02 İyun 2020, Çərşənbə axşamı

Mart ayının 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunmuş müşavirə keçiril­miş, Ali Məclisin Sədri tərəfindən aidiyyəti nazirlik, komitə, agentliklər qarşısında müvafiq vəzifələr qoyulmuşdur.
Adıçəkilən müşavirədə muxtar respublikaya girişlərin ciddi nəzarətə götürülməsini vurğulayan Ali Məclisin Sədri Daxili İşlər Nazirliyinə də bir sıra tapşırıqlar vermişdi. Həmin tapşırıqların daxili işlər orqanlarında qüsursuz icra edilməsi məqsədilə, ilk növbədə, nazirlikdə əməliyyat qərargahı yaradılaraq daxil olan məlumatlara operativ reaksiya verilməsi üçün qərargah üzvləri arasında vəzifə bölgüsü aparılıb. Nazirlikdən aldığımız məlumata görə, ötən dövr ərzində polis əməkdaşları gücləndirilmiş rejimdə çalışaraq virusun muxtar respublikada yayılmasının qarşısının alınmasında əsl fədakarlıq göstəriblər. İstər təhlükəsizlik, istərsə də tibbi və sosial baxımdan verilmiş tapşırıqlar pandemiya ilə bağlı vəziyyəti tam nəzarət altında saxlamağa imkan yaradıb, əhali arasında narahatçılıq və gərginlik halları baş verməyib, gündəlik ərzaq məhsullarının, eləcə də digər tələbat mallarının təminatında hər hansı çatışmazlıq yaranmayıb. Bütün bunlar bir daha sübut etdi ki, muxtar respublikada hər bir sakinin qayğısına qalınır.

Məlumatda deyilir ki, insan sağlamlığının ön planda olduğu muxtar respublikada ötən dövr ərzində Türkiyə Respublikasından və Bakı şəhərindən gələn şəxslər, o cümlədən onlar vasitəsilə yoluxmaya məruz qalan muxtar respublika sakinləri və yaxın əlaqələri barədə daxil olan informasiyalar dərhal təhlil olunub, həmin şəxslər tam müəyyənləşdirilərək ətrafdan təcrid edilərək və ciddi karantin nəzarətinə götürülüblər. Belə ki, ötən dövr ərzində daxili işlər orqanları tərəfindən, ümumilikdə, 7450 nəfər vətəndaşımız karantin nəzarətində saxlanılıb. Onlar içərisində Türkiyə Respublikasından gələn və ölkəmizin digər regionlarından olan 160 nəfər vətəndaşımız Duzdağ Fizioterapiya Mərkəzində, 417 nəfər isə Şərur rayonunda yerləşən karantin mərkəzində ciddi rejimdə saxlanılıb, karantin müddəti başa çatdıqdan sonra isə çarter reyslər vasitəsilə Bakı şəhərinə yola salınıb. Yoluxan və onlarla əlaqəsi olmuş muxtar respublika sakinləri, o cümlədən Türkiyə Respublikasından və Bakı şəhərindən qayıdan 6873 nəfər vətəndaşımız isə 2749 ünvan üzrə 21 gün ev şəraitində karantin nəzarətində saxlanıldıqdan sonra tibbi müayinədən keçirilib və sağlamlıqlarına dair müsbət rəy verildikdən sonra karantin nəzarətindən çıxarılıb. Həyata keçirilən tədbirlər nəticəsində ötən dövr ərzində muxtar respublika sakinləri arasında virusa yoluxma halları minimum səviyyədə qeydə alınıb.
Bunlarla yanaşı, karantin rejimi ilə əlaqədar fəaliyyətləri müvəqqəti dayandırılmış, eləcə də müəyyən vaxt məhdudiyyəti tətbiq olunmuş ticarət və ictimai iaşə obyektlərinin karantin qaydalarına riayət etmələrinə ciddi nəzarət olunmuşdur.
Nazirlikdən verilən məlumatda o da diqqətə çatdırılır ki, qeyd olunanlardan əlavə fərdi nəqliyyat vasitələrinin zərurət yaranmadan istismarına məhdudiyyətlər tətbiq edilib, marşrutlar üzrə ictimai nəqliyyat vasitələrinin sayı azaldılaraq, taksilərin müəyyən qrafik üzrə hərəkəti təmin olunub. Mövcud pandemiya ilə əlaqədar əhalinin psixoloji vəziyyəti və həssas zaman keçidində olması nəzərə alınıb, inzibati tənbeh tədbirlərinin həyata keçirilməsində güzəştlər tətbiq olunub, profilaktikaya geniş yer verilib.
Ötən dövrdə karantin rejimini pozduqlarına görə 142 nəfər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən inzibati protokol tərtib edilib və onlardan 5 nəfəri məhkəmə qərarı ilə inzibati qaydada həbs olunub.
Məlumatda deyilir ki, may ayının 2-dən sonra bir sıra tədbirlər həyata keçirilib, karantin rejiminin yumşaldılması ilə əlaqədar fərdi nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilmiş məhdudiyyətlər tam aradan qaldırılıb. Şəhərdaxili və rayonlararası fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin və taksilərin hərəkətinə tətbiq olunmuş məhdudiyyətlər isə qismən yüngülləşdirilib. Bir çox ictimai iaşə və ticarət obyektlərinin məhdudiyyətsiz fəaliyyəti təmin olunub. Fəaliyyətləri müvəqqəti dayandırılmış (şadlıq evləri, idman və oyun zalları, ofistipli hazırlıq kursları, turizm xidməti ofisləri, “Cahan” Ticarət Mərkəzindəki bəzi geyim mağazaları və sair), eləcə də müəyyən vaxt məhdudiyyəti tətbiq olunmuş ticarət və ictimai iaşə obyektlərinin karantin qaydalarına riayət etmələrinə nəzarət davam etdirilir. Bütün bu tədbirlərdə polis əməkdaşlarının üzərlərinə düşən tapşırıqların öhdəsindən gəlmələri üçün görülən tədbirlər yetərli rol oynayır. Polis əməkdaşları da bundan səmərəli istifadə edirlər.
Biz də bir vətəndaş olaraq ötən dövrdə muxtar respublikanın polis orqanlarında çalışan əməkdaşların gücləndirilmiş iş rejimində insanlarımızın sağlamlığı naminə fədakar fəaliyyətlərinin şahidiyik və onlara minnətdarlığımızı çatdırırıq. Belə fəaliyyət hər birimizdə onların bundan sonra da dövlətimizə, dövlətçiliyimizə sədaqət nümayiş etdirəcəklərinə, qarşıya qoyulan hər bir vəzifəni layiqincə yerinə yetirəcəklərinə inamımızı daha da artırır.

 Muxtar MƏMMƏDOV

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR