30 May 2020, Şənbə

İkinci Dünya müharibəsində Naxçıvan tarixinin 

salnaməsindən səhifələr (1941-1945)

1941-1945-ci illər müharibəsində azərbaycanlıların, o cümlədən naxçıvanlıların ön və arxa cəbhədə göstərdikləri qəhrəmanlıqlar və fədakarlıqlar xalqımızın mübarizə dolu tarix səhifələrinə əbədi olaraq həkk olunmuşdur. Lakin Sovet İttifaqının dağılması ilə bu insanlara olan münasibət dəyişsə də, ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişi ilə onlar yenidən xalqın sevimlisinə çevrilmiş, sayılıb-seçilmişlər. Heydər Əliyev siyasətinin davamçısı olan ölkə başçısı cənab İlham Əliyevin prezidentliyi dövründə də bu insanlara daim diqqət və qayğı göstərilmiş, onların qəhrəmanlıqları və fədakarlığı yüksək qiymətləndirilmişdir.

 

Cəbhədə göstərdikləri şücaətə görə həmyerlilərimizdən 3 nəfər – Abbas Quliyev, Qəzənfər Əkbərov, Nəcəfqulu Rəfiyev Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada, Rəhim Rəhimov “Şöhrət” ordeninin bütün dərəcələrinə, 80 nəfər “Lenin” ordeninə, 105 nəfər I və II dərəcəli “Vətən Müharibəsi” ordenlərinə, 315 nəfər “Qırmızı Ulduz” ordeninə, 42 nəfər “Qırmızı Bayraq” ordeninə layiq görülmüşdür.
22 iyul 1941-ci ilin məlumatına görə, Naxçıvan MSSR-dən 6491 nəfər könüllü hərbi komissarlığa gedərək oradan cəbhəyə yollanmışdır.
Zəhmətkeşlərin təşəbbüsü ilə muxtar respublika üzrə müdafiə fonduna 1,208.600 manat nağd pul, 1.727.00 istiqraz vərəqəsi, 12 kiloqram qızıl və gümüş toplanaraq dövlət bankına verilmiş, tədarük məntəqələrinə 66,11 ton taxıl, 64,3 ton ət, 2155 kiloqram yun, 897 kiloqram yağ, 106 ton tərəvəz, 3634 cüt yun əlcək, müxtəlif geyimlər və başqa əşyalar toplanıb cəbhəyə göndərilmişdir.
Muxtar respublikanın zəhmətkeşləri “Azərbaycan kolxozçusu”, “Azərbaycan gənc pioneri” adına tank koloniyalarına müvafiq olaraq 748.796 və 410.447 manat və “Azərbaycan gənc pioneri” adına hərbi təyyarənin hazırlanması üçün isə 120.114 manat pul toplamışlar. Pul vəsaitlərinin toplanmasında Şərur rayonunun Düdəngə kənd sakini Həsən Şirəliyev, Sərxanlı kənd sakini Qaraş Mədətov fəal iştirak etmişlər. Müdafiə fonduna qadınlarımızdan Səkinə Məmmədova 3, Surə Bektaşi 3, Səkinə Rzalı 6 qızıl üzük, Leyla Rzayeva və Rübabə Talıbova hər biri 9 qram qızıl və digər qiymətli əşyalar vermişlər. Naxçıvan Muxtar Respublikasından müharibədə cəmi 29024 nəfər iştirak etmiş, onlardan 15325-i geri qayıtmamışdır.
ABŞ prezidenti Ruzvelt 24 avqust 1939-cu il tarixdə Hitler respublikasının prezidentinə və İtaliya kralına müraciət göndərərək onları Avropada sülhü müdafiə etmək üçün tədbirlər görməyə çağırır. Lakin bütün səylərə baxmayaraq, bəşəriyyəti ölüm kabusu – müharibə təhlükəsi addım-addım izləyirdi.
İkinci Dünya müharibəsi zamanı,1941-ci il iyun ayının 22-də SSRİ üzərinə təşkil edilmiş alman-faşist qoşunlarının hücum əməliyyatlarına cavab olaraq sovet vətəndaşları, bütövlükdə, ayağa qalxaraq Böyük Vətən müharibəsi cəbhələrinə yollandılar.
Böyük Vətən müharibəsinin ağır illərində Naxçıvan Muxtar Respublikasının zəhmətkeşləri, minlərlə oğul və qızları könüllü olaraq döyüşən ordu sıralarına getmişlər. Hərbi komissarlıqlara könüllülərdən 5 mindən çox ərizə daxil olmuşdu. 10 min nəfərdən çox vətənpərvər “Xalq ordusu qoşunları” sıralarına dəstələrə yazılırdı.
Müharibənin ilk günlərindən sərhədboyu rayonlardan başlamış Leninqrad, Moskva, Sevastopol, Odessa, Stalinqrad, Kiyev və digər şəhərlər uğrunda, Qafqaz uğrunda gedən şiddətli döyüşlərdə, Dnepr çayını döyüşə-döyüşə keçməkdə, Sovet ordusunun sonrakı hücum döyüşlərində, partizan əməliyyatlarında, Berlin uğrunda vuruşmalarda naxçıvanlı oğul və qızlar misilsiz igidliklər göstərmişlər. Sovet İttifaqı qəhrəmanları Qəzənfər Əkbərov, Abbas Quliyev, Nəcəfqulu Rəfiyev ölüm-dirim mübarizəsində böyük şöhrət qazanmışlar.
Hərbi feldşer Allahverdi Kərimov Rostov döyüşlərində şücaətinə görə “Qırmızı Bayraq” və “Qırmızı Ulduz” ordenləri ilə təltif edilmişdir.
1942-ci ildə Qafqaz uğrunda vuruşmalarda komandir Akim Abbasov düşmənin 40-a yaxın tankını məhv etməyə nail olmuşdur.
Naxçıvanlı müəllim Əli Baba­yevin komandirliyi altında Çapayev adına beynəlmiləl partizan batalyonu İtaliya və Yuqoslaviya partizanları ilə çiyin-çiyinə bir ildən artıq faşistlərlə vuruşmuş, bu igidliyi ilə İtaliya Respublikasının “Gümüş ­medal”ı ilə təltif edilmişdir.
Buhenvald əfsanəsi Əkbər Ağa­yevin mətinliyi, ağır düşərgə şəraitində göstərdiyi mənəvi ölməzlik nəsillərə gözəl nümunədir. Əkbər Ağayev Buhenvald həbs düşərgəsində əsirlər arasında siyasi iş aparır, onları mübarizəyə ruhlandırırdı. Böyük Vətən müharibəsi illərində muxtar respublikanın yüzlərlə vətənpərvər qızı silaha sarılaraq Vətənin müdafiəsinə getmişdi. Onlar canlarını əsirgəmədən cəbhələrdə və partizan dəstələrində vuruşmuş, minlərlə yaralı əsgəri döyüş meydanından çıxararaq ölümün pəncəsindən xilas etmişlər. Zərifə Camalbəyova, Dilbər Təhməzbəyova, Surə Allahverdiyeva, Səkinə Səfiyeva, Səfiyyə Sultanova, Lora Abdullayeva və yüzlərlə başqaları böyük xidmətlərinə görə Vətənin yüksək orden və medalları ilə mükafatlandırılmışlar. Ön cəbhələrdə şiddətli döyüşlərin davam etdiyi bir vaxtda Naxçıvan arxa cəbhədə də əhalisi “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarı ilə işləyirdi.
Müxtəlif sənəd və materialların araşdırılmasından məlum olur ki, müharibə başlanandan az sonra “Azərbaycan kolxozçusu” “Tank dəstəsi yaratmaq fondu” təşkil edilmiş və naxçıvanlı zəhmətkeşlər də bu fondun tərkibinin zənginləşdirilməsinə öz töhfələrini vermişlər. Belə ki, sənədlərdən birində qeyd olunur: “Naxçıvan MSSR” Azərbaycan kolxozçusu” “Tank dəstəsi yaratmaq fondu”na vəsait toplanışı müvəffəqiyyətlə davam etdirilir. 1942-ci il dekabrın 22-dək respublikada “Tank dəstəsi yaratmaq fondu”na 3.346000 manat vəsait toplanmışdır ki, bunun 2.822.000 manatı dövlət bankındakı cari hesaba verilmişdir.
Bu sahədə ən qabaqcıl olan Şərur rayonunda 1.720000 manat vəsait toplanmışdır. Naxçıvan rayonunun kolxozçuları və kolxozçu qadınları bu fonda 900000 manat vəsait vermişlər.
Kolxozçu kəndlilərimiz öz şəxsi ehtiyatlarından Qızıl Ordu üçün fonda taxıl verməyi də böyük ruh yüksəkliyi ilə davam etdirirdilər. Şərurlular bu sahədə də irəlidə gedərək dekabrın 22-dək həmin fonda 5000 pud taxıl vermişlər. Naxçıvan rayonunun kolxozçuları və kolxozçu qadınları Qızıl Ordu üçün fonda 800 pud taxıl vermişlər”.
30 dekabr 1942-ci il tarixli sənəddən bəlli olur ki, artıq tank dəstəsi fonduna 5.400.000 manat vəsait toplanmışdır ki, bunun da 4.776.000 manatı dövlət bankındakı cari hesaba verilmişdir.
Şərur rayonu üzrə 2.238.425, Əbrəqunus rayonu üzrə 252.250, Culfa rayonu üzrə isə 122.000 manat dövlət bankına daxil olmuşdur. Naxçıvan MSSR-in kolxozçu kəndliləri öz şəxsi taxıl ehtiyatlarından Qızıl Ordu üçün fonda dekabrın 30-dək 8463 pud taxıl vermişdilər.
1942-ci ilin dekabrında Azərbaycan K(b)PMK-nın katibi Mir Cəfər Bağırov Stalinə məktub göndərərək bildirir: “Sizin tarixi məruzənizlə ruhlanmış, ürəkləri nemes-faşist işğalçılarına qarşı müqəddəs kinlə alovlanan və var qüvvələrini, sovet torpağını vəhşi faşistlərdən təmizləmək uğrunda qəhrəmancasına mübarizə aparan Qızıl Ordunun da möhkəmləndirilməsinə öz töhfələrini verən Azərbaycan SSR kolxozçuları və kolxozçu qadınları “Azərbaycan kolxozçusu” tank dəstəsi yaradılması üçün 81 milyon 20 min manat toplamışlar. Taxıl fonduna könüllü olaraq 140.092 pud taxıl vermişlər. Respublikanın kolxozçuları ət, yağ, pendir, yun təhvili sahəsində dövlət təəhhüdlərini vaxtından əvvəl yerinə yetirmiş və gələn ilin tədarükü hesabına avans olaraq 484.197 pud ət, 14.397 pud yağ, 20.106 pud pendir, 34.200 pud yun vermişlər. Vəsait toplanması davam edir”.
Stalin cavab olaraq Mir Cəfər Bağırova məktub göndərir və bildirir: “Azərbaycan kolxozçusu” tank dəstəsi yaradılması üçün 81 milyon 29 min manat toplamış və dövlət təəhhüdlərini yerinə yetirdikdən sonra Qızıl Ordu fonduna 140.000 puddan artıq taxıl vermiş olan Azərbaycan SSR-in kolxozçularına və kolxozçu qadınlarına mənim qardaşlıq salamımı və Qızıl Ordunun təşəkkürünü yetirin”.
1942-ci ilin sonunadək naxçıvanlı zəhmətkeşlər, ayrı-ayrı ailələr, məktəblilər bu aksiyada fəal iştirak etmişlər. Şərur rayonunun Yengicə kəndindəki “Sosializm” kolxozunun sədri, Naxçıvan MSSR Baş Soveti deputatı, ordenli Hüseyn Əliyev tank dəstəsi yaradılması fonduna 100.000 manat, Arınc kəndindəki kolxoz 105.000 manat, Cəhri kəndindəki M.C.Bağırov adına kolxozun sədri Yusif İsmayılov 100.000 manat, Çərçiboğan kəndindəki “Sovet” kolxozunun sədri Bəhmən Cəfərov və Maxta kənd Stalin adına kolxozun sədri Məmmədsalah Allahverdiyev hərəsi 60.000 manat pul vermişlər. Məktəblilər də bu fonda öz səxavətlərini əsirgəmirdilər. Siyaqut kənd məktəbinin 5-ci sinif şagirdi Əmir Hüseynəliyev 40.000 manat, 2-ci sinif şagirdi Xavər Mustafayeva 25.000 manat, Mahmud kəndindən komsomolçu qız Minayə Məmmədova 15.000 manat, şərurlu pioner Cəlil Məmmədov 20.000 manat, Düdəngə kənd pionerlərindən Musa Məmmədov 15.000 manat vermişlər.
Ümumiyyətlə, 1942-ci ilin dekabr ayının sonunda təkcə Şərur rayonundan komsomolçular “Azərbaycan kolxozçusu” tank dəstəsi yaratmaq fonduna 736.000 manat pul, 764 pud taxıl vermişlər.
Qaraçuqlular da tank dəstəsi fonduna böyük yardım göstərmişlər. Kəndin kolxoz sədri İsmayıl Həsənov 2000, ferma müdiri Qulam Səfərov, anbardar Qılınc Zeynalov, partkom Məmmədtağı Əkbərov hər biri 1000, Məşədi Heydər Qurbanov 500, Dünyamalı Səfərov 300 manat pul verməklə fonda cəmi 23.500 manat həcmində köməklik etmişlər.
Ordubad rayonunun zəhmətkeşləri Qızıl Ordunun döyüşçülərinə 850 bağlama göndərmişlər. Parağa kəndindəki Kirov kolxozundan 50, Bist kəndindən 45, Aza kənd kolxozundan 32, Biləv kənd Çkalov adına kolxozdan 40 bağlama cəbhəyə yola salınmışdır.
1943-cü ilin əvvəllərində Naxçıvan rayonunun Aşağı Leninabad kənd kolxozçuları azad edilmiş rayonların əhalisi üçün 6200 manat pul toplamışlar. O cümlədən Əmir Nəcəfov 500, Məmmədəli Bağırov 450 manat pul vermiş, Zeynalabdin Məmmədov, Muxtar İbrahimov, Hüseyn Əhmədov hər biri bir qoyun, 20 kiloqram taxıl vermişlər.
Ümumiyyətlə, müharibə dövründə muxtar respublikanın bütün zəhmətkeşləri yüksək vətənpərvərlik nümayiş etdirərək müdafiə fonduna 1 milyon 300 min manat pul, 12 kiloqram qızıl və gümüş, 500 min pud taxıl, 150 min dəst isti paltar və minlərlə sovqat vermişlər. Təkcə 1942-1943-cü illərdə muxtar respublikanın kolxozçuları dövlətə 677 min 613 pud taxıl, 165 min 970 pud ət, 6 min 760 pud yağ, 13 min 179 pud yun təhvil vermişdilər.
Özünün dostluq, yoldaşlıq ənənələrinə sadiq qalan muxtar respublikanın əməkçiləri müharibədən zərər çəkən respublikalara yardım göstərərək, 1943-cü ildə Naxçıvan MSSR-dən Stavropol kolxozçularına 483 min manat pul, çoxlu paltar və başqa əşyalar göndərmişlər.

Bütövlükdə, İkinci Dünya müharibəsi dövründə əhalisinin çətin vəziyyətə düşməsinə baxmayaraq, əsl qəhrəmanlıq hünəri göstərmiş Naxçıvan Muxtar Respublikası bir zamanlar “dostcasına, qardaşcasına yaşamış SSRİ xalqlarına” deyil, həm də dünya ictimaiyyətinə olan borcunu yerinə yetirdi. Körpə, dilsiz-ağızsız uşaqların, belibükük qocaların, xəstələrin boğazından kəsib müharibəyə göndərdiyi nemətlərdən təkcə azərbaycanlı balaları, əsgərləri deyil, eyni zamanda erməni, cuhud, yəhudi, rus, gürcü, ukraynalı və yüzlərlə digər millətlərdən olan əsgərlər qidalanmış, o ağır illərin aclığına sinə gərmişlər. Naxçıvan yenə həmin sədaqətli, dostluğa, yoldaşlığa etibarlı olan Naxçıvandır. Arzu edərdik ki, bu gün müstəqil Azərbaycanın, ürək parçası olan Naxçıvana da dünya xalqları tərəfindən hər zaman hörmət və ehtiramla yanaşılsın, tarixi unutmasın, naxçıvanlıların bu igidlik və səxavətlərindən ibrət dərsləri götürsünlər.

Nəzakət Əsədova
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin direktoru,
Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi

 

 

 

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR