05 İyun 2020, Cümə

“Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik" mövzusunda Zirvə görüşünün keçirilməsi qlobal pandemiyaya qarşı mübarizədə beynəlxalq həmrəylik baxımından kifayət qədər əhəmiyyətli və önəmlidir”. Bu fikirləri AMEA-nın vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli sözügedən mövzu ilə bağlı fikirlərini açıqlayarkən deyib.

 Onun sözlərinə görə, bəşəriyyət yalnız bir olaraq, həmrəy şəkildə pandemiyaya qarşı qalib gələ bilər və Azərbaycanda aparılan işlər də buna bir nümunədir: “Məhz bu baxımdan, qırxdan çox üzv ölkənin dövlət və hökumət başçılarının, həmçinin aparıcı beynəlxalq təşkilatların rəhbərlərinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsünə dəstək verməsi və onların Zirvə görüşündə iştirakları eyni zamanda ölkəmizin və onun liderinin nüfuzunun nə qədər yüksək olduğunu bur daha göstərdi. SİTAT: “Artıq bütün dünya görür və etiraf edir ki, Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə fəal rol oynayır. Ölkəmizdə aparılan işlərin hər birinə bilavasitə Prezident İlham Əliyev cənabları şəxsən nəzarət edir. O cümlədən, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın bu işlərdə göstərdiyi nəhəng dəstəyi də belə deməyə əsas verir ki, insanların sosial təminatlarından tutmuş bütün detallara qədər diqqət göstərilir. Bu baxımdan, Azərbaycanda aparılan işlər digər ölkələrə nümunə olaraq göstərilməkdədir. Qoşulmama Hərəkatının Zirvə toplantısı da bunu ehtiva etməkdədir.

Prezident İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı bildirdi ki, koronavirus pandemiyası dünyada vəziyyəti tamamilə dəyişmiş və nəticədə yeni reallıqlar meydana çıxmışdır. Azərbaycan yeni vəziyyətə çevik və adekvat reaksiya verir. Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə görüşü bunu göstərir. Görüşündə Prezident İlham Əliyev əhatəli çıxış etdi və ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan tədbirlər haqqında ətraflı məlumat verdi. Cənab Prezidentin qeyd etdiyi kimi, pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın əməkdaşlığa böyük ehtiyac var. O, vurğuladı ki, COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Heç bir ölkə bundan sığortalanmayıb. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik.

O cümlədən, Türk Şurasının da Prezident İlham Əliyevin təşəbbüsü ilə Zirvə görüşünün keçirilməsi, qlobal pandemiyaya qarşı birgə mübarizə reallığı qeyd edilən fikirləri sübut etməkdədir. Ona görə də, hesab edirəm ki, qlobal pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlıq böyük önəm daşıyır və bu önəmi təbliğ edən, diqqətə çatdırAn bilavasitə Azərbaycan dövləti və Prezidentidir”.

“Qlobal bəlanın yayılmasının qarşısının alınması istiqamətində və onun fəsadlarının aradan qaldırılması üçün Qoşulmama Hərəkatına üzv olan dövlətlərin də qarşısında duran ən mühüm vəzifələrdən biri və birincisi edilən çağırışlara səs vermələri, dəstək göstərmələridir və biz bunun şahidi olduq”, deyən AMEA-nın vitse-prezidenti əlavə edib ki, Prezident İlham Əliyev cənablarının təşəbbüsü ilə belə bir Zirvə görüşünün keçirilməsi və görüşün sonunda Bəyannamənin qəbul olunması bütün dövlətlərin səylərinin birləşdirilməsi çağırışının məntiqi sübutudur: “Belə ki, Azərbaycan öz təşəbbüsləri ilə qlobal əməkdaşlıq üçün mühüm platforma və körpü yaradıb, bu körpünün möhkəm dayaqlara söykənməsi də əlbəttə ki, şübhəsizdir. Eyni zamanda, Azərbaycan Prezidentinin Sədrliyi dövründə Qoşulmama Hərəkatının nüfuzunun, beynəlxalq aləmdə oynadığı rolun artırılması istiqamətində çox mühüm təşəbbüslər irəli sürür. Ona görə də, hesab edirəm ki, Təmas Qrupu formatında Zirvə görüşü də bu mənada çox əhəmiyyətli və vacib reallıqdır".

Millət vəkili daha bir vacib məqama da toxunaraq bildirdi ki, Qoşulmama Hərəkatı Azərbaycan üçün həm də siyasi baxımdan önəm kəsb edən reallıqdır. İsa Həbibbəyliyə görə, bura ilk növbədə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin reallıqlarının dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm siyasi mərkəzdir. SİTAT: “Qoşulmama Hərəkatının əsaslandığı, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörməti, bir-birinin daxili işlərinə qarışmamağı ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasət prinsipləri ilə üst-üstə düşür. Bakıda keçirilən Zirvə görüşünün Yekun Sənədinə ilk dəfə olaraq çox mühüm yeni bənd daxil edildi. Məlumdur ki, bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayır və təsdiq edirlər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Burada bilavasitə işğalçı ifadəsindən istifadə olunur. Yəni bu reallıq təcavüzkar Ermənistanın 120 dünya dövləti tərəfindən işğalçı kimi tanınması anlamını daşıyır”.

“Beləliklə, BMT-dən sonra ikinci böyük təşkilat hesab edilən Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycan fəal siyasət həyata keçirməkdədir və bu, həm dövlət maraqlarımızın qorunması, həm də Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun daha da güclənməsi baxımından əhəmiyyətlidir. Biz, bu əhəmiyyətin nə qədər mühüm səmərə verməsini də görməkdəyik”, deyən millət vəkili Azərbaycanın bütün məqamlarda öz gücünü və səriştəsini nümayiş etdirmək qüdrətində olduğunu vurğulayıb.

“Hesab edirəm ki, Azərbaycan hər zaman olduğu kimi bu sınaqdan da qalibiyyətlə, qətiyyətli iradə ilə uğurla çıxacaq. Çünki Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlar Azərbaycanın postpandemiya dövrünə hazır olduğunu deməyə əsas verməsi ilə yanaşı, həm də Onun uzaqgörən siyasəti nəticəsində qlobal təhlükə xalqımızdan, ölkəmizdən uzaqlaşdırıldı. İnanırıq ki, biz qısa zamanda daha böyük uğurlara imza atmaqla, dünyaya töhfələrimizi verməkdə davam edəcəyik”.

SİA.az

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR