04 Aprel 2020, Şənbə

Bütün bu gözəlliklərə rəvac verən bir çox amillər var. Ən əsası isə odur ki, son illər muxtar respublikada aparılan quruculuq tədbirlərindən Azərbaycanın incisi sayılan Ordubada da geniş pay düşüb. Bunu rayona yolu düşən hər bir kəs aydın görür. Ordubad şəhəri ilə yanaşı, rayonun kəndlərinin sosial mənzərəsində əsaslı dönüş yaradılıb, bütün sahələrdə uğurlar əldə olunub. Ötən 2019-cu ildə görülən işlər də Ordubadın inkişafının davam etdirilməsinə göstərilən qayğının daha bir nümunəsidir.

Ordubad Rayon Statistika İdarəsindən aldığımız məlumata görə, ötən il iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 59386,4 min manat və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çox vəsait yönəldilib. Tikinti-quraşdırma işlərinə qoyulan vəsaitin dəyəri 1,8 faiz artaraq 56288,3 min manat təşkil edib.
Qeyd edək ki, vəsait qoyuluşları hər bir sahənin dinamik inkişafını şərtləndirən mühüm amillərdəndir. Bu istiqamətdə rayonda infrastruktur quruculuğu tədbirləri çərçivəsində rayonun ən böyük yaşayış məntəqəsi olan Dəstədə kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası, mərasim evi tikilib istifadəyə verilib, kənddaxili yollar asfaltlanıb, kommunikasiya xətləri yenilənib. Ordubad Rayon İcra Hakimiyyətinin və Ordubad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binaları əsaslı şəkildə təmir edilib, Anaqut kəndində yeni inşa edilən “Allahşükür məscidi” istifadəyə verilib. Bütün bunlar ordubadlıların firavan həyatına hesablanmış tədbirlərdir.
Hər bir cəmiyyətin inkişafı, ilk növbədə, onun təhsilindən asılıdır. Zəngin təhsil ənənələri olan Ordubadda hər il qəbul göstəricilərində yüksək nəticələr əldə edilir. Naxçıvanda davamlı xarakter alan məktəb tikintisi Ordubadda da geniş miqyasda həyata keçirilir. Tikilən və ya əsaslı təmir olunan müasir məktəb binaları, yaradılan lazımi şərait burada təhsil sahəsində ilbəil uğurlar qazanılması ilə nəticələnir. Ötən il də rayonda aparılan tikinti və yenidənqurma işlərinin mühüm hissəsini məktəb quruculuğu təşkil edib, Dəstə kəndində 900 şagird yerlik yeni məktəb binası tikilərək istifadəyə verilib.

Əhalinin sağlamlığı ən vacib məsələdir və bu istiqamətdə Ordubad rayonunda da hər il ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun müvafiq sərəncamı ilə ötən il dekabrın 10-dan Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Bu məqsədlə Ordubad Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib. Xəstəxananın infrastrukturu yenilənib, Təcili tibbi yardım şöbəsi yenidən təşkil edilib, ilkin səhiyyə xidməti müasir tələblərə uyğun qurulub. Poliklinika şöbəsində, burun-qulaq-boğaz, oftalmoloji və stomatoloji kabinələrdə, Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində, Laboratoriyada, Ginekoloji və doğuş bölməsində 50 adda yeni tibbi avadanlıq və ləvazimatlar quraşdırılıb, palatalar mərkəzi oksigen sistemi ilə təmin edilib. Xəstəxanada sürətli internet şəbəkəsi qurulub, mərkəzi server vasitəsilə “Səhiyyə informasiya idarəetmə sistemi” yaradılıb və icbari tibbi sığortanın tətbiqində iştirak edən digər tibb müəssisələri ilə qarşılıqlı əlaqə təmin olunub. Hazırda xəstələrin qeydiyyatı adıçəkilən sistem vasitəsilə həyata keçirilir.

Ordubad rayonu ənənəvi kənd təsərrüfatı bölgəsidir. Rayon əhalisi əsrlərboyu bu bölgədə formalaşmış aqrar ənənələri bu gün də davam etdirir, Ordubadın özünəməxsus məhsullarını yetişdirir, məhsul bolluğu ilə muxtar respublika iqtisadiyyatına öz töhfələrini verir. Əvvəlki illərdə olduğu kimi, ötən il də bu sahədə bir sıra uğurlara nail olunub. Qəbul olunmuş dövlət pro­qramlarında nəzərdə tutulan tədbirlərin uğurlu və davamlı icrası 2019-cu ildə də kənd təsərrüfatında məhsuldarlığın artırılmasına müsbət təsir göstərib və aqrar sahənin davamlı inkişafı təmin olunub. Son illər “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə rayona ümumi dəyəri 989 min 442 manat olan 152 ədəd texnika gətirilib ki, bunun da 423 min 858 manatı ödənilib. Ötən il lizinq yolu ilə 14 ədəd texnika satılıb.
Kənd təsərrüfatına diqqət və qayğının, eləcə də rayon əhalisinin zəhmətsevərliyinin nəticəsi isə məhsul bolluğunda özünü təzahür etdirir. Belə ki, 2019-cu ildə rayonda 1972 hektar dənli və dənli-paxlalı bitkilərin əkini sahəsindən 5723 ton məhsul, o cümlədən 856 hektar sahədən 2448 ton buğda, 829 hektar sahədən 2337 ton arpa, 287 hektar sahədən 938 ton dənli-paxlalılar tədarük edilib. Məhsul bolluğu meyvə-tərəvəzçilik sahəsində də özünü göstərib. 578 hektardan 8538 ton kartof, 676 hektardan 5755 ton tərəvəz, 42 hektar sahədən isə 302 ton bostan məhsulları yığılıb. Bağlar diyarı kimi öz şöhrətini qoruyub saxlayan Ordubadda meyvə bağlarından 5616,5 ton, üzüm bağlarından isə 299 ton məhsul yığılıb. Torpaq mülkiyyətçiləri əldə olunan gəlirlərdən həvəslənərək bu ilin də məhsulu üçün səylə çalışırlar.

Ordubad rayonunda ekoloji tarazlığın qorunması hər zaman diqqət mərkəzində saxlanılır. Buna görədir ki, hər il rayonda yeni yaşıllıq zolaqları yaradılır, mövcud yaşıllıqlara aqrotexniki qulluq davam etdirilir. 2019-cu ildə də yaşıllaşdırma tədbirləri yüksək səviyyədə təşkil olunub, 13 min 957 meyvə, 3500 meşə, 520 həmişəyaşıl, 10 min 380 qızılgül və bəzək kolu olmaqla, cəmi 28 min 357 ting əkilib. İl ərzində 13,5 hektar sahədə yeni bağ salınıb, 14 hektar sahədə bərpa işləri aparılıb.
Ötən il görülmüş işlər əhalinin məşğulluq məsələlərinin həllinə də öz təsirini göstərib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası rayonda işaxtaranların sosial müdafiəsinin gücləndirilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə geniş imkanlar yaradıb. Nəticə olaraq, ötən il rayon Məşğulluq Mərkəzinə 381 işaxtaran vətəndaş müraciət edib, onlardan 370-i müxtəlifxarakterli işlərlə təmin olunub, 33-ü haqqıödənilən ictimai işlərə cəlb edilib. Məşğulluq problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər sırasında özünüməşğulluq layihəsinin də uğurla davam etdirilməsi sosial qayğıya ehtiyacı olan əhali qrupunun güzəranına əhəmiyyətli dərəcədə təsir göstərir. 2019-cu ildə özünüməşğulluq pro­qramına 19 aztəminatlı ailə cəlb olunub, onlardan 15 ailəyə yanında balası olan 1 inək, 1 ailəyə yanında balası olan 10 baş qoyun, 1 ailəyə yabanı meyvə, giləmeyvə və bitkilərdən mürəbbə, şirələr və turşuların hazırlanması üçün xammal, 2 ailəyə isə mini yerşumlayan aqreqat verilib. Həmin ailələr təsərrüfatlarını genişləndirmək üçün səylə çalışırlar. Belə təsərrüfatların fəaliyyətlərinin dəstəklənməsi əhalinin kənd təsərrüfatına olan marağının artmasını və maddi rifah halının daha da yaxşılaşdırılmasını təmin edir. Bunun nəticəsidir ki, hazırda rayonda 83 ailə təsərrüfatı fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikasında “Ailə təsərrüfatları ili” elan olunan 2019-cu ildə rayonda 8 ailə təsərrüfatına 70 min 100 manat güzəştli şərtlərlə kreditlər verilib.
Bir sözlə, qədim Ordubad bu gün öz inkişafının yeni mərhələsini yaşayır. Rayon öz tarixi simasını saxlamaqla gündən-günə abadlaşır, yeniləşir, müasirləşir. Nəticədə isə əhalinin həyat səviyyəsi yüksəlir. 2019-cu ildə həyata keçirilmiş tədbirlər bu ilin ilk aylarında da yeni uğurlara rəvac verməklə buna əminlik hissi yaradır ki, bütün sahələr üzrə görülmüş işlər Ordubad rayonunun davamlı və dinamik inkişafına, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə bundan sonra da müsbət təsir göstərəcək. Xoş növrağın mübarək, müasirləşən qədim Ordubad!

 Gülcamal TAHİROVA

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR