14 İyul 2020, Çərşənbə axşamı

Bu gün hərtərəfli düşünülmüş siyasətlə həyata keçirilən böyük iqtisadi islahatlar, Azərbaycanın dünya birliyinə inteqrasiyası, xalqla iqtidar arasında yaranan birlik ölkəmizin hər yerində, o cümlədən muxtar respublikamızda, onun, demək olar ki, bütün şəhər və rayonlarında çox sürətli inkişafa səbəb olub. Bu inkişafın bir yaşayış məntəqəsinin timsalında göstəriciləri ilə  oxucularımızı tanış etmək üçün üz tuturuq Culfa rayonuna.

Yolboyu muxtar respublikamızın təbiət gözəlliklərini seyr etdikcə insana elə gəlir ki, Tanrı təbiətin nəyə qadir olduğunu elə bu yerlərdəki gözəlliklərlə diktə edir. Düşünürsən ki, təbiətin elə sirləri var ki, onları öyrənməyə insan zəkası hələ də yetmir. Seyr etdiyim çəmənlərə, düzlərə baxanda düşünürəm ki, bahar, sanki öz fırçasıyla çəmənlərə naxışlar çəkmək üçün bütün məharətindən istifadə edib. Papaq-papaq qalxan əlvan çiçəklər “əl-ələ tutub” sərin sübh mehinin nəvazişindən, sanki nazlanırlar. “Gözəlliyin xəlvətə çəkilməsi var”, – deyirlər. Ancaq nə qədər gizlənsə də, yenə insan gözü axtardığı gözəlliyi tapıb ondan zövq alır. Biz də dağların, sanki günəşə yaxın olduğu bu yerlərdə gözəlliyin xəlvətə çəkilmədiyini, əksinə, sanki insanların gözünü, könlünü oxşamağa tələsdiyini gördük. Bütün bu gözəlliklərə qurulub yaradılan və insanların rahat yaşayışını təmin edən sosial obyektlər də öz töhfəsini verir.

Muxtar respublikamızda bütün sahələrdə olduğu kimi, informasiya-kommunikasiya sisteminin təkmilləşdirilməsi və yeni texnologiyaların tətbiqi istiqamətində də mühüm işlər görülür. Yaxın günlərdə Culfa rayonunda da Yeni Nəsil Telekommunikasiya Sistemi və Rabitə Evi istifadəyə verilib. Rayonda üz tutduğumuz ünvan da elə bu müəssisə oldu. Burada “Naxçıvanpoçt” publik hüquqi şəxsin Culfa filialının rəisi Samir İbrahimovla söhbətləşirik. O bildirir ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada Culfa Rayon Rabitə İdarəsi, İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin Culfa rayon filialı, “Naxtel” müştəri xidmətləri, “Naxçıvanpoçt” publik hüquqi şəxsin Culfa rayon filialının fəaliyyəti üçün lazımi iş şəraiti yaradılmışdır. Binada müvafiq sahələrə uyğun olaraq tədris, arxiv, mühəndis, poçt göndərişləri, avtomat telefon stansiyası, daxili şəbəkə, təlimat və digər xidməti otaqlar, iclas və xidmət zalları, bufet yerləşir. Filial 19-u kənd, 1-i hərbi şəhərcikdə olmaqla, 20 poçt böməsindən ibarətdir. Müasirtipli binalarla təmin olunmuş bütün poçt bölmələri kompüterləşdirilib və POS-terminallar quraşdırılıb. Poçt bölmələrində digər xidmətlərlə yanaşı, kommunal ödənişlərin, sığorta və üzvlük haqlarının, dövlət yol polisi cərimələrinin, bələdiyyə rüsumlarının və kreditlərin ödənilməsi, pensiya və sosial yardımların paylanması da həyata keçirilir. Bununla yanaşı, poçt bölməsində əhaliyə itmiş əşyaların sahibinə çatdırılması və “Naxtel” müştəri xidmətləri də göstərilir.

Rabitə Evi ilə tanış olarkən buraya kommunal ödənişlər üçün üz tutan rayon ziyalısı Ədalət müəllimlə həmsöhbət oluruq. O, yaradılan şəraitdən razılığını bildirərək qeyd edir ki, Culfa şəhəri də digər bölgələrimiz kimi, həmişə dövlətimizin qayğısı ilə əhatə olunub. O cümlədən rabitə sisteminin də günün tələblərinə uyğunlaşdırılmasına çalışılıb. Lakin bununla bərabər, uzun illər müəyyən çətinliklər də var idi. Artıq yenidən qurulan binanın istifadəyə verilməsi ilə bu çətinliklər də aradan qaldırılıb. Nəinki rayon mərkəzinə, hətta ən ucqar kəndlərimizə də fiber-optik kabellər çəkilib. Bu gün rayonumuzda internet əlaqələri günün tələblərinə cavab verir. Belə ki, mən özüm də Bakı şəhərindəki övladlarımla və xaricdə yaşayan qohumlarımla internet vasitəsilə əlaqə saxlaya bilirəm. Bu gün bütün dünyada tüğyan edən pandemiya dövründə şagirdlərimizin təhsildən geri qalmaması üçün keçilən onlayn dərslər də hər evdə internetin olmasının vacibliyini bir daha sübut etdi. Aparılan yenidənqurma tədbirləri bu gün şəhərimizin xarici görünüşünə də töhfə verib. Belə ki, Heydər Əliyev prospektinin genişləndirilməsi də dediklərimizə sübutdur. Bizim borcumuz isə yaradılan bu şəraiti qorumaq və gələcək nəsillərə verməkdir.
Ali Məclisin Sədri yeni texnologiyaların muxtar respublikanın rayonlarında da tətbiqinin əhəmiyyətindən danışarkən demişdir: “Müasir iş şəraiti məsuliyyəti daha da artırmalı, avadanlıqlardan düzgün istifadə olunmalı və göstərilən xidmətin səviyyəsi yüksəldilməlidir. Çünki dövlətin həyata keçirdiyi bu tədbirlərin əsas məqsədi də ondan ibarətdir ki, sakinlər yaşadıqları yerlərdə hərtərəfli rabitə və internet xidmətləri ilə təmin olunsunlar, vaxtlarını daha çox öz təsərrüfatlarına və işlərinə sərf etsinlər”.
Rayonda olduğumuz zaman Təhsil Şöbəsinin metodkabinə müdiri Kamran Cəfərovla da həmsöhbət olduq. O, Culfa şəhərində yaradılan şəraitə, göstərilən qayğıya görə öz minnətdarlığını bildirdikdən sonra qeyd etdi ki, pandemiya ilə əlaqədar dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də mart ayından etibarən təhsil sahəsində müvəqqəti fasilələr yaranıb. Muxtar respublikanın təhsil işçiləri yaranan vəziyyətdə şagirdlərin təhsildən geri qalmamaları üçün gündəlik onlayn dərslər keçirlər. Şagirdlərin onlayn, həmçinin müxtəlif televiziya kanallarında yayımlanan dərslərə cəlbində, heç şübhəsiz ki, yaradılan şərait də başlıca rol oynayır.
Onu da qeyd edək ki, yaxın günlərdə onlayn görüş vasitəsilə şagirdlərə XI sinif üzrə buraxılış imtahanlarının təşkili, ali təhsil müəssisələrinə qəbul qaydaları, XI sinif üzrə mart-iyun aylarının tədris proqramlarına əsasən müəyyən mövzular məlum məsələlərə görə tədris edilmədiyi üçün onların buraxılış imtahanından çıxarılması haqqında rayon Təhsil Şöbəsinin metodkabinə müdiri Kamran Cəfərov və məktəb psixoloqu Gülnar Cəfərova tərəfindən ətraflı məlumat verilib. Görüşdə 26 tam orta məktəbin 80-ə yaxın XI sinif şagirdi iştirak edərək hərtərəfli məlumatla təmin ediliblər.
Sevindirici haldır ki, muxtar respublikamızın bütün rayon və kənd­lərində doğma yurduna, yaradılan şəraitə sahib çıxan insanlar bu yolda böyük uğurlara imza atırlar. Biz də hər bir zəhmət adamına “əlləriniz var olsun”, – deyirik.

 Telli MƏMMƏDOVA

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR