02 İyun 2020, Çərşənbə axşamı


“Duzdağ”da karantində olan tələbənin valideyni: “Oğlumun qayğısına mükəmməl şəkildə qalırlar”

 Koronavirus pandemiyası ilə əlaqədar Türkiyədən qayıdan tələbə və vətəndaşlarımızın bir qrupu Naxçıvanda tibbi nəzarətdə saxlanılırlar. Onlar Naxçıvanda yaşayış qeydiyyatında olanlar yox, Bakı şəhərində və ölkəmizin bir sıra digər bölgələrində yaşayan vətəndaşlarımızdır. Sayları 300 nəfərə yaxındır. Onlar üçün lazımi saxlanılma, müayinə və qidalanma şəraiti yaradılsa da, ötən gündən etibarən bir sıra sosial şəbəkə hesablarında, xüsusən, Duzdağ Fizioterapiya Mərkəzindəki vətəndaşlarımızın saxlanılma şəraiti ilə bağlı yanlış, məqsədli və təxribat xarakterli informasiyalar yayılıb.

Sosial şəbəkələrdə yayılan saxta və təxribat xarakterli videolara cavab olaraq dünən tələbələr tərəfindən çəkilmiş videonu sizə şərhsiz təqdim etdik.Bu gün isə karantində olan tələbə Quluzadə Kənan Tofiq oğlunun yaxın qohumu tərəfində redaksiyamızın elektron ünvanına məktub göndərilib.

həmin məktubu sizə təqdim edirik:
Salam, hörmətli redaksiya!
Sosial şəbəkələrdə Naxçıvanda karantində olan tələbələrlə bağlı paylaşımı gördüm. Düşünmədən bu məktubu sizə yazmağı özümə borc bildim. Yaxın qohumum və iş yoldaşım Ramilə xanımın oğlu Kənan Türkiyədə təhsil alır. Virusun yayılması ilə əlaqədar Vətənə qayıtmalı olub. Lakin təyyarələr işləmədiyi üçün birbaşa deyil, Naxçıvan Muxtar Respublikasından keçərək Bakıya gəlməyi planlaşdıranda Ramilə xanım çox təlaş keçirdiyinin şahidi oldum. Ona dedim ki, biz iki ildir turist kimi Naxçıvana gedirik və gəzirik. Naxçıvanın insanları qonaqpərvərdir, ora qayda-qanunun ali olduğu bir yerdir, siz sevinin ki oğlunuz Naxçıvandan gələcək. Əgər orda nəsə bir köməyə ehtiyacınız olarsa bizim turun rəhbəri “Qafqaz turizmin” direktoru Mehman müəllimdən xahiş edərik nə lazımdırsa köməklik edər. Ramilə xanıma dedim ki, tanışımın oğlu İtalyadan gələndən sonra Qobustanda karantin keçir və elədə qorxulu deyil. Bundan başqa son günlər müxtəlif Avropa ölkələrində olan karantin bölgələrindəki səyyar xəstəxanalardakı videoları görmüşəm, heç də xoşagələn deyil. Amma mən inanıram ki, Naxçıvan Azərbaycanın gələcəyi olan gənclərimizə bu dəfə də öz qonaqpərvərliyini və diqqətini göstərəcəkdir.
Dediyim kimi də oldu. Kənan da digər tələbələr kimi Naxçıvana gəldi. Gələn gündən də hər gün Naxçıvan haqqında xoş sözlər yazır. Lakin sosial şəbəkələrdə Naxçıvanda karantində olan adamların guya pis vəziyyətdə olması ilə bağlı yazılar gedir. Mən anlaya bilmirəm bu adamlar nə istəyir? Niyə yaxşıya pis deyirlər? İnanın Allaha ki, Kənan o qədər razılıq edir ki, gəl görəsən. O, gün anası ilə danışanda deyirki, - “Ana bizə çox yüksək səviyyədə qulluq olunur. Mükəmməl bir şəkildə qayğımıza qalırlar. Allah eləsin ki, bütün karantin dövrünü burda keçirək. İnan heç Bakıya gəlmək istəmirəm.” Övladına belə çətin zamanda bu cür qayğı göstərilməsi Ramilə xanımın nigarançılığına son qoydu. O deyir ki, oğlumun qayğısına mükəmməl şəkildə qalırlar. Bu da məni çox sevindirir.
Dövlətimiz öz vətəndaşlarına sahib çıxır, bütün imkanlardan maksimum dərəcədə istifadə olunur ki, bu pandemiyadan az zərərlə çıxaq. Mən öz adımdan, iş yoldaşım və qohumum Ramilə xanımın adından cənab Prezidentimizə, Naxçıvan rəhbərliyinə və bu işdə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Allah millətimizi bu bəladan hifz etsin!


Natəvan Səfərəliyeva

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR