06 İyun 2020, Şənbə


Ötən ilin sonlarında Çindən vüsət alaraq tez zamanda az qala bütün dünyaya yayılan koronavirus infeksiyası ilə mübarizə davam etməkdədir.

Bu pandemiyaya məruz qalan ölkələr arasında Azərbaycan da var. İlk gündən ciddi, təxirəsalınmaz tədbirlər görülsə də, ölkə ərazisində yoluxma halları artmaqdadır. Buna görə də dövlət ciddi sosial izolyasiya tədbirləri həyata keçirir, məcbur qalmadıqca insanların evdən çıxmaları məhdudlaşdırılır. Hər kəs evdə qaldığı bu zamanı bir cür dəyərləndirir.

 Ziyalılar, yazıçılar, yaradıcı adamlar üçün isə yaradıcılıqla daha geniş məşğul olmağa fürsət yaranıb. Onlardan biri də Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, millət vəkili İsa Həbibbəylidir. Akademik “525.az”a açıqlamasında bir vətəndaş olaraq, dövlətin bu virusla mübarizədə gördüyü bütün tədbirləri dəstəklədiyini, özünün də bu günlərdən səmərəli istifadə etməyə çalışdığını söylədi: “Doğrudur, biz evdə qalmağa öyrəşməmişik. Amma indiki məqamda düşünürəm ki, bu, doğru addımdır, xalqımızı qorumaq məqsədiylə həyata keçirilir. Hesab edirəm ki, dünya ölkələri və hətta qonşu ölkələr arasında Azərbaycanda keçirilən tədbirlər daha səmərəli, daha faydalı, insanlarımızı qorumaq üçün daha əhəmiyyətlidir. Mən cənab prezidentimizin bu istiqamətdə gördüyü bütün tədbirləri ürəkdən dəstəkləyirəm və xalqımızı, elm adamlarını, ziyalıları dövlətimizin çağırışlarına, tələblərinə əməl etməyə çağırıram. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu qanunlara əməl etmək hər bir elm adamının, ziyalının da borcudur. Hesab edirəm ki, ziyalılar bu cəhətdən nümunə göstərməlidirlər və göstərirlər də.

Eyni zamanda, yaranmış vaxtdan səmərəli istifadə etmək də gələcək fəaliyyətimiz üçün lazımlıdır. Mən də sosial izolyasiya qaydalarına ürəklə əməl edirəm və evdə keçirtdiyim vaxt ərzində elmi axtarışlarla məşğul oluram. Həm vaxtım səmərəli keçir, həm də görmək istədiyim işlərimi həll edə bilirəm.

Yaradıcı adamlar üçün evdə qalmağın üstünlükləri var. Çünki onlar təkcə işdə yox, evdə, fərdi qaydada da yaradıcılıqla məşğul olur, işlərini həll edə bilirlər. Mən də bu fürsətdən istifadə edirəm. Belə ki, vaxtilə akademiyanın 70 illik yubileyi keçiriləndə akademiya haqqında film hazırlamaq üçün çoxlu materiallar yığmışdım. Həmin materiallardan yazdığım məqalələrdə, filmdə istifadə elədim, amma xeyli materiallar da istifadə edilməmiş qaldı. İndi də akademiyanın 75 illiyidir və mən əlimdəki çoxsaylı materiallar əsasında akademiyanın tarixinə aid kitab hazırlayıram. Sənədli bir kitab olacaq. Ondan başqa akademik Məmməd Cəfər Cəfərov haqqında iki ildir ki, üzərində çalışdığım monoqrafiya vardı, onu da tamamlamağa çalışıram. Bunlar hər ikisi bir-birinə yaxın mövzulardır, üzərilərində işləyirəm ki, tez zamanda bitirim”.

Şahanə MÜŞFİQ

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR