26 Sentyabr 2020, Şənbə

Mayın 7-də AMEA-nın təşkilatçılığı ilə “Heydər Əliyevin dövlətçilik təlimi və müasir dövr” mövzusunda beynəlxalq onlayn elmi konfrans keçirilib. Məruzəçilər və iştirakçılar tədbirə videokonfrans sistemi vasitəsilə qatılıblar.

AMEA-dan bildirilib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş konfransı giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli açıb. Alim ulu öndər Heydər Əliyevin XX əsrin görkəmli siyasi və dövlət xadimi olduğunu, onun dünya liderləri səviyyəsində yüksək qiymətləndirildiyini bildirib. Qeyd edib ki, ulu öndərin adı haqlı olaraq müstəqil Azərbaycan Respublikasının adı ilə bərabər çəkilir: “Azərbaycanın son yarım əsrdən artıq bir dövrdəki inkişafının bütün hadisələri, əsas nailiyyətləri ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə birbaşa bağlıdır. Bu böyük düha bütün fəaliyyəti boyu dünyada və ölkəmizdə gedən siyasi prosesləri qabaqlayıb, xalqımızın milli maraqlarını və dövlətçilik mənafelərini hər şeydən üstün tutub, taleyüklü qərarlar qəbul edib”.

O, dahi liderin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən, ictimai-siyasi fəaliyyətindən, respublikanın sosial-iqtisadi və mədəni quruculuq sahələrinin inkişafındakı əvəzsiz rolundan söz açıb. Bildirib ki, ulu öndər Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində həmişə mənsub olduğu xalqın azadlığı və tərəqqisi üçün çalışıb.

AMEA-nın birinci vitse-prezidenti vurğulayıb ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisi, yeni Azərbaycanın yaradıcısıdır. Bu böyük şəxsiyyətin dahiyanə şəkildə irəli sürdüyü azərbaycançılıq siyasəti ölkəmizdə yaşayan bütün xalqları və etnik qrupları öz ətrafında birləşdirən, ictimai-siyasi sabitliyə təminat verən dövlət ideologiyasının əsaslarını təşkil edir.

İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq dahi rəhbər Heydər Əliyev Ümummilli Lider səviyyəsini fəth edib.

Sonra alim Azərbaycan dilinin dövlət dili kimi rəsmiləşdirilməsində ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən söz açıb. Qeyd edib ki, dahi şəxsiyyət sovet hakimiyyəti dövründə dilimizin dövlət dili olması tələbi ilə məsələ qaldırıb və 1978-ci ildə Azərbaycan dili dövlət dili kimi Konstitusiyanın ayrıca bir maddəsində əksini tapıb.

Hələ sovet hökumətinin ən sərt dövründə Heydər Əliyevin Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin əsasını qoyduğunu xatırladan birinci vitse-prezident, bu tarixi hadisənin Ulu Öndərin təşəbbüsü və uzaqgörən siyasəti nəticəsində reallaşdığını diqqətə çatdırıb. İsa Həbibbəyli vurğulayıb ki, Ulu Öndərin rəhbərliyi ilə üçrəngli bayrağımızın ilk dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində ucaldılması, SSRİ-nin qorunub saxlanması ilə bağlı keçirilən referendumda Naxçıvan Muxtar Respublikasının iştirak etməməsi, Azərbaycanda ilk milli ordu quruculuğu prosesinə Naxçıvandan başlanılması müstəqil dövlətçilik yolunda atılan uğurlu addımlar idi.

AMEA-nın birinci vitse-prezidenti bildirib ki, bu gün ölkəmizdə ulu öndər Heydər Əliyevin böyük ideyaları ardıcıllıqla və uğurla həyata keçirilir. Prezident İlham Əliyev müstəqil Azərbaycanı yeni epoxanın reallıqlarına uyğun şəkildə böyük sürətlə inkişaf etdirərək yeni sabahlara doğru aparır.

Prezident İlham Əliyevin ölkəmizdə koronavirusun qarşısının maksimum şəkildə alınması istiqamətində böyük işlər apardığını vurğulayan İsa Həbibbəyli bu tədbirlərin yüksək siyasi qiymətə malik olduğunu söyləyib.

O, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə keçirilən Zirvə görüşünü də xatırladıb. Bu tədbirin dünya dövlətlərinin virusa qarşı öz səylərini birləşdirmək baxımından əhəmiyyətli olduğunu xüsusi vurğulayıb.

Daha sonra Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali “Türk xalqları arasında qarşılıqlı əlaqələrin inkişafında Heydər Əliyevin rolu” mövzusunda çıxış edib. O, Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan konfransa qatılmaqdan məmnunluğunu ifadə edib.

D.Kıdırali dünya miqyaslı siyasətçi, türk dünyasının böyük övladı, görkəmli dövlət xadimi Heydər Əliyevin bütün həyatını Azərbaycan xalqının rifahına, dirçəlişinə həsr edərək ölməzlik qazandığını diqqətə çatdırıb. O, hələ sovet dövründə Azərbaycanda ciddi islahat və quruculuq işlərinin həyata keçirildiyini və bu tədbirlərin müstəqillik illərində Heydər Əliyevin xidmətləri sayəsində davam etdirildiyini bildirib. Qeyd edib ki, görkəmli siyasi liderin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün beynəlxalq birliyin nüfuzlu bir üzvü kimi xarici siyasətini gücləndirməkdədir.

Beynəlxalq Türk Akademiyasının prezidenti ulu öndər Heydər Əliyevin Azərbaycan, Qazaxıstan və türk dünyası ilə bağlı xidmətlərindən də söhbət açıb. Bildirib ki, o, Azərbaycan və Qazaxıstanın çoxəsrlik dostluq əlaqələrinin möhkəmlənməsi üçün böyük işlər görüb.

Türk dövlətlərinin inteqrasiyasına xidmət edən TÜRKSOY kimi qurumların yaradılmasında Heydər Əliyevin müstəsna xidmətlərindən danışan D.Kıdırali vurğulayıb ki, dahi şair Məhəmməd Füzulinin 500, “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileylərinin UNESCO səviyyəsində qeyd olunması, Azərbaycanın müstəqil türk dövləti kimi dünyada tanıdılması, o cümlədən türk dünyası rəhbərlərinin Zirvə görüşlərinin təşkili ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Məruzəçi əlavə edib ki, görkəmli şəxsiyyət Heydər Əliyev türk dünyasının birliyinə heç zaman yalnız etnik köklərin ümumiliyinə əsaslanan mədəni-etnoqrafik birlik kimi baxmaqla kifayətlənməyib. O, türk dünyasının yüksəlişi barədə siyasi mövqeyini aydın və açıq şəkildə ortaya qoyaraq bildirib ki, özünün yeni yüksəliş dövrünü yaşayan çağdaş türk dünyası bəşər sivilizasiyasına yeni və misilsiz nümunələr vermək iqtidarındadır.

D.Kıdırali qeyd edib ki, Heydər Əliyevin böyük əhəmiyyət verdiyi türk xalqlarının birliyi, eyni zamanda, Qazaxıstanın və Azərbaycanın bərabərhüquqlu, qarşılıqlı etimada əsaslanan əməkdaşlığı bu gün hər iki ölkənin liderləri tərəfindən uğurla davam etdirilir.

Sonda D.Kıdırali ümummilli lider Heydər Əliyevin cismən aramızda olmasa da, onun ideyalarının, yaratdığı dövlətçilik ənənələrinin daim yaşayacağını vurğulayıb.

Beynəlxalq videokonfransda Şimali Kiprin Yaxın Doğu Universitetinin professoru Fəxrəddin Sadıqoğlu “Kiprdə Heydər Əliyev xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər”, Rusiyanın Rostov şəhərində yerləşən “Cənub Universiteti”nin (İdarəetmə, Biznes və Hüquq İnstitutu) rektoru, professor İmran Əkbərov “Azərbaycan-Rusiya münasibətlərinin formalaşmasında Heydər Əliyevin rolu”, Ərdahan Universitetinin rektoru, professor Ramazan Qorxmaz ”Heydər Əliyev və Azərbaycan-Türkiyə münasibətləri” mövzusunda məruzələrlə çıxış ediblər.

Bundan başqa, onlayn tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Heydər Əliyevin Naxçıvan dövrü fəaliyyəti”, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin “Heydər Əliyev və Azərbaycan mətbuatı”, Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun “Heydər Əliyev və Azərbaycan dili”, Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin “Heydər Əliyevin obrazı xalçaçılıq sənətində”, Fəlsəfə İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Eynulla Mədətlinin “Azərbaycan diplomatiyasının inkişafında Heydər Əliyev fenomeninin rolu”, AMEA-nın Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadənin “Heydər Əliyev və Azərbaycan qadını”, Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru Elnarə Akimovanın “Ədəbiyyatda Heydər Əliyev obrazı” və Yeni Azərbaycan Partiyası AMEA ərazi partiya təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru Ulduzə Mehvalıyevanın “Heydər Əliyev Yeni Azərbaycan Partiyasının qurucusu kimi” mövzusunda məruzələri dinlənilib.

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR