27 Sentyabr 2020, Bazar

İslam dininə görə, oruc tutanlar Allahın sevgisini qazanmış olurlar. Ramazan ayı Allahı dərk etmək, ruhən təmizlənmək və Uca Yaradana yaxınlaşmaq ayıdır. Müqəddəs kitabımız “Qurani-Kərim”in nazil olunduğu Ramazan ayı insanlar arasında birlik və bərabərliyin, xeyirxahlıq və şəfqətin, Uca Yaradana və ilahi hikmətə bağlılığın təntənəsini nümayiş etdirir.

 Ramazan ayında müsəlmanlar Allah və din qarşısında vicdani borclarını daha dolğun ödəmək fürsəti əldə edir, mənəvi zənginliyin və əxlaqi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. Orucluğun başa çatdığı gün Ramazan bayramı kimi qeyd olunur. Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin məzarlarını ziyarətə gedir, ruhlarına dualar oxuyurlar. Bayram günləri həm də küsülülər barışar, ailə üzvlərinə bayramlıqlar hədiyyə edilər. Bir ay boyunca oruc tutmaq hər bir müsəlman üçün vacib olduğu kimi, Ramazan bayramında da imkanlıların fitrə vermələri vacibdir. Peyğəmbərimizin hədislərindən birində deyilir ki, Allah bəndəsindən tələb olunan sədəqə verilməyənədək Ramazan ayında tutulmuş oruc yerlə göy arasında asılı qalar.

İslam aləminin böyük dini və mənəvi mahiyyətə malik bu qədim bayramı müstəqillik illərində ölkəmizdə məhz ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd olunmağa başlanmışdır. Ulu öndərimiz digər milli və dini dəyərlərimiz kimi Ramazan bayramını bütün dini rituallara uyğun, kütləvi şəkildə keçirmək kimi müqəddəs bir ənənəni də bərpa etmişdir. Dini dəyərlərimizin yaşadılması və təbliğinə xidmət edən bu müdrik siyasət ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycanda dövlət-din münasibətləri çox yüksək səviyyədə inkişaf edir. Bu gün Azərbaycan dünyanın ən tolerant ölkəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət göstərildiyini bildirərək demişdir: “Azərbaycan müasir dövlətdir, dünyəvi dövlətdir. Eyni zamanda öz milli və dini ənənələrinə sadiq olan dövlətdir. İslam dəyərləri bizim milli­-mənəvi dəyərlərimizin tərkib hissəsidir və müqqəddəs Ramazan ayı bütün dövrlərdə Azərbaycan xalqının qəlbində yaşamışdır. Azərbaycan o ölkədir ki, burada bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və bu, bizim böyük sərvətimizdir”.

Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvan Muxtar Respublikasında da milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə xüsusi diqqət yetirilir, dini bayramlarımız ən yüksək səviyyədə qeyd edilir, ziyarətgahlarımız, məscidlərimiz təmir və ya bərpa olunur. Son illər Babək rayonunun Çeşməbasar kəndində Heydər məscidinin, Ordubad rayonunun Dırnıs kəndində Allahşükür məscidinin istifadəyə verilməsini, Nehrəm, Əbrəqunus və başqa kənd məscidlərinin milli memarlıq üslubunda yenidən qurulmasını və hazırda Naxçıvan şəhərində eyni vaxtda 2500 nəfərin ibadət edə biləcəyi, Cənubi Qafqazın ən böyük məscidlərindən olacaq bir ibadət yerinin tikilməsini buna parlaq misal göstərmək olar.
Hər il Ramazan ayının fəzilətlərinin həyata keçirilməsi, köməyə ehtiyacı olan insanlara yardım edilməsi nümunəvi ənənəyə çevrilib. Muxtar respublikada Ramazan ayı və orucluq mərasimləri hər il mənəvi dəyərlərimizə uyğun şəkildə keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “İnsan mənəviyyatının saflaşması, əxlaqi dəyərlərin bərqərar olması işinə yönəldilmiş hər bir fəaliyyət yüksək qiymətə layiqdir. Muxtar respublikamızda da dini və mənəvi dəyərlərin qorunub yaşadılmasına, İslamın müqəddəs ayin və bayramlarının qeyd edilməsinə xüsusi diqqət yetirilir”.
Belə tədbirlərin davamı olaraq may ayının 15-də müqəddəs Ramazan ayı münasibətilə Naxçıvan şəhərindəki məscidlərdə dindarlara və məscid əhlinə, eləcə də ali təhsil müəssisələrində təhsil alan və yaranan vəziyyətlə bağlı öz vətənlərinə gedə bilməyən tələbələrə, hərbi hospitalda müalicə alan xəstələrə, muxtar respublikada işləyən xarici ölkə vətəndaşlarına və sosial qayğıya ehtiyacı olanlara iftar yeməkləri paylanıb. Dünyanı öz ağuşuna alan pandemiya dövründə ənənəvi kütləvi iftar mərasimlərinin yerinə iftar yeməklərinin paylanması muxtar respublika sakin­ləri və xarici ölkə vətəndaşları tərəfindən həm mənəvi dəyərlərimizin yaşadılmasına, həm də sağlamlığımızın qorunmasına xidmət edən humanist addım kimi yüksək rəğbətlə qarşılandı.
Ramazan birlik, bərabərlik ayıdır. Bu ay varlıdan kasıba kimi hamı Yaradanın böyüklüyünü dərk edib ona şükür edir. Ramazan bayramı maddi dünyanın deyil, mənəvi aləmin təntənəsi, coşqusudur. Məhz buna görə də bu müqəddəs bayram bütün İslam aləminin həmrəylik və qardaşlıq timsalına çevrilmişdir. Bayram günlərində insanlar arasında Allaha inam, Vətənə, torpağa, xalqa bağlılıq hissindən doğan bir nikbinlik əhval-ruhiyyəsi yaşanır.
Xalqımız da bütün fəsillərin, ayların ruhunu və onlardan süzülüb gələn mənaları bizə təqdim edən bu bayramı hər il böyük sevinclə qarşılayır. Əlbəttə, bayram günü ilk olaraq valideynlərimizi təbrik etməli, qulluqlarında durmaqla onlara əsl bayram sevinci yaşatmağa çalışmalıyıq. Allah-Taala “Qurani-Kərim”də valideynlərə hörmət etməyi buyurub. Xüsusilə bayram günlərində ailə üzvlərini sevindirmək, onlara qarşı səmimi məhəbbət nümayiş etdirmək bu bayramın şərtlərindəndir.
Bu bayram günlərində Azərbaycan xalqı respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın unudulmaz xatirəsini ehtiramla yad edir, hər yerdə şəhidlərimizin ruhuna dualar oxunur. Ramazan bayramı, həmçinin insanların Vətən, torpaq, dövlətçilik kimi müqəddəs amallar ətrafında daha sıx birləşməsinə xidmət edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqımıza ünvanladığı Ramazan bayramı təbrikində demişdir: “Orucluğun sınaqlarından alnıaçıq çıxan inanclı vətəndaşlarımız Ramazan ayını qürur və şükranlıq duyğuları ilə yola salırlar. Bu mübarək bayram günlərində ölkəmizin firavanlığı və əmin-amanlığı naminə etdiyiniz dualara qatılır, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsini bir daha ehtiramla yad edirəm” .
Biz də bu birlik və həmrəyliyin dövlətimizin daha da güclənməsini, işğal altındakı torpaqlarımızın tezliklə azad olunmasını təmin edəcəyinə böyük inamla xalqımızın ilahi hikmətlə nurlandıran, insanları sülhə, əmin-amanlığa və həmrəyliyə çağıran Ramazan bayramını təbrik edirik.

“Şərq qapısı”

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR