26 Noyabr 2020, Cümə axşamı

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin kollektivinin iştirakı ilə videobağlantı formatında keçiri­lən tədbirdə daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov ulu öndər Heydər Əliyevin keçdiyi böyük, şərəfli, zəngin və mənalı ömür yolundan, ictimai və siyasi fəaliyyətindən bəhs edib. O, müasir müstəqil Azərbaycanın qurucusuna çevrilən ulu öndərin əvəzsiz irsinin Azərbaycan xalqının milli sərvəti olduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, xilaskarlıq missiyası ümummilli liderimizin genişmiqyaslı fəaliyyətinin birmənalı olaraq əsasını təşkil edib. Heyrətamiz idarəçilik istedadına, mətin iradəyə və misilsiz əzmkarlığa malik ulu öndər Azərbaycanda siyasi hakimiyyətə ilk gəlişində ölkəmizi tənəzzül burulğanından çıxararaq keçmiş SSRİ məkanında belə, yaxşı tanınmayan respublikamızı qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkə səviyyəsinə yüksəldə bildi. Dahi rəhbər hələ ötən əsrin 70-ci illərindən başlayaraq dahiyanə uzaqgörənliklə ölkəmizin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks layihələrin həyata keçirilməsinə nail oldu. O dövrdən başlanan sürətli inkişaf dağ və sərhəd rayonlarını da öz əhatəsinə aldı, sənaye, tikinti-quruculuq və aqrar-sənaye kompleksi inkişaf etdirildi, emal və hasilat şəbəkəsi genişləndi. Ulu öndərin rəhbərliyi ilə Azərbaycanın gələcək müstəqilliyi üçün təkcə iqtisadi əsaslar yaradılmayıb, bununla yanaşı, elm, təhsil, mədəniyyət və incəsənət sahələrində də böyük nailiyyətlər qazanılıb, milli oyanışın əsası qoyulub. Bir sözlə, uzaqgörən, böyük dövlət xadimi Heydər Əliyev 1969-1982-ci illərdə ölkəmizdə yüksək iqtisadi, elmi-mədəni və milli kadr potensialı formalaşdırmaqla bugünkü müstəqil Azərbaycanın möhkəm bünövrəsini qoyub.
Çıxışda vurğulanıb ki, ümummilli liderimiz Azərbaycanın müasir simasını müəyyənləşdirib. Onun ölkəmizə hər iki rəhbərliyi dövrü, eləcə də Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi illər müstəqil dövlətçilik tariximizin şanlı səhifələridir. 1990-1993-cü illərdə Naxçıvandan başlanan müstəqillik yolu Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrildi, milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımlar atıldı. Həmin dövr Azərbaycanın müstəqil dövlətçilik tarixində mühüm mərhələ təşkil edir.
Daimi nümayəndəliyin rəhbəri diqqətə çatdırıb ki, zamanın hökmü ilə Azərbaycan dövlətinə və xalqına rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürən praqmatik və xarizmatik lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkəmizin müstəqillik yolu ilə irəliləyişi üçün dönüş məqamı oldu. Ulu öndərin qətiyyəti və əzmkarlığı sayəsində ölkəmiz parçalanmaqdan, vətəndaş müharibəsindən qurtuldu, Azərbaycanda milli-ideoloji birliyin təməli qoyuldu, güclü ordu yaradıldı, möhkəm və davamlı quruculuq yolu müəyyənləşdirildi, torpaqlarımızın işğalının qarşısı alındı. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin çox önəmli bir istiqamətini də doğma torpağımız olan Dağlıq Qarabağda Ermənistan işğalına son qoyulması, bu torpaqlarda Azərbaycan Respublikasının suverenliyinin təmin edilməsi üçün fəaliyyət proqramının işlənilməsi və həyata keçirilməsi oldu. Dahi liderin fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrildi. Bu gün ulu öndərin siyasi xəttini uğurla davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqillik tarixinin ən parlaq səhifələri yazılır.
Bəxtiyar Əsgərov qeyd edib ki, bu gün ulu öndər Heydər Əliyevin quruculuq xəttinin uğurla davam etdirildiyi Naxçıvan Muxtar Respublikası da davamlı inkişaf yolundadır. Ümummilli liderimiz Heydər Əliyevin ideyalarına dərin sədaqət, onun ideyalarının layiqincə davam etdirilməsi nəticəsində muxtar respublika bu gün hərtərəfli yüksəlişə, dayanıqlı və davamlı inkişafa qovuşub. Ötən illər ərzində bu qədim diyarda elm, təhsil, mədəniyyət, kənd təsərrüfatı, ordu quruculuğu və digər sahələrdə əsaslı irəliləyişə nail olunub. Naxçıvan şəhərində, rayon mərkəzlərində, eləcə də ucqar dağ və sərhəd kəndlərində müasir infrastrukturun yaradılması, yeni yolların və körpülərin salınması yaşayış məntəqələrinin simasını tamamilə dəyişib, insanlara rahatlıq və firavan həyat bəxş edib. Heydər Əliyev siyasi xətti müstəqil Azərbaycanın dünənini və bu gününü yaşadan, gələcək inkişafına etibarlı zəmin yaradan milli dövlətçilik yoludur.
Vurğulanıb ki, dahi rəhbərin ideyaları bu gün Azərbaycan xalqını yaşadan və daim irəliyə aparan, onun gələcəyini müəyyənləşdirən ideyalardır. Görkəmli dövlət xadiminin bütün həyatı Azərbaycanın əbədi müstəqilliyinə, qüdrətli dövlətçiliyinə və davamlı inkişafına həsr olunub. Nə qədər ki, qədirbilən xalqımız, Azərbaycan xalqı var, ümummilli liderimiz də daim bizimlə birlikdə, sevilərək yaşayacaq, onun ideyaları isə doğma xalqımızı daha böyük inkişafa, yüksəlişə, qələbələrə qovuşduracaq.

AZƏRTAC

ARXİV

Noyabr 2020
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR