29 Mart 2020, Bazar

Dövlət qadın siyasəti ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Biz də 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində muxtar respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edən qadınlarımızın bir neçəsi ilə həmsöhbət olduq. 

Aidə Cəlilzadə Babək qəsəbə tam orta məktəbini əla qiymətlərlə bitirərək 2004-2005-ci illərdə Gələcək Liderlər Mübadiləsi (FLEX) proqramı çərçivəsində Amerika Birləşmiş Ştatlarında təhsil alıb. Təhsil müddətini müvəffəqiyyətlə başa vurub və dövlət imtahanından uğurla keçdiyi üçün ABŞ dövlətinin rəsmi diplomunu alıb, sertifikat və medalla təltif olunub. 2004-2009-cu illərdə Naxçıvan Dövlət Universitetində İngilis dili ixtisası üzrə bakalavr, 2009-2012-ci illərdə Naxçıvan Dövlət Universitetinin Pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə magistr təhsili alıb. Tələbə Elmi Cəmiyyətinin sədri kimi elmi-ictimai fəallığı ilə seçilib. 2009-cu ildən Naxçıvan Dövlət Universitetində çalışır, 2014-cü ildən isə bu ali təhsil ocağının dissertantıdır.
Onu da bildirək ki, Aidə xanım 7 elmi və publisistik məqalənin müəllifidir. Bir sıra regional və respublika səviyyəli konfransların, beynəlxalq layihə və təlimlərin, beynəlxalq ixtisasartırma və onlayn kursların iştirakçısı olub və nailiyyətlərinə görə sertifikatlara layiq görülüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinə növbəti seçkilərdə 28 saylı Naxçıvan Şəhər Seçki Dairəsi üzrə seçicilərin 2482-nin və ya 67,8 faizinin səsini toplayaraq deputat olub.

Aidə xanım deyir: – Düzgün yolda olarkən, uğur özü gec-tez insanı tapır. Məhz qazandığım seçici etimadı da bu fəaliyyətimin nəticəsi hesab oluna bilər. Həm ictimai, həm də siyasi fəaliyyətim, bir müəllim kimi tələbələrimin rəğbətini qazanmaq, ailə­min dəstəyi hər addımımda məni yeni uğurlara imza atmağa daha çox ruhlandırır və üzərimə düşən məsuliyyəti artırır. Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda bir çox yüksək vəzifələrdə, dövlət idarəçiliyində, müxtəlif təşkilatların rəhbərləri sırasında məhz istedadlı gənclərimizi görmək ölkə vətəndaşı olaraq bizi çox sevindirir və daha səylə çalışmağa ruhlandırır.
Bundan sonra da həm Naxçıvan Dövlət Universitetinin müəllimi, həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı kimi ictimai-siyasi fəaliyyətimi davam etdirəcək, mənə göstərilən etimadı doğrultmaq üçün daha səylə, var-qüvvəmlə çalışacağam.
Tanrı bəndələrinin hər birinə alın yazısı və ruzi bəxş edib. Birinə yüksək mənəviyyat, əxlaqi keyfiyyət, digərinə zəka və idrak, kimisinə isə bu məziyyətlərlə yanaşı, əllərinə şəfa, ürəyinə təpər də verir ki, insanların sağlamlığı keşiyində dayansın. Müsahibim Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili təxirəsalınmaz və planlı yardım şöbəsinin müdiri Pəri Əliyeva da çox insanlara şəfa, naümid gözlərə ümid, nigaran baxışlara sevinc bəxş edən bu nəcib peşənin sahibidir. O deyir: – Həkimlik rahatlıq sevənlərin sənəti deyil, gecəsi, gündüzü bilinməyən peşədir. Amma nə qədər əzab-əziyyətli olsa da, şərəflidir. Çəkdiyin əziyyətin sonunda bilirsən ki, kiminsə həyatını xilas etmisən, sevindirmisən. Belə məqamlarda keçirdiyi həyəcan da, əziyyətlər də insanın gözünə görsənmir. Həkim işlədiyim vaxtlardan bu günə kimi belə məqamlarla çox rastlaşmışam. Narahat ürəklərə təsəlli vermək, baxışlardakı nigarançılığı, narahatlığı sevincə çevirmək mənim üçün dünyanın ən böyük xoşbəxtliyidir. Pəri həkim qeyd edir ki, bu gün muxtar respublika səhiyyəsi dövlət qayğısı ilə əhatə olunub. Tibb işçiləri dövlət tərəfindən müxtəlif ölkələrə təkmilləşdirmə kurslarına göndərilir. Xəstəxanalarımız ən müasir avadanlıqlarla təmin olunub. Bu da bizə imkan verir ki, işimizi daha yaxşı quraq və öhdəsindən layiqincə gələk.
Bu gün cəmiyyətimizdəki bəzi gənclər peşə borclarını ən ucqar kəndlərdə yerinə yetirirlər. Elə gənc müəllimlərimiz də artıq könüllü olaraq cəbhə bölgəsində çalışmağa daha çox üstünlük verirlər. Onlar düşmən gülləsinin bir addımlığında fəaliyyətləri ilə, cəmiyyətimiz isə belə fədakar gəncləri olduğu üçün qürur duyur.
Günay Həsənbəyli ilə həmsöhbət olduğumuzda Bakı Dövlət Universitetini bitirdikdən sonra əmək yarmarkasında vakant yer kimi ilk sırada Sədərək Rayon Sədərək kənd 1 nömrəli tam orta məktəbini seçərək fəaliyyətinə İnformatika müəllimi kimi başladığını bildirdi:
– Peşəmi də, şagirdlərimi də sevirəm. Dövlətin diqqət və qayğısı sayəsində məktəbimiz müasir tələblərə cavab verən binada yerləşir. Təhsil ocağı şəhər və rayon mərkəzlərində fəaliyyət göstərən digər məktəblərdən heç də fərqlənmir.
Günay deyir ki, arzum budur, uzun illər burada çalışam. Nə zamansa başqa məktəbdə fəaliyyət göstərməli olsam, qürurla deyəcəyəm ki, mən təmas xəttinə ən yaxın məsafədə yerləşən Sədərək kənd bir nömrəli tam orta məktəbdə işləmişəm!
Məktəbin pəncərələrindən düşmən postlarını aydın şəkildə müşahidə etmək mümkündür. “Belə bir yerdə dərs demək sizdə hansı təəssüratları yaradır?” – sualıma gənc müəllim belə cavab verir:
– Doğrudur, cəbhə bölgəsində yaşayıb işləyirik, ancaq torpaqlarımızın etibarlı müdafiə olunmasına əminik. Yaradılan şərait bütün şagirdləri dərsə, təhsilə həvəsləndirir. Bu, çox sevindirici haldır. Heç bir qorxu hissi keçirməməyimizin səbəbi isə ordumuza güvənimizdir. Şəhər mərkəzində necə rahat idimsə, burada da eləyəm. Çünki düşmən təxribat törətmək istəyəndə əsgərlərimiz onların cavablarını layiqincə verirlər.
İstəyirəm ki, pedaqoji ixtisasa yiyələnən gənclər heç nədən çəkinmədən gəlib kənd məktəblərində işləsinlər, – deyən müsahibim onu da bildirdi ki, ucqar kənddə işləmək bir qədər çətin olsa da, daha maraqlıdır. Əsas odur ki, işimizi sevək, şərəfli müəllimlik peşəsini layiqincə davam etdirək.
Onu da bildirim ki, Günay müəllim çox gözəl portretlər də çəkir. O gördüyü gözəllikləri kətan üzərinə köçürür. Muxtar respublikada ilk dəfə keçirilən Yaradıcı gənclər festivalında da iştirak edib. Sədərək rayonunda fərdi sərgisi təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində Şərur rayonunda fəaliyyət göstərən Ağır atletika bölməsinin idmançısı Gülcahan Əliyeva:
– Bu gün muxtar respublikada bütün sahələrdə olduğu kimi, idmanın müxtəlif növlərinin inkişafı üçün də hər­tərəfli şərait yaradılıb. Bu, biz gənc nəslin fiziki inkişafına, sağlamlığımızın qorunmasına mühüm təsir göstərir. Təbii ki, bütün bunlar biz gənc idmançıların yarışlarda uğurlu çıxışları üçün zəmin yaradır.
2004-cü ildə Şərur rayonunun Məmmədsabir kəndində anadan olan ağır atletimiz Şərur şəhər 1 nömrəli tam orta məktəbin X sinfində təhsil alır. Məşqçi-müəllim Şəfi Hüseynovun rəhbərliyi ilə ağır atletika ilə məşğul olan Gülcahan deyir ki, bu idman növünü zərif cinsin nümayəndələri üçün çətin hesab edirlər. Lakin mənə görə bu, belə deyil. Məşqçi-müəllimimin rəhbərliyi ilə gərgin məşqlər nəticəsində rayon, muxtar respublika və Azərbaycan səviyyəli yarışlarda, beynəlxalq turnirlərdə gənc qadın idmançıların arasında keçirilən yarışlarda Naxçıvanın idman şərəfini qorumağa çalışmışam. Belə ki, ötən il Bakı şəhərində gənc qadınlar arasında ağır atletika üzrə keçirilən yarışda gümüş medal qazanmışam. Həmin ilin iyul ayında Bakı şəhərində qızlar arasında keçirilən Azərbaycan birinciliyinin mükafatçısı, oktyabr ayında Bakı şəhərində ağır atletika üzrə respublika yarışlarının IV mərhələsində və noyabr ayında Bakı şəhərində yeniyetmələr arasında keçirilən “Azərbaycan kuboku” yarışında isə ikinci olmuşam. Fevralın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə Ali Məclisin Sədri tərəfindən mükafatlandırılmağım, eləcə də bu günlərdə muxtar respublikada keçirilən ilk “İdman festivalı”nda iştirakım növbəti qələbələr əldə etməyim üçün böyük stimul oldu. Fəxrlə demək istəyirəm ki, biz idmançıların bu mötəbər yarışlarda qələbə qazanması muxtar respublikada idmana göstərilən dövlət qayğısının nəticəsidir.
Yaşadığı yerdən, işlədiyi vəzifədən asılı olmayaraq, bu gün hər bir azərbaycanlı qadın fədakar, vətənpərvər övladlar yetişdirməklə yanaşı, çalışdığı yerdə öz ­vəzifəsini layiqincə yerinə yetirir, doğma yurdumuzun inkişafına öz töhfəsini verir.

 Ramiyyə ƏKBƏROVA
 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Mart 2020
Be Ça Ç Ca C Ş B
24 25 26 27 28 29 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR