06 İyun 2020, Şənbə

Naxçıvan Qarnizonu Qoşunlarında peşəkar hərbçilər yetişdirən ixtisas hazırlığı kursları başa çatıb. Kursları uğurla bitirənlər xidmət yerlərinə yola salınıblar.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, Naxçıvan Qarnizonu Qoşunlarında zabit, gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kursları zamanı kursantlarla ümumqoşun və ixtisas hazırlıqlarından məşğələlər keçirilib. Məşğələlərdə əsas diqqət şəxsi heyətə hərbi-nəzəri biliklərin və praktiki vərdişlərin öyrədilməsinə yönəldilib.

Kursları uğurla başa vuran məzunların növbəti xidmət yerlərinə yola salınması münasibətilə keçirilən mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən polkovnik Mehman Gülməmmədov bildirib ki, kurslar zamanı kursantlar müxtəlif növ atıcı və iriçaplı silahlardan praktiki atışlar, bütün növ zirehli tank texnikalarından sürücülük və atış çalışmalarını yerinə yetiriblər. Məzunların əksəriyyəti kursları əla qiymətlərlə başa vurublar.

Məzun Şahmar Şıxəliyev kurslarda qazandıqları bilik və bacarıqları xidmət yerlərində peşəkar hərbçi kimi tətbiq edəcəklərinə söz verib.

Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev şəxsi heyəti təbrik edərək bildirib ki, muxtar respublikada Vətənə sədaqətli, peşəkar hərbçi kadrların hazırlanması məqsədilə müxtəlif hərbi ixtisaslar üzrə hazırlıq kursları təşkil olunur. Bu kursları uğurla başa vuran gənclərimiz Əlahiddə Ümumqoşun Orduda, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında şərəfli xidmətləri ilə seçilirlər. İnanırıq ki, hər zaman dövlət qayğısını üzərində hiss edən məzunlarımız da xalqdan güc alaraq və xalq-ordu birliyindən ruhlanaraq Vətənimizin müdafiəsində ayıq-sayıq dayanacaqlar.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov bildirib ki, ötən tədris ilində olduğu kimi, bu il də ehtiyat zabit hazırlığı kursunu bitirən məzunlardan bir qrupu ümumtəhsil məktəblərində “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edəcək. Tam orta məktəblərdə şagirdlərin vətənpərvər ruhda yetişdirilməsi üçün yaradılan şəraitin nəticəsidir ki, hər il yüzlərlə gənc Heydər Əliyev adına Hərbi Liseydə təhsil almaq üçün müraciət edir. Bu gün məzun olan hərbi rəhbərlər də şagirdlərdə hərb sənətinə maraq yaratmalı, gəncləri hərbi xidmətə yüksək səviyyədə hazırlamalıdırlar.

Çıxışların ardından məzunlara rütbə, sertifikat və hədiyyələr təqdim edilib, nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.

Xatirə lövhələrinə buraxılış emblemləri vurulduqdan sonra məzunların tribuna önündən təntənəli keçidi olub.

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR