05 Aprel 2020, Bazar

Naxçıvan diyarının əlverişli təbii-coğrafi mühiti qədim Daş dövründən insanların burada məskən salmasına şərait yaratmışdır. Arxeoloji tədqiqatlar zamanı Sabir-Dizə (Ordubad rayonu), Şahtaxtı (Kəngərli rayonu) və Ovçular təpəsi (Şərur rayonu) yaşayış yerlərində Daş dövrünə aid əldə edilmiş maddi mədəniyyət nümunələri Naxçıvanda qədim insanların milyon il bundan əvvəl məskunlaşdığını təsdiq edir. Qazma mağarasındakı tədqiqatlar Paleolit dövrünün orta və son mərhələsində Naxçıvanda həyatın davam etdiyini göstərir. Üst Paleolit dövrü üçün xarakterik əlamətlərin izlənməsi qədim Qazma sakinlərinin qəbilə icmalarının yaranması ərəfəsində olduğunu təsdiq edir.

Naxçıvanda Neolit dövrü e.ə. VII-VI min­illiyi əhatə edir. Babək rayonunun Kültəpə kəndində yerləşən I Kültəpə abidəsinin araşdırılması onun Neolit dövründə Cənubi Qafqazın ən qədim yaşayış məskəni olduğunu göstərmişdir. I Kültəpədən aşkar olunan tikinti qalıqları Neolit dövründə insanların dördkünc və dairəvi formalı evlərdə yaşadığını, başlıca olaraq əkinçilik və maldarlıqla məşğul olduğunu göstərir. I Kültəpədən aşkar olunmuş skeletlərin tədqiqi onların antropoloji cəhətdən müasir azərbaycanlılara bənzər olduğunu sübut edir.

Naxçıvanda Eneolit dövrü e.ə. VI-IV min­illikləri əhatə edir. Cənubi Qafqazda Eneolit dövrünün erkən mərhələsi, hələlik, Naxçıvan abidələri ilə təmsil olunmuşdur. Naxçıvanda yerləşən Naxçıvantəpə, Uçan Ağıl, Ovçular təpəsi, Sədərək, Xələc, Ərəbyengicə, Zirincli və digər abidələr Eneolit mədəniyyətinin ardıcıl mərhələlərini izləməyə və bu mədəniyyətlərin Azərbaycan üçün xarakterik olduğunu müəyyən etməyə imkan vermişdir.
Naxçıvan şəhəri ərazisində yerləşən Naxçıvantəpə yaşayış yeri həm Eneolit dövrünün erkən mərhələsini, həm də Naxçıvan şəhəri ərazisində məskunlaşmanın tarixini öyrənmək baxımından əhəmiyyətlidir. Neolit dövrünün sonu, Eneolit dövrünün əvvəllərində Naxçıvan ərazisini də əhatə edən vahid mədəniyyət – Dolmatəpə mədəniyyəti formalaşmışdır. Arxeoloji faktlar Naxçıvan və Qarabağda formalaşan qədim mədəniyyətlərin Azərbaycanla bağlı olduğunu təsdiq edir.
E.ə. V-III minilliklərdə – Erkən Tunc dövründə Naxçıvanda Kür-Araz mədəniyyəti formalaşmışdır. Ən qədim Erkən Tunc dövrü abidələri Naxçıvanda aşkar olunmuşdur ki, bu da Naxçıvanın Kür-Araz mədəniyyətinin əsas vətəni olduğunu təsdiq edir. Azərbaycanın cənubunda, eləcə də Naxçıvanda Kür-Araz mədəniyyətinin daşıyıcıları türkdilli kuti, lullubi, su və turukki tayfaları olmuşdur.
E.ə. III minilliyin sonunda Erkən Tunc dövrü Orta Tunc dövrü ilə əvəz edilmişdir. Eneolit və Tunc dövrlərinin Gəmiqaya təsvirləri Nuh Peyğəmbərin adı ilə bağlı olmuşdur. E.ə. III minilliyin sonunda Azərbaycanın cənub rayonlarında baş verən sosial-iqtisadi dəyişikliklər Naxçıvanı da əhatə etmiş və bu ərazidə boyalı qablarla xarakterizə edilən yeni bir mədəniyyət formalaşmışdır. Orta Tunc dövrünə aid yaşayış yerlərinin tədqiqi bu dövrdə Naxçıvanda güclü tayfa ittifaqlarının və şəhər dövlətlərinin formalaşdığını təsdiq edir. Naxçıvan, II Kültəpə, Şahtaxtı, Qızılburun kimi yaşayış yerləri həm mədəni, həm də mühüm inzibati-siyasi mərkəzlər rolunu oynamışdır.
Geniş ərazidə yayılan boyalı qabların bütün xüsusiyyətləri Naxçıvanda izlənmişdir. Arxeoloji tədqiqatlar Naxçıvanda şəhərtipli yaşayış yerlərinin e.ə. III minillikdə, yəni 5 min il bundan əvvəl formalaşdığını təsdiq etmişdir. II Kültəpə, Şahtaxtı, Naxçıvan Azərbaycanın ən qədim şəhərləri olmuşdur.
Göründüyü kimi, e.ə. VII minillikdən başlayaraq ilk minilliklərə qədər olan və yaradılan mədəniyyətlərdə Naxçıvan əhalisi ya iştirak etmiş, ya da Naxçıvanı əhatə etmişdir. Bunların heç birinin ermənilərə aidiyyəti yoxdur. Ona görə ki, həmin müddətdə daimi yaşayış yeri olmayan, bu ərazilərə aid olmayan ermənilərin bu mədəniyyətlərə nə aidiyyəti ola bilərdi? Vaxtilə coğrafi cəhətdən Azərbaycanın mərkəzində yerləşən, geosiyasi mövqeyi ilə seçilən Naxçıvan ən qədim insanların yaşayış yeri, dünyanın sivilizasiya mərkəzlərindən biri kimi tanınmışdır.
Ermənilərin iddiasında olduqları Naxçıvan ərazisi tarixən azərbaycanlılara məxsus olmuş, burada türkdilli xalqlar yaşamış, minlərlə maddi mədəniyyət nümunələri yaratmışlar. Ərazinin coğrafi adları, bütünlüklə, Azərbaycan-türk mənşəlidir.
Erməni “tədqiqatçıları” uydurmalarını irəli sürərkən Naxçıvanın etnik tarixinə, tarixi və memarlıq abidələrinə, xüsusən siyasi tarixinə istinad edirlər.
Naxçıvan tarixin heç bir mərhələsində ermənilərə aid olmamışdır. Ona görə ki, ermənilər bu regionun yerli – aborigen əhalisi olmamışlar, onlar Cənubi Qafqaza gəlmədirlər, yaşadıqları indiki Ermənistan ərazisi qədim və tarixi Azərbaycan torpaqlarıdır. Bununla bağlı V.İşxanyan göstərmişdir ki, “ermənilərin həqiqi vətəni Kiçik Asiyadır, Qafqaz ərazisinin müxtəlif hissələrinə ermənilər yalnız son yüzilliklər ərzində səpələniblər”.
Azərbaycan türkləri bu ərazilərin ən qədim sakinləri, aborigen əhalisi olmuşdur. Qədim erməni mənbələrinin heç birində Naxçıvan bölgəsində ermənilərin yaşaması haqqında məlumat yoxdur.
Naxçıvanın etnik tarixi. Naxçıvan bölgəsində yaşamış kuti, lullubi, subi, turukki və başqa tayfalar bu ərazilərin ən qədim sakinləri olmuşlar. Naxçıvan bölgəsi tarixən Cənubi Azərbaycan ərazisində mövcud dövlətlərin tərkibində olmuşdur. Həmin dövlətlərin türk mənşəli etnosların siyasi qurumları olması artıq şübhə doğurmur.
E.ə. I minilliyin əvvəllərində göstərilən tayfalar əsasında Assur mənbələrində adları Manna və Maday kimi çəkilmiş etnoslar tarix səhnəsinə çıxırlar. Manna (e.ə. IX-VII əsrlərdə) və Midiya (e.ə. 673-550-ci illər) dövlətləri türk xalqlarının tarixində mühüm siyasi qurumlardır. Naxçıvan bölgəsi müxtəlif vaxtlarda Midiyanın sərhədləri daxilində olmuşdur. E.ə. VI əsrin ortalarında Naxçıvan bölgəsinə 10 min nəfər midiyalı ailə köçürülmüşdür. Ərəb sərkərdəsi Həbib ibn Məcləmənin Naxçıvan əhalisi ilə bağlı verdiyi fərmanda Naxçıvan əhalisi “maq” (mar) adlandırılır. “Naxçıvan marların ölkəsidir” (F.Buzand), “Qoxtanda marların kəndləri mövcuddur” və sair. Naxçıvan ərazisi eramızdan xeyli əvvəl başlayaraq Azərbaycanın tərkib hissəsi olmuşdur. Bu ərazinin qədim əhalisi Cənubi Azərbaycan ərazisində yaşamış tayfalarla eyni etnik mühitə, mənşəyə malik idi.
Naxçıvan bölgəsinin ən qədim yerli əhalisi türkdilli tayfalar olmuşdur. E.ə. VII əsrdə Cənubi Qafqaza gəlmiş sak tayfaları Naxçıvan ərazisində də məskunlaşmışdır. E.ə. II əsrdə Naxçıvanda bulqar tayfaları, bir qədər sonra qarqar, şirak, basin, alban, xəzər, gorus və başqa türk qəbilələri yaşamağa başlamışdır. Xəzərlərin abas, kulac, tarna, avar, oğuz, birol, paçinak, kabar tayfaları Naxçıvana gəlmiş və burada məskunlaşmışlar. Naxçıvan bölgəsində eramızın əvvəllərində məskunlaşan digər türkdilli tayfalar peçeneqlər, kəngərlilərdir. Peçeneqlər indiki Ermənistan ərazisində də məskunlaşmışlar. Qarabağ, Qafan toponimləri peçeneqlərin Qarabay tayfasının adı ilə bağlıdır.
Eramızın ilk əsrlərindən burada yaşayan Kəngər tayfaları bölgənin inkişafında tarixi rol oynamışdır. IX əsrin əvvəllərinə aid məlumatlarda Naxçıvan əyalətindəki 2791 azərbaycanlı ailəsindən 920-si kəngərlilər nəslinə mənsub olmuşdur. İ.Şopenə görə, Naxçıvandakı kəngərlilər aşağıdakı tayfalardan ibarət idi: yurdçu, qızıllı, sarvanlar, xalxallı, pirhəsənli, salas, ağabəyli, qarabağlar, kəmən, çağatay, qaraxan, hacılar, cəmşidli, bilici, qurdlar, qaradolaqlı, kəlfir, kürdmahmudlu, bərgüşadlı və başqaları.
İ.Şopen kəngərlilər nəslinin 1433 ailədən ibarət olmasını göstərir. Ola bilsin, kəngərlilərdən Qarabağda qışlayanları Naxçıvanda aparılan bəzi siyahıyaalmalarda nəzərə almayıblar. 1727-ci ildə tərtib edilmiş “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri”nə görə, “Naxçıvan elatı”ndan olan kəngərli camaatı Qarabağda qışlayar, Naxçıvanda yaylarmış. Yenə də İ.Şopenə görə, Rusiya Naxçıvanı işğal edən zaman orada 67 xan, 373 bəy və sultan olmuşdur. K.Smirnov isə Naxçıvanda Kəngərli nəsli ilə yanaşı, aşağıdakı bəy nəsillərinin də yaşadığını yazır: Ağasıbəyovlar, Şahtaxtinskilər, Talışovlar, Vəzirovlar, Camalbəyovlar, Sultanovlar, Elçiyevlər, Muradəsilbəyovlar və başqaları.
XIX əsrin 30-cu illərinə aid mənbədə göstərilir ki, Naxçıvan əyalətində 2 böyük tayfa birləşməsi yaşayır: Kəngərlər və Qaracalar. Kəngərlər tayfası Naxçıvan əyalətinin 40-a yaxın kəndində, Qaracalar tayfası isə Dərələyəz mahalında yaşayırdılar.
Naxçıvan ərazisində abdal, hun, goruş, quşçu, bayan, yaycı, bəkdili, xələc, ustaclı, rumlu, didivarlı, qızıllı, əmirxanlı, ərəfsəli, hacılı, keçili, kəlfirli, qaraxanbəyli, qarxunlu, əlixanlı, muğanlı və onlarla başqa türkdilli tayfa və qəbilə adları ilə adlanan coğrafi adlar bu gün də mövcuddur.
XIII əsrə aid “Dünyanın qəribəlikləri” (“Əcaib əd-dünya”), XVIII əsrə aid “Naxçıvan sancağının müfəssəl dəftəri”ndə Naxçıvanın etnik tarixinə aid çox tutarlı, əhalinin milli xüsusiyyətlərinə aid çox dəyərli faktlar göstərilir: “Naxçıvandakı əhali ağbənizdir, qorxmaz, qonaqpərvər və xoş xasiyyətlidirlər, dilləri xoşagələndir, İslamın şafei təriqətinə aiddirlər” (XIII əsr). “XVIII əsrin əvvəllərində Naxçıvan sancağındakı müsəlmanlar əhalinin ümumi sayındakı nisbəti, təqribən, 76-80 faizi təşkil edir”.
XIX əsrin ortalarında İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasını tədqiq etmiş A.Parvitski yazır ki, qəzada 55 azərbaycanlı kəndi, 7 erməni kəndi vardır. Qriqoryevə görə, Naxçıvan əyalətində 4959 ailədən 4149-u müsəlman, 810-u isə erməni ailəsidir.
Naxçıvanda ermənilərin sayı İrandan köçürülən ermənilərin hesabına artmışdır. XX əsrin 20-ci illərinə yaxın Naxçıvanda ermənilər əhalinin 14-16 faizini təşkil etmişlər. Bu, çarizmin Azərbaycan ərazisini, o cümlədən Naxçıvanı erməniləşdirmək siyasətinin nəticəsi idi. 1918-ci ildə – 15 əsrdən sonra qədim Azərbaycan torpaqlarında dövlətlərini yaradan erməni millətçiləri böyük iddialara düşdülər, Naxçıvana sahib olmaq üçün açıq silahlı müdaxiləyə başladılar, soyqırımı törətdilər. Bununla belə, Naxçıvana yiyələnə bilmədilər.
Gətirilən faktlar bir daha açıq-aşkar göstərir ki, ermənilər Naxçıvan ərazisinə gəlmədirlər, bölgənin aborigen əhalisi Azərbaycan türkləridir.
Naxçıvanın siyasi tarixi. Naxçıvan diyarının etnik tarixi, milli tərkibi kimi, siyasi tarixi də Naxçıvana qarşı erməni uydurmalarını rədd edir, tarixi həqiqətləri ortaya qoyur.
Ermənilərin “Naxçıvan tarixi erməni torpaqlarıdır”, “Naxçıvan bir neçə minillik ərzində erməni dövlətlərinin ayrılmaz hissəsi olmuşdur” fikirləri saxta və uydurmadır. Elə buradaca belə bir məntiqi sual ortaya çıxır: Erməni dövlətçiliyinin minillik tarixi vardır ki, başqa torpaqlar da hələ onun ayrılmaz hissəsi olsun?
Erməni tarixi saxta faktlara əsaslanır və daha çox erməni çarı Tiqranla öyünürlər. Makkartilərin fikrincə, müstəqil erməni çarlığı e.ə. I əsrdə yaranmışdır: “Ermənilərin erkən tarixi haqqında kifayət qədər dəqiq məlumat yoxdur. Şərqi Kiçik Asiyada olan müstəqil erməni çarlığı böyük Tiqran (e.ə.95-56) dövründə (öyündükləri 61 il ?!) yaranmışdır. Tiqrandan sonra ermənilər bir çox əsrlər ərzində Roma, Sasanilər, İran və Bizans imperiyaları da daxil olmaqla digər ölkələrin vassalları olmuşlar”. Ermənilər bir də müstəqil dövlətlərini 1918-ci ildə xarici dövlətlərin köməyi ilə qura bilmişlər, özü də Azərbaycan ərazilərində.
Ermənilərin Naxçıvanla bağlı siyasi iddiaları daha çox eramızdan əvvəlki dövrlərə (e.ə. IX əsr – eramızın V əsri ?!) aid edilir. Bunlardan birincisi Urartu Ermənistanıdır (e.ə.9-7 əsrlər). Urartu nə vaxtdan erməni dövləti olub? Elə buradaca ilk saxtakarlıq ortadadır...
Məlumdur ki, e.ə. IX əsrdə Cənubi Azərbaycanda Manna dövləti olub. Naxçıvan Mannanın, sonra Midiya, Atropatena dövlətlərinin və Makedoniyalı İsgəndərin imperiyasının tərkibində olub. I-IV əsrlərin müəyyən illərində Naxçıvan Şimali Azərbaycanın (Albaniyanın) vilayəti olmuşdur. Naxçıvan 380-ci il sülh müqaviləsinə görə, VII əsrə qədər fasilələrlə Sasanilərin nüfuzunda qalır. Beləliklə, gətirilən faktlar erməni yalanlarını üzə çıxarır. Naxçıvan nə e.ə. IX – eramızın V əsrlərində, nə də tarixin heç bir dövründə erməni dövlətlərinin (?!) ixtiyarında olmamışdır.
VII əsrdən sonrakı tarixdə elə bir qaranlıq məqamlar olmadığından erməni saxtakarlığı həmin dövrə müdaxilə edə bilməmişdir. Naxçıvan diyarı VII-IX əsrlərdə ərəb xilafətinin, sonra Sacilər və Salarilər dövlətlərinin tərkibində olub. X-XI əsrlərdə isə Naxçıvanşahlıq fəaliyyət göstərib. Naxçıvan 1064-cü ildə Səlcuq dövlətinə tabe edilmiş, 1146-1175-ci illərdə Azərbaycan Atabəylər dövlətinin paytaxtı olmuş, 1225-ci ilə qədər bu dövlətin ərazisi kimi qalmışdır. Eldənizlərdən sonra Naxçıvan bir müddət, daha doğrusu, Hülakülərə qədər xarəzmşah Məhəmmədin oğlu Cəlaləddinin nüfuz dairəsində qalır.
Hülakülər dövründə Naxçıvan Azərbaycan vilayətinin (Cənubi Azərbaycan nəzərdə tutulur) 9 tümənindən biri olub. Naxçıvan, Ordubad, Azad, Əncan və Makuyə şəhərləri, Qafan ərazisi Naxçıvan tüməninə daxil idi.
Naxçıvanın sonrakı siyasi tarixində mübahisə doğuracaq erməni saxtakarlığı üçün “əl yeri olmayan” faktları uydurmaq mümkün deyildir. XV əsrdə Naxçıvan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin, XVI əsrdən Səfəvilər dövlətinin tərkibində olmuşdur. Səfəvilər dövründə Naxçıvan Çuxursəd bəylərbəyliyinin bir hissəsi idi. Osmanlı imperiyası 1588-1603 və 1724-1736-cı illərdə Naxçıvanı da öz tabeliyinə alır. Naxçıvan sancağı 14 nahiyə və 315 yaşayış məntəqəsini əhatə edirdi. Muxtar respublikanın indiki ərazisindən başqa, buraya indiki Ermənistanın Yexeqnadzor rayonu, bütövlüklə, Cermuq rayonunun yarısı, Sisyan rayonunun böyük bir hissəsi və Mehri daxil olmaqla, rayonun bir neçə yaşayış məntəqəsi Naxçıvan sancağının tərkibinə daxil idi.
Naxçıvanın orta əsrlər tarixi barədə ilk mənbələrdən və tədqiqat əsərlərindən əldə olunan məlumatlardan aydın görünür ki, Naxçıvan ərazisi bütün orta əsrlərboyu Azərbaycanın tərkib hissəsi kimi mövcud olmuş və öz fəaliyyətini Azərbaycanla əlaqəli davam etdirmişdir.
Erməni “tədqiqatçıları” “Naxçıvan XIX əsrin əvvəllərində də Ermənistanın tərkibində olmuşdur” kimi yanlış və qeyri-obyektiv fikirlər söyləyirlər. Qeyd etməliyik ki, həmin dövrdə Ermənistan dövləti yox, “erməni vilayəti” (1828-1840) olmuşdur, bu isə Azərbaycan ölkəsinin bölgələri olan İrəvan və Naxçıvan xanlıqlarının ərazisində yaradılmışdır. Orada yaşayan əhalinin tərkibində müsəlmanlar mütləq əksəriyyət təşkil edirdilər.
Çar Rusiyası XIX əsrin ortalarında ölkədə müəyyən islahatlar keçirdi: 1840-cı ildə komendant idarə üsulu ləğv edildi, quberniyalar və mahallar əvəzinə inzibati bölgüyə əsasən “qəza statusu ilə 1841-ci il yanvarın 1-də Gürcüstan-İmeretiya, 1849-cu ildə isə İrəvan quberniyalarının tərkibinə qatıldı. Naxçıvan qəzası Naxçıvan, Ordubad və Dərələyəz məntəqələrindən ibarət idi. Mərkəzi Naxçıvan şəhəri olmuşdur.
XX əsrin əvvəllərində Bakı quberniyası 6 qəzaya, Yelizavetpol quberniyası 8 qəzaya və 1 dairəyə, İrəvan quberniyası 7 qəzaya (İrəvan, Naxçıvan, Şərur-Dərələyəz, Yeni Bəyazid, Sürməli, Eçmiədzin, Aleksandropol) bölünmüşdü.
Naxçıvanın siyasi tarixində 1917-1920-ci illər hadisələri çox mühüm yer tutur. Erməni “araşdırıcıları” bilərəkdən həmin illərin siyasi hadisələrini dolaşdırır və belə bir qeyri-elmi fikir söyləyirlər ki, “1921-ci il Moskva müqaviləsi Naxçıvanı Azərbaycana birləşdirmişdir, bu müqaviləyə qədər Naxçıvan Azərbaycanın tərkibində olmamışdır”.
Ermənilərin 1918-1920-ci illərdə apardıqları əsas mübarizə istiqaməti Naxçıvanı tutmaq idi. Batum müqaviləsinə görə, qədim Azərbaycan ərazisi olan İrəvan xanlığı ərazisində Ermənistan Respublikası yaradıldı, sahəsi 9 min kvadratkilometr idi. Bununla kifayətlənməyən erməni millətçiləri Naxçıvanı işğal etmək üçün açıq silahlı mübarizəyə başladılar. Bunun üçün 1919-cu ilin noyabrında Zəngəzurun bir hissəsini tutdular və Naxçıvan Azərbaycandan ayrı salındı. Həmin dövrdə Azərbaycanın sahəsi 114 min kvadratkilometr təşkil edirdi ki, Naxçıvan da bura daxil idi. Naxçıvan Azərbaycandan ayrı düşsə də, naxçıvanlılar özlərini Azərbaycandan ayrı hesab etmirdilər. Naxçıvanlılar ərazini qoruyub saxlamaq üçün Araz-Türk Cümhuriyyətini yaratmış, özünümüdafiə dəstələri təşkil etmişdilər. Erməni daşnakları “başa düşdülər” ki, nə siyasi, nə də silahlı yolla Naxçıvana sahib ola bilməyəcəklər. Bundan sonra onlar ərazini qoparmaq üçün yalan və uydurma təbliğat aparmaq yolunu tutdular.
Ermənistanın birinci baş naziri O. Kaçaznuni 1923-cü ildə Naxçıvanla Şəruru “müsəlman Naxçıvanı və Şəruru” adlandıraraq yazmışdı: “Müsəlman rayonlarında inzibati tədbirlərlə qayda-qanun yarada bilmədik, silaha əl atmağa, qoşun yeritməyə, dağıtmağa və qırğın törətməyə məcbur olduq. Lakin uğursuzluğa uğradıq. Vedibasar, Şərur, Naxçıvan kimi mühüm yerlərdə, hətta silah gücünə öz hakimiyyətimizi qura bilmədik, məğlub olduq və geri çəkildik”.
1918-1920-ci illərdə xarici dövlətlərin köməyindən istifadə edən Ermənistan hökuməti cidd-cəhdlə Naxçıvana yiyələnməyə çalışırdı. Lakin Naxçıvan əhalisinin qətiyyətli mübarizəsi Ermənistan hökumətinin iddialarına imkan vermədi. Ermənilərin zor gücünə, hərbi yolla Naxçıvanı işğal etmək niyyəti baş tutmadı. Belə olan halda, Ermənistan siyasətini pərdələməyə başladı. 1920-ci il dekabrın 28-də Ermənistan Hərbi İnqilab Komitəsi Naxçıvanın müstəqilliyini tanıması barədə bəyanat verdi.
1921-ci ilin əvvəlində Naxçıvanda referendum keçirildi. Əhalinin 90 faizindən çoxu Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasına səs verdi.
1921-ci il martın 16-da Rusiya ilə Türkiyə arasında bağlanmış Moskva müqaviləsi Naxçıvanın ərazi statusunu təsbit etdi və Naxçıvana Azərbaycanın protektoratı altında muxtariyyət verilməsini müəyyənləşdirdi. Moskva müqaviləsinin şərtləri 1921-ci il oktyabrın 13-də Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında Rusiya nümayəndəsinin iştirakı ilə bağlanmış Qars müqaviləsi ilə daha da möhkəmləndirildi.
Ermənistan nümayəndəsi Qars müqaviləsini imzalamaqla öz üzərlərinə bu müqavilənin maddələrini, həm də Naxçıvanın dövlət ərazi statusu ilə bağlı maddələri pozmayacağı haqqında öhdəlik götürdü. Lakin sonrakı dövrlərdə və indi də Ermənistan nəinki götürdüyü öhdə­liyi yerinə yetirir, həmin müqavilənin ləğv edilməsinə çalışır. Ermənistan hökuməti müqaviləni pozaraq Zaqafqaziya MİK-in 18 fevral 1929-cu il Qərarı ilə Naxçıvan Muxtar Respublikasının 657 kvadratkilometr ərazisini əhatə edən 10 kəndinə yiyələndi. Beləliklə, 9 min kvadratkilometr ərazi ilə (bunlar da Azərbaycan torpaqlarıdır) yaradılan Ermənistan Respublikası 29,8 min kvadratkilometr əraziyə malikdir.
Bunlarla kifayətlənməyən ermənilər və Ermənistan dövləti bütün XX əsrboyu olduğu kimi, bu gün də öz məkrli niyyətlərindən əl çəkmir, fürsət düşdükcə Naxçıvana qarşı ərazi iddiaları irəli sürür və buna mane olan Moskva və Qars beynəlxalq müqavilələrinin ləğv edilməsini tələb edirlər. Müqavilələr müddətsiz imzalanmış və beynəlxalq səviyyə daşıdığından onları müqaviləni imzalamış dövlətlərdən hər hansı biri birtərəfli qaydada ləğv edə bilməz.
Ermənistan dövləti bu gün də Naxçıvanla bağlı çirkin niyyətlərindən əl çəkmir, müxtəlif təşkilat və cəmiyyətlər yaradır, mətbu orqanlarda Naxçıvanla bağlı saxta, heç bir elmi əsası olmayan, obyektivlikdən uzaq olan yazılar dərc etdirirlər. Bununla ermənilər Naxçıvanla bağlı fikir formalaşdırmağa çalışırlar.
90-cı illərin əvvəllərində erməni millətçiləri Naxçıvan Muxtar Respublikası ərazisinə açıq hərbi təcavüzə başladılar, lakin bir şeyə nail ola bilmədilər. Bununla belə, Kərki kəndi ermənilər tərəfindən işğal olundu.
Bütün bunlar bir daha aydın göstərir ki, ermənilərin Naxçıvana qarşı ərazi iddiaları, bu zaman Naxçıvanın etnik və siyasi tarixinə “əsaslanmaları”nın heç bir elmi əsası yoxdur və gətirilən faktlar bu iddiaları rədd edir.

İsmayıl HACIYEV
AMEA Naxçıvan Bölməsinin sədri, akademik

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR