28 Sentyabr 2020, Bazar ertəsi

Bəşəriyyəti böyük fəlakətə sürükləyən İkinci Dünya müharibəsi haqqında çox eşitmişəm, hər dəfə mavi ekranda o dövrü əks etdirən filmləri seyr edərkən döyüşlərdə iştirak edənlərin müharibə ilə bağlı xatirələri mənim üçün maraqlı olub. Mayın günəşli günlərinin birində yolumu Şahbuz rayonundan salmağımın məqsədi də məhz qocaman çinar qədər dəyanətli, dözümlü olan 97 yaşlı İkinci Dünya müharibəsi veteranı Məhəmməd Həsənovla görüşməkdir.

Yolboyu düşüncəyə elə dalıram ki, saatın ötüb keçdiyinin, yolu necə qət etdiyimizin fərqinə varmıram. Təxminən, 30 dəqiqə sonra mənzilbaşına yetişirik. Maşından düşüb zəngi basıram. Çox çəkmir ki, cavan bir oğlan qapını açaraq məni içəriyə dəvət edir. Hal-əhval tutduqdan sonra öyrənirəm ki, xoşgəldin edən müharibə veteranı Məhəmməd Həsənovun nəvəsi Abbasdır. Aramızda keçən qısa dialoq zamanı aydın olur ki, aidiyyəti təşkilatların nümayəndələri tez-tez babasına baş çəkməyə gəlir. Məhəmməd kişi hərdən nəvələrini başına yığır, olanlardan-keçənlərdən, müharibədə yaşananlardan danışır. Eloğlumuzun döyüşlərdə göstərdiyi şücaətlər, igidlikləri barədə söhbətlər rayon sakinlərinin də dilindən düşmür.
Eyvanda əyləşən Məhəmməd baba, həyat yoldaşı və oğlu məni qonaqpərvərliklə qarşılayırlar. İlk baxışdan gümrah görünməyən bu nurani qocanın qolunda bu yaşına rəğmən güc olduğunu əlimi hərarətlə sıxanda hiss edirəm. Çöhrəsində ilıq bir təbəssüm gəzdirən müharibə veteranının üzündə o ağrılı-acılı illərin izlərini hiss etmək çətin deyil. Bəyaz saçlı Məhəmməd baba özünü yenə əvvəlki kimi şux, gümrah hiss edir. Üzərində 97 illik ömründə qazandığı orden və medalların ağırlığını daşıyan pencəyi isə onun necə şərəfli bir həyat yolu keçdiyini gözlər önünə sərir. Hal-əhval tutduqdan sonra çay süfrəsi arxasında müharibə veteranı ilə keçmişə, o ağrılı-acılı illərə, azərbaycanlı igid oğulların keçdiyi döyüş yoluna nəzər salırıq. Deyir, həmin illər yaddaşımda silinməz izlər buraxıb. Üstündən uzun zaman keçməsinə baxmayaraq, hələ də o qanlı-qadalı günləri xatirəmdən çıxara bilmirəm. Bəzən yuxularımda da müharibənin dəhşətlərini, mənimlə çiyin-çiyinə vuruşan cəbhə yoldaşlarımı görürəm. Düzdür, ağrı-acısını fikirləşəndə insanın qəlbi sızlayır, ancaq düşünəndə ki, doğma Vətənin uğrunda vuruşmağa, el-obanı qorumağa gedirsən, onda heç bir dəhşət səni qorxuda bilmir.

Söhbət zamanı öyrənirəm ki, 1923-cü il iyulun 1-də dünyaya göz açan qəhrəman eloğlumuz 19 yaşında – 1942-ci ilin oktyabr ayında, məhz bir amal uğrunda, torpağını, xalqını qorumaq üçün cəbhəyə üz tutub. Həyatının ən coşqulu dövrünü, gənclik illərini ağrılı-acılı anlar yaşamaqla keçirib, ömrünün 3 ilini müharibəyə qurban verib. O, cəbhəyə könüllü olaraq gedib, şücaətlə döyüşüb, yaralansa da, çox cəfalar çəksə də, dözümünü itirməyib, məşəqqətlərə sinə gərərək Vətəninə, elinə, obasına əsl qəhrəman, vətənpərvər eloğlu kimi qayıdıb. O, müharibə illərindən, keçdiyi döyüş yolundan ürəkdolusu danışır:

– Müharibə başlayan zaman yaşı­mın az olmasına rəğmən digər həmyaşıdlarım kimi mən də Vətənin keşiyində dayanmaq, onu müdafiə etmək üçün ata-anamdan xeyir-dua alıb cəbhəyə yollandım. Şimali Qafqazın Mozdok şəhərindən ozamankı Çexoslovakiyanın paytaxtı Praqanın azad edilməsinədək olan əksər döyüşlərdə iştirak etdim. İki dəfə yaralansam da, döyüş meydanını tərk etmədim. Mənimlə eyni cəbhədə döyüşənlər arasında azərbaycanlılar az deyildi. Hamımızın bir amalı, bir məqsədi var idi: qələbə çalıb, xoş xəbərlə doğma elimizə, obamıza qayıdaq. Bununla yanaşı, qələbənin asan əldə edilməyəcəyini də yaxşı bilirdik. Qarşımızda dayanan düşmənin döyüş texnikasının potensialı, silah-sursatının çoxluğu bütün dünyaya bəlli idi. Lakin bu bizi qətiyyən qorxutmur, əksinə, daha əzm və şücaətlə vuruşurduq. Həmin döyüşlərdə xalqımız yüzlərlə mərd oğul, qəhrəman insan itirdi. O igidlərdən bir neçəsi elə mənimlə çiyin-çiyinə döyüşdüyü vaxt həlak oldu. Gözümün önündə cərəyan edən bu dəhşətli anlar düşmənə qarşı nifrətimi birə-beş artırırdı. Nəhayət, uzun sürən döyüşlərdən sonra gözlədiyimiz gün gəlib çatdı. 1945-ci ilin 9 may günü bizim, ümumilikdə isə xalqımızın əsl bayram günü kimi tarixə düşdü. Qələbə bayramı!.. Həmin gün biz azad Praqa şəhərində qələbəni böyük sevinclə qeyd etdik. Aradan çox zaman keçsə də, o günü eyni qürur hissi ilə xatırlayıram. Hər il mayın 9-da biz veteranlar qələbə bayramını böyük sevinclə qarşılayırıq. Çünki müharibədə çəkdiyimiz əziyyətlər hədər getməyib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə müharibə iştirakçılarına böyük qayğı ilə yanaşıb. Məhz ulu öndərin sayəsində yüksək təqaüdlə təmin olunmuşuq. Hər il cənab Prezidentimizin sərəncamı ilə birdəfəlik maddi yardımın ayrılması da ümummilli liderimizin yoluna böyük sədaqətin, biz veteranlara göstərilən dərin hörmət və ehtiramın nəticəsidir. Ölkə Prezidentinin bu il aprelin 24-də imzaladığı Sərəncam ilə növbəti dəfə birdəfəlik maddi yardım aldıq. Bütün bunlar biz veteranları ürəkdən sevindirir və dövlətimizə qarşı məhəbbətimizi daha da artırır.

Məhəmməd baba qeyd edir ki, muxtar respublikamızda müharibə veteranlarına göstərilən hərtərəfli diqqət və qayğı sayəsində sosial problemlərimiz həllini tapır, yubileylərimiz qeyd olunur, bizimlə görüşlər təşkil edilir. Hər il qələbənin ildönümləri ilə bağlı doğma diyarımızda müxtəlif tədbirlərin keçirilməsi, veteranların həmin tədbirlərdə iştirakının təmin edilməsi yaşlı nəslin nümayəndələrinə, müharibə qəhrəmanlarına verilən yüksək dəyərin təzahürüdür.
Müharibə veteranı deyir ki, indi hamımızın bir yaralı yeri var, ürəyimizdə Qarabağ nisgili buz bağlayıb. Torpaqlarımızın düşmən tapdağında olması, ayrı-ayrı dövlətlər tərəfindən tarixi gerçəkliyə etinasız münasibət göstərilməsi, erməni vəhşiliyinin görməzdən gəlinməsi biz veteranları hədsiz dərəcədə hiddətləndirir. Lakin son illər qazandığımız uğurlar da göstərir ki, doğma yurdumuzun azad ediləcəyi, mərd oğullarımızın zəfər çalacağı gün, böyük qələbə uzaqda deyil. 2016-cı ilin Aprel döyüşlərində və 2018-ci il Günnüt əməliyyatındakı qələbələrimiz bunu sübut etməklə hər bir azərbaycanlı kimi məni də çox sevindirdi. Həmin döyüşlərdə iştirak edən eloğullarımızın şücaəti, qətiyyəti haqqında eşidəndə ürəyim dağa döndü. Bu mənə illər öncəki faşizm üzərində qazandığımız qələbədə keçirdiyim hissləri təkrar yaşatdı.

Altı övladı, on dörd nəvəsi, on altı nəticəsi olan Məhəmməd baba ilə söhbətdən, sözün həqiqi mənasında, doymaq olmur, xatirələrini yada saldıqca insanın Vətənə məhəbbəti, el-obaya sevgisi daha da artır. Döyüşlərdə rəşadətlə vuruşduğuna görə II və III dərəcəli “Şöhrət” ordeninə, I və II dərəcəli “Böyük Vətən Müharibəsi” və “Qırmızı Ulduz” ordenlərinə, 11 medala layiq görülən Məhəmməd Həsənovun keçdiyi döyüş yolu, qazandığı zəfər bugünkü gənclərimiz üçün əsl örnək, qəhrəmanlıq məktəbidir. Böyük qələbə müjdəsi ümidi, torpaqlarımızın tezliklə azad edilməsi diləyi ilə müharibə veteranı ilə sağollaşıram...

 Nail ƏSGƏROV

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR