07 İyun 2020, Bazar

    Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1993-cü il 20 dekabr tarixli Qərarı ilə hər il mayın 3-ü Beynəlxalq Mətbuat və Söz Azadlığı Günü kimi qeyd olunur.

 Müstəqilliyimizin ilk illərində digər sahələrdə olduğu kimi, mətbuat sahəsində də böyük problemlər mövcud idi. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə milli mətbuatımızda yaranmış problemlər də aradan qaldırılmışdır. Ölkənin müvafiq qanunvericilik aktlarında dəyişikliklər edilmiş və Azərbaycan söz və mətbuat azadlığının təmin olunması ilə əlaqədar mövcud beynəlxalq konvensiyalara və sazişlərə qoşulmuşdur. Ulu öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə ölkəmizdə senzura ləğv edilmişdir. 1999-cu il dekabrın 7-də qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu isə bu sahədə fəaliyyəti tənzimləyən əsas hüquqi sənəd olmuş, Azərbaycan Respublikasının Konstitusiyasında söz, fikir və mətbuat azadlığı təsbit edilmişdir. Müdrik dövlət rəhbəri deyirdi: “Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir. O, həyatın güzgüsü, həqiqətin carçısı olmalı, insanları yüksək ideallar uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir”.   

 

            Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev də mətbuatın inkişafına hərtərəfli qayğı göstərir. Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün lazımi şərait vardır. “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın qəbul olunması mətbuat-dövlət münasibətlərini tənzimləyən əsas sənəddir. Dövlət başçısının 2009-cu il aprelin 3-də imzaladığı “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” Fərmanı da bu istiqamətdə atılmış mütərəqqi addımlardandır. Ölkə Prezidenti söz və mətbuat azadlığının əhəmiyyətini vurğulayaraq demişdir: “Bütövlükdə söz və informasiya azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz və informasiya azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir”.

    Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə əldə olunan inkişaf və yüksəliş kütləvi informasiya orqanlarını da əhatə etmiş, azad mətbuatın  formalaşmasına şərait yaratmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2000-ci il 29 mart tarixli “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” Sərəncamı muxtar respublikanın kütləvi informasiya vasitələrinin fəaliyyətini genişləndirmiş, mətbuatın inkişafı sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. 2005-ci ildə Naxçıvan Mətbuat Şurasının, 2007-ci ildə isə Televiziya və Radio Şurasının yaradılması bu sahənin inkişafını keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir. 2010-cu ildə “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni binanın istifadəyə verilməsi və müasir mətbəə avadanlıqlarının quraşdırılması qəzetlərin günün tələblərinə uyğun nəşrinə şərait yaratmışdır. Muxtar respublikada bütün qəzet və jurnallar bu gün yüksək poliqrafik keyfiyyətlə nəşr olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə mətbuat sahəsində çalışanların əməkhaqları artırılmış, əməyi ilə fərqlənən jurnalistlər fəxri adlara layiq görülmüşlər. Hazırda muxtar respublikada “Şərq qapısı” ilə yanaşı, 8 şəhər və rayon qəzeti, universitet televiziya və radiosu da daxil olmaqla, 3 televiziya, 3 radio və 6 nəşriyyat fəaliyyət göstərir, kütləvi informasiya orqanlarında 400-dən artıq əməkdaş çalışır.

    Sürətli internetə çıxış imkanlarının yaradılması və rəqəmsal yayıma keçid Naxçıvanın informasiya blokadasının yarılmasına, qədim diyarın müasir sosial-iqtisadi inkişafı, tarixi və turizm potensialı haqqında məlumatların oxucu, tamaşaçı və dinləyicilərə daha operativ çatdırılmasına imkan verir.

    Ali Məclis Sədrinin mətbuat orqanlarına olan hərtərəfli qayğısı kütləvi informasiya vasitələrində keyfiyyət dəyişikliyinin yaranmasına səbəb olmuşdur. Bunun nəticəsidir ki, qəzetlərin maddi-texniki bazası mərhələli şəkildə möhkəmləndirilmiş, yaradıcılıq imkanları artırılmışdır. Görülən işlərin davamı kimi 2018-ci ildə dövlət teleradiosuna, “Şərq qapısı”, şəhər və rayon qəzetlərinə, Televiziya və Radio Şurasına ümumi dəyəri 250 min manata yaxın olan müxtəlif avadanlıqlar alınmışdır. Bu gün Naxçıvan Dövlət Teleradiosu, o cümlədən “Naxçıvanın səsi” radiosu və “Kanal 35” televiziyası ən müasir rəqəmsal bazaya malikdir. Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin binası yenidən qurulmuş, yeni nəsil rəqəmsal teleradio avadanlıqları quraşdırılmışdır. Həmçinin Naxçıvan Dövlət Televiziyası və Radiosunun efir vaxtı 4 saatdan 19 saatadək artırılmışdır. Cari il aprel ayının 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə 22 adda, 91 min 220 manat dəyərində yeni çəkiliş və efir avadanlıqlarının alınması isə teleradionun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamıdır.

    2011-ci ildən etibarən “Şərq qapısı” qəzetinin internet saytı fəaliyyətə başlamış, qəzetin elektron arxiv bazası yaradılmışdır. Sayt 2019-cu ildə tamamilə yenilənmiş, müasir tələblərə cavab verəcək formaya salınmışdır. 2016-cı ildə isə Naxçıvan Dövlət Televiziyasının saytı istifadəyə verilmiş və televiziya internet üzərindən yayıma başlamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq işinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 6 fevral tarixli Sərəncamına əsasən “Nuhçıxan” İnformasiya Agentliyi yaradılmış, agentliyin saytı hazırlanmışdır. “Nuhçıxan” İnformasiya Agentliyinin uğurlu fəaliyyəti Naxçıvanın informasiya blokadasının yarılmasına, qədim diyarın müasir sosial-iqtisadi inkişafı, tarixi və turizm potensialı haqqında məlumatların geniş oxucu, tamaşaçı və izləyici auditoriyasına çatdırılmasına istiqamətlənmişdir. Hazırda “Nuhçıxan” İnformasiya Agentliyi muxtar respublika ilə bağlı ən mühüm informasiyaları, şərh və rəyləri, analitik məqalələri, foto və videoinformasiyaları, rəsmi materialları üç dildə dünyaya çatdırır.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 18 may tarixli Sərəncamına əsasən muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarında mətbuat və ictimaiyyətlə əlaqələr üzrə vəzifələrin təsis olunması dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında informasiya siyasətinin həyata keçirilməsində yeni mərhələnin əsasını qoymaqla yanaşı, həm də informasiya ehtiyatlarının təhlükəsizliyinin təmin olunması sahəsində konkret istiqamətlər müəyyənləşdirmişdir. Muxtar respublikanın şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə müasir poçt xidmətlərinin təşkil olunması dövri mətbuatın oxuculara vaxtında çatdırılmasını təmin edir. Bütün bunlar insanların informasiya əldə etmək hüququnun təmin olunması sahəsində görülən işlərin tərkib hissəsidir. Digər bir tərəfdən informasiya cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikada internet şəbəkəsinin əhatə dairəsini xeyli genişləndirmişdir. Artıq ən ucqar kənd lərdə belə, genişzolaqlı internet, eləcə də IP və rəqəmsal televiziya xidmətləri göstərilir. “Naxtel” mobil operatorunun fəaliyyətə başlaması isə Naxçıvanda 4G internetdən istifadəyə geniş imkanlar açmışdır. Bir zamanlar informasiya blokadasına salınan Naxçıvan bu gün dünyanın hər yerində tanınır, ölkə və dünya mediasında muxtar respublika haqqında müxtəlif dillərdə məlumatlar yayımlanır. Muxtar respublikada baş verən yeniliklər, sosial-iqtisadi inkişaf, ictimai-mədəni hadisələr, beynəlxalq tədbirlər, diyarımızın turizm potensialı haqqında materiallar geniş tamaşaçı, dinləyici, izləyici və oxucu auditoriyasına çatdırılır. Həmçinin hər il onlarla xarici jurnalist Naxçıvanda olur, qədim diyarla bağlı silsilə yazı və verilişlər hazırlayırlar. Bütün bunlar muxtar respublikada söz və mətbuat azadlığının, demokratik prinsiplərin bərqərar olmasına, kütləvi informasiya vasitələrinin fəaliyyətinə göstərilən dövlət qayğısının bəhrələridir.

    Sürətli internet təminatı sosial şəbəkələrdən sərbəst istifadəyə imkan verir. Artıq muxtar respublikada kütləvi informasiya vasitələrinin, eləcə də yüz minlərlə sakinin “Youtube”, “Facebook”, “Instagram” və digər sosial şəbəkələrdə səhifələri vardır. Bu da informasiyaların daha operativ əldə edilməsi ilə yanaşı, muxtar respublikanın tarixi, mədəniyyəti, turizm potensialı və müasir inkişafı haqqında təbliğat işinin aparılmasına da şərait yaradır.

    2019-cu il də muxtar respublika mətbuatında çox əlamətdar hadisələrlə yadda qalmışdır. Belə ki, kütləvi informasiya vasitələrinə dövlət qayğısının növbəti ifadəsi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2019-cu il 19 sentyabr tarixli Fərmanı ilə Ali Məclisin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmışdır. Sentyabrın 27-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun müşahidə şurasının ilk iclası və media nümayəndələri ilə görüş keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov görüşdə demişdir: “Sosial-iqtisadi inkişaf, ictimai həyatın bütün sahələrinin yeniləşdirilməsi cəmiyyətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsini, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsini zəruri edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 19 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da muxtar respublikanın mətbuat tarixində yeni inkişaf mərhələsinin əsasını qoymuşdur”.

    Ötən il Naxçıvan Mətbuat Şurasının Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv seçilmişdir.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun tabeliyinə verilmiş, redaksiyanın yeni nizamnaməsi və ştat strukturu təsdiq olunmuşdur. Bununla yanaşı redaksiyanın nəzdindəki “Kanal 35” televiziyası və “Naxçıvanın səsi” radiosunun efir vaxtı 8 saat müəyyənləşdirilmiş, kadr islahatı aparılmışıdır. Televiziya və Radio Verilişləri Redaksiyasının yenidən təşkil olunması, buradakı struktur dəyişikliyi muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafı, teleradio verilişlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan mühüm addımlardandır.

    Jurnalist kadrların hazırlanması, gənc jurnalistlərin işə cəlb olunması da mətbuatın inkişafında mühüm amildir. Naxçıvan Dövlət Universitetində Jurnalistika və kitabxanaçılıq kafedrası fəaliyyət göstərir, hər il onlarla gənc jurnalist yetişir. Həmçinin buradakı Media mərkəzində fəaliyyət göstərən “Universitet” televiziyası və “Nuhçıxan” radiosunda gənc jurnalistlər nəzəri biliklərlə yanaşı, ilkin peşə vərdişlərinə yiyələnir, ixtisaslı kadr kimi Naxçıvan mətbuatına öz töhfələrini verirlər.

    Bu gün muxtar respublikada fəaliyyət göstərən jurnalistlər onlar üçün yaradılan şəraitdən səmərəli istifadə edərək cəmiyyətin informasiyaya olan ehtiyacının dolğun ödənilməsində səylə çalışır, muxtar respublikamızın sosial-iqtisadi və ictimai-mədəni həyatının, quruculuq və müasir inkişaf salnaməsinin yaradılmasına, milli-mənəvi dəyərlərimizin qorunması və təbliğinə öz töhfələrini verirlər. Sərbəst və müstəqil fəaliyyət göstərən muxtar respublika jurnalistləri cəmiyyət həyatının müxtəlif sahələrinə aid aktual problemlərə, ictimaiyyəti narahat edən mövzulara geniş yer verir, tele viziya və qəzetlərdə analitik materiallarla çıxış edir, onların həlli yollarının araşdırılmasında fəal iştirak edirlər.

     Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “İnformasiya vermək, maarifləndirmək, bu günümüzün tarixini yaratmaq, milli dəyərlərimizi təbliğ etmək və ictimaiyyəti düzgün istiqamətləndirmək kütləvi informasiya orqanlarının qarşısında duran əsas vəzifələrdir”. Muxtar respublikanın kütləvi informasiya vasitələri işçiləri mətbuat və söz azadlığı üçün yaradılan imkanlardan istifadə edərək bundan sonra da Ali Məclis Sədrinin müəyyənləşdirdiyi vəzifələrin icrası istiqamətində səylə çalışacaq, maarifçilik işi aparacaq, milli dəyərlərimizin təbliğatçısı olacaq, bu günümüzün tarixini yaratmaqla və ictimaiyyəti düzgün istiqamətləndirməklə vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak edəcəklər.

“Şərq qapısı”

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR