Muxtar respublikanın rayonlarında dezinfeksiya və tibbi profilaktik tədbirlər davam etdirilir.

Bu istiqamətdə görülən tədbirlərin davamı olaraq Şərur, Babək, Kəngərli və Şahbuz rayonlarında qabaqlayıcı tədbirlər həyata keçirilib.

Şərur rayonunda dezinfeksiya işləri texnikalar vasitəsilə aparılıb. Bu işlər əsasən magistral yollarda, küçə və prospektlərdə, ictimai yaşayış binalarının giriş hissələrində və soyuducu anbarlarda icra olunub.

 Babək rayonunda da magistral yollarda, küçə və prospektlərdə, yaşayış binaları və ətraflarında, eləcə də Gəmiqaya Bərəkət Ət Məhsulları Kompleksində, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətində və digər yerlərdə dezinfeksiya tədbirləri həyata keçirilib.

İnfeksion və yoluxucu xəstəliklərə qarşı dezinfeksiya tədbirlərində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Babək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin şəxsi heyəti və xüsusi təyinatlı avtomobillər iştirak edib.

Kəngərli rayonunda aparılan dezinfeksiya işləri yaşayış massivlərini, parkları, ictimai iaşə obyektlərini və su kəhrizlərinin ətrafını əhatə edib. Dezinfeksiya işləri günün erkən saatlarında, yollarda hərəkətin daha az olan vaxtlarında aparılıb.

Şahbuz rayonunda xəstəliklərin qarşısının alınması məqsədilə aparılan qabaqlayıcı tədbirlər rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin şəxsi heyəti və xüsusi təyinatlı avtomobillərlə həyata keçirilib. Yollarda, səkilərdə, ticarət mərkəzində və məktəblərin həyətində dezinfeksiya tədbirləri aparılıb. Şahbuz şəhərindəki yaşayış binalarının, avtovağzal binasının, Ahıllar evinin ətrafları da dezinfeksiya olunub.

Dezinfeksiya tədbirləri Badamlı qəsəbəsindəki yaşayış binalarının, kənd və xidmət mərkəzlərinin, məktəbin, “Badamlı” Mineral Sular Zavodunun ətrafında da həyata keçirilib. Ümumilikdə, gün ərzində 23 min kvadratmetr ərazidə dezinfeksiya tədbirləri aparılıb.

Qeyd edək ki, dezinfeksiya işləri bundan sonra da davam etdiriləcək.