27 Sentyabr 2020, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə hərbi qulluqçuların xidməti və mənzil-məişət şəraitinin yaxşılaşdırılması tədbirləri uğurla davam etdirilir.
Güclü müdafiə qüdrətinə malik olan Naxçıvan Muxtar Respublikasında hərbi infrastrukturun müasirləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər çərçivəsində ordu, birlik, birləşmə və hissələrdə əsgəri-məişət kompleksləri, təlim-tədris mərkəzləri, qərargah binaları və xəstəxanalar tikilib, sıra meydanı və idman şəhərcikləri salınıb.

Təmir-tikinti işlərinin davamı olaraq Əlahiddə Ümumqoşun Ordunun Şahbuz şəhərində yerləşən hərbi hissəsinin bir əsgəri-məişət kompleksində əsaslı təmir işləri görülür, digər iki əsgər yataqxanasında isə cari təmir işlərinin aparılması nəzərdə tutulur. Əsaslı təmir işlərinin aparıldığı kompleksin dam örtüyü yenilənib, hörgü-suvaq işləri davam etdirilir. Zirzəmi ilə birlikdə 4 mərtəbəli binada yataq yerləri, xidməti, məişət, silah və sinif otaqları şəxsi heyətin istifadəsində olacaq. Əsgəri-məişət kompleksinin keyfiyyətli mebel dəstləri və digər lazımi avadanlıqlarla, müxtəlif növ dayanıqlı rabitə, daimi işıq və istilik sistemləri ilə təchiz edilməsi nəzərdə tutulur. Binanın zirzəmisindən anbar və saxlanc kimi istifadə ediləcək.

Şahbuz şəhərindəki hərbi şəhərcikdə hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə zabit-gizir ailələri üçün yeni yaşayış binası inşa edilir. 44 mənzilli yaşayış binası zirzəmi ilə birlikdə 6 mərtəbədən, iki, üç və dörd­otaqlı mənzillərdən ibarət olacaq. Binada bütün kommunal-məişət şəraiti yaradılacaq, fərdi istilik sistemi qurulacaq, hər bir mənzil mebel dəstləri və digər ev əşyaları ilə təmin olunacaq. Binanın zirzəmisində isə müxtəlif təyinatlı mağazalar, anbarlar, tədbirlər zalı və digər xidmət sahələri fəaliyyət göstərəcək.

Göründüyü kimi, texniki təhlükəsizlik qaydalarına əməl olunmaqla hərbi obyektlərdə aparılan təmir-tikinti işləri muxtar respublikada hərbi qulluqçuların xidməti şəraitinin müasirləşdirilməsinə və sosial müdafiəsinin gücləndirilməsinə hesablanıb.

Nəriman NƏCƏFOV

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR