmışdır.

Naxçıvan təbiətinin zənginliyi burada nadir bitki və heyvan növlərinin mövcudluğuna imkan verir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması, ekoloji maarifləndirmə tədbirlərinin keçirilməsi muxtar respublikanın fauna və flora müxtəlifliyinin qorunmasına və zənginləşdirilməsinə öz müsbət təsirini göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 15 avqust tarixli Sərəncamına əsasən ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının flora və faunasına dair iki cilddən ibarət “Qırmızı Kitab” çap edilmişdir. Xüsusi gözəlliyi ilə seçilən təbiət guşələri, yüzillik yaşı olan ağaclar, şəlalələr, mağaralar, elmi, təcrübi, tarixi əhəmiyyətə malik obyektlər, təbiət kompleksləri təbiət abidələri kimi qeydiyyata alınaraq pasportlaşdırılmışdır. Müasir dünyamızda turizmin ən çox inkişaf sahəsi olan ekoturizmin və kənd yaşıl turizmin əsasını da məhz bu təbii zənginliklər təşkil edir. Bu baxımdan təbiət abidələrinin qorunması həm də mühüm iqtisadi əhəmiyyətə malikdir. 1995-ci illə müqayisədə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 4 dəfəyə yaxın çoxalmışdır.
Ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin mühüm rolu vardır. Ona görə də muxtar respublikada insanların ətraf mühit və ekoloji təhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji mədəniyyət səviyyəsinin təkmilləşdirilməsi və ətraf mühitin birgə mühafizəsinə cəlb olunması diqqət mərkəzində saxlanılır, bu məqsədlə ardıcıl tədbirlər görülür.

Muxtar respublikanın fauna ehtiyatlarının, quşların, məməli heyvanların inventarlaşması, sayının aparılması ildə iki dəfə həyata keçirilir. Milli park, yasaqlıq və digər təbiət ərazilərində aparılmış inventarlaşma, ümumilikdə, fauna ehtiyatlarının ayrı-ayrı növlər üzrə müxtəlif artım tempini müəyyən etmişdir. Belə ki, nadir növlərdən olan muflon, bezoar dağ keçiləri muxtar respublika ərazisində xeyli artmışdır. Onlar sürü şəklində Şahbuz, Şərur, Ordubad və Culfa rayonlarının ərazisində müşahidə olunur. Bu heyvanların artımı dünya təbiətinin nadir növlərindən olan bəbir ailəsinin yem bazası olduğundan onların yaşam arealı genişlənmişdir. Hazırda bəbirlərin 9 fərdinin yaşaması qeydə alınmışdır. Ümumilikdə, quşların sayında 7-10 faiz, məməli heyvanların sayında 10-12 faiz artım müşahidə olunmuşdur.
Muxtar respublika ərazisinə daxil olan çaylarda suların mövcud vəziyyətinin nəzarətdə saxlanılması məqsədilə 2019-cu ildə Sədərək Rayon Su Monitorinq Laboratoriyası istifadəyə verilmiş və müasirtipli cihazlarla təmin olunmuşdur. Son illərdə muxtar respublika ərazisində hidrometeoroloji fəaliyyətin təkmilləşdirilməsi məqsədilə Sədərək, Culfa və Naxçıvan meteoroloji stansiyalarında hava məlumatlarının alınması üçün müasirtipli avadanlıqlar quraşdırılmışdır. Bu cihazlar vasitəsilə lazım olan meteoroloji məlumatlar GPRS vasitəsilə mərkəzləşdirilmiş serverə ötürülür və arxivləşdirilir.
Naxçıvan Muxtar Respublikası ərazisində mövcud olan təbii sərvətlərin öyrənilməsi, ehtiyatın müəyyənləşdirilməsi məqsədilə kəşfiyyat işlərinin aparılması da diqqətdə saxlanılır. Bu sahədə fəaliyyətin günün tələbləri səviyyəsində qurulması məqsədilə Culfa şəhərində müasir tələblərə cavab verən geoloji baza tikilərək geoloqların istifadəsinə verilmişdir. Geoloji bazada muxtar respublikanın mineral xammal bazasını təbliğ edən geoloji muzey də qurulmuşdur. Burada istifadəyə verilən və müasir laborator avadanlıqlarla təchiz edilmiş geoloji tədqiqat laboratoriyası qazıntılar zamanı əldə edilmiş süxur nümunələrinin ölkəmizdən kənara aparmadan burada öyrənilməsinə imkan verir.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin səmərəli qurulması, müasir dövrün tələblərinə uyğunlaşdırılaraq təkmilləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 aprel tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yeni Əsasnaməsi təsdiq edilmişdir. Nazirlik Əsasnaməyə uyğun olaraq bundan sonra da təbiətin mühafizəsi, ekoloji tarazlığın qorunması, yaşıllıqların artırılması, biomüxtəlifliyin zənginləşdirilməsi, təbii sərvətlərdən məqsədyönlü və səmərəli istifadəyə nəzarətin artırılması və digər ekoloji məsələlərin həlli istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR