26 Sentyabr 2020, Şənbə

Hərtərəfli şərait gənc idmançılarımızın karyerasında dönüş yaradıb

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan gənclər və idman siyasəti bu gün uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasında da idman əsl yüksəliş dövrünü yaşayır, diyarımızda müasir idman infrastrukturunun yaradılması istiqamətində işlər də davamlı xarakter alıb. Naxçıvanda müasir idman obyektlərində təcrübəli məşqçilərin rəhbərliyi altında aparılan gərgin məşqlər böyük yarışlarda uğurlu nəticələr əldə edilməsinin başlıca şərtidir. Eyni zamanda diyarımız hər il dünya və Avropa çempionatları, beynəlxalq və ölkədaxili turnirlərə ev sahibliyi edir.
5 mart – Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində isə muxtar respublikanın idman mühitində xüsusi canlanma müşahidə olunur. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, idman federasiyaları, müxtəlif idman kollektivləri diyarımızın idman həyatında mühüm hadisə kimi yadda qalacaq ilk idman festivalına hazırlaşırlar. Fevral ayının 1-də “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə verilən tapşırığa əsasən təşkil edilən festivala ciddi hazırlıq işləri də deməyə əsas verir ki, bu tədbir əsl idman bayramı səviyyəsində keçiriləcək. Biz də festival öncəsi muxtar respublikada uğur qazanan idmançılarımızdan bir neçəsinin fikirlərini öyrəndik.
Fərqli düşünmə, uzaqgörənlik, təhliletmə qabiliyyəti, kreativlik kimi üstün keyfiyyətlər aşılayan şahmat bu gün muxtar respublika gənclərinin sevimli idman növünə çevrilib. Bu sahənin inkişafına müntəzəm göstərilən diqqət və qayğı sayəsində son illərdə çox sayda zəka sahibi yetişib. Onlardan biri də Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yetirməsi Nazlı Hümbətovadır. Nazlı kiçik yaşlarından şahmata böyük maraq göstərib. Bu idman növünün sirlərinə dərindən yiyələnmək üçün 6 yaşında Naxçıvan şəhərindəki Şahmat Mərkəzinə üz tutub və burada Hüseyn müəllimdən dərs alıb. Qısa zaman ərzində həmyaşıdları içərisində öz xüsusi istedadı ilə seçilən Nazlı muxtar respublika, ölkə və beynəlxalq səviyyəli bir sıra şahmat turnirlərində uğurlu çıxışları ilə yaddaşlarda iz buraxıb.

2019-cu il bütün yeniyetmə və gənc idmançılarımız kimi, Nazlı Hümbətova üçün də uğurlarla dolu, yaddaqalan olub. Belə ki, ötən il 29 iyul-4 avqust tarixlərdə Türkiyə Cümhuriyyətinin Ankara şəhərində təşkil olunan Çubuk Bələdiyyəsi V beynəlxalq şahmat turnirində istedadlı şahmatçı qızlar arasında üçüncü yüksək nəticəni göstərib. Avqust ayında Sivasda təşkil olunan Buruciye Open-2019 beynəlxalq şahmat turnirində yenə qızlar arasında ikinci yeri tutan Nazlı noyabr ayında şahmat üzrə Azərbaycan çempionatında 12 yaşlı qızların mübarizəsində liderdən cəmi 0,5 xal az toplayaraq çempionatın bürünc mükafatını qazanıb. 2019-cu ilin noyabr ayında Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən təşkil olunan şahmat üzrə respublika birinciliyində 12 yaşadək qızlar arasında 3-cü yeri tutan Nazlı 2020-ci ilə də nailiyyətlərlə qədəm qoyub. Belə ki, şahmat üzrə Azərbaycan birinciliyinin seçmə yarışlarında 14 yaşlı qızlar arasında II yeri tutub və hazırda aprel ayında Yunanıstanda təşkil olunacaq Avropa çempionatına hazırlaşır.
Naxçıvan şəhərindəki 5 nömrəli tam orta məktəbin 7-ci sinfində oxuyan zəka sahibinin dediklərindən:
– Düşüncə qabiliyyətimin artmasında böyük rol oynayan, daim yeniliklərlə dolu olan şahmata həvəsim hələ uşaq yaşlarımdan yaranıb. Evimizdə ara-sıra anamla şahmat taxtası arxasında əyləşərdik. 6 yaşımdaykən bu idman növünü həyat amalıma çevirməyi və gələcəkdə peşəkar turnirlərdə yer almağı qarşıma məqsəd qoydum. Naxçıvan şəhərindəki Şahmat Mərkəzinə üz tutub qısa zaman çərçivəsində şahmatın sirlərinə dərindən yiyələnməyə başladım, ilk vaxtlarda bir sıra yarışlarda zəkamı sınadım. Kubok, medal və digər mükafatlarım məni gələcəyə nikbin baxmağa, daha səylə çalışmağa sövq edir. Oyun üslubumu, gedişləri, həmlələri isə yarışdan-yarışa daha da təkmilləşdirirəm. Qazandığımız uğurlarda Şahmat Federasiyasının bu idman növünün inkişafı istiqamətində gördüyü işlər böyük rol oynayıb. Dövlətimizin dəstəyi sayəsində yeni-yeni uğurlar qazanacağıma inamım böyükdür. Biz gənc idmançılara yaradılan imkanlara görə minnətdaram.
Haqqında söhbət açacağımız digər idmançımız Hüseyn Əhmədli də muxtar respublikanın idman həyatında fərqlənən gənc­lərdəndir. Gənc idmançı hələ kiçik yaşlarından idmana xüsusi maraq göstərib. Atasının istəyi, 2010-cu ildən Faiq İsgəndərovun məşqçiliyi ilə sərbəst güləş idman növü ilə məşğul olmağa başlayıb. Bir neçə il ərzində məşqlərdən sonra muxtar respublikamızda keçirilən yarışlarda, turnirlərdə fəal iştirak edib və mükafatçılar sırasına daxil olub. Bununla yanaşı, ölkə səviyyəli yarışlarda da o, özünü sınayıb və naliyyətlər əldə edib. 2017-2018-ci illərin onun idman karyerasında daha uğurlu olduğunu söyləyən müsahibim qeyd edir ki, həmin illərdə artıq ölkədən kənarda, beynəlxalq səviyyəli yarışlarda iştirak etməyə başladım və dəfələrlə muxtar respublikamıza qələbə sevinci ilə qayıtdım. Sonuncu yarışlarımdan olan İran İslam Respublikasının Miyanduab şəhərində keçirilən sərbəst güləş üzrə beynəlxalq turnirdə birinci yeri qazandım. Hazırda bu il may ayında keçiriləcək Azərbaycan çempionatına hazırlaşıram.
Hüseyn Əhmədli bildirir ki, idman sağlam həyat deməkdir. Bu baxımdan bu gün muxtar respublikamızda idman sahəsinə, xüsusilə diqqət göstərilir. Bütün sahələrdə olduğu kimi, biz idmançılar da qayğı ilə əhatə olunduğumuzu hiss edirik. Çünki hər bir idmançını yeni nailiyyətlərə aparan yol ona göstərilən diqqət və inamdan keçir. Bütün bunların müqabilində bizlər, sadəcə, səylə çalışıb, yorucu məşqlərin sonunda şirin zəfərə çatmalı, Azərbaycanımızın bayrağını beynəlxalq arenada qaldırmalı, Dövlət Himnimizi orada səsləndirməliyik!
Nərgiz Həsənlinin karate idman növünü seçməsi öz qərarıdır: – Hər zaman şəhərdə idmanla məşğul olan qızları gördükdə məndə bir fikir yaranırdı: böyüyüb idmançı olmaq və ölkəmizi layiqincə təmsil etmək. Bu isə təkcə arzu ilə real­laşmır: bunun üçün idmançıya yaxşı şərait və güclü məşq lazımdır. Qərarımı dəqiqləşdirdikdən sonra Nəriman Quliyevin yanında məşqlərə başladım. Uzun müddət gərgin məşqlər nəticəsində bir çox uğurlar əldə etdim. 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Arpaçay Open”, Bakı Open-2019, “Batumi Open” və “Olimpiya ümidləri” adlı beynəlxalq turnirlərdə bürünc medal qazandım. Bu yarışlar mənim üçün təcrübə toplamaq baxımından da önəmli idi. Ötən il ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş karate-do üzrə “Naxçıvan Open” beynəlxalq turnirində isə fəxri kürsünün ən yüksək pilləsinə qalxdım. Bu mənim üçün ən böyük nailiyyət idi.
Makedoniyanın Skopye şəhərində keçirilən karate-do üzrə XI Avropa çempionatı isə karyeramda xoş xatirələrlə yadda qaldı. Qitə birinciliyində kata və kumite yarışlarında mübarizə apardım və bürünc medala layiq görüldüm. Ümumiyyətlə, bu çempionatda komanda yoldaşlarım – naxçıvanlı idmançılar böyük uğur əldə etdilər. Federasiyamız yarışdan sonra hər birimizi mükafatlandırdı. Bu uğurlarla arxayınlaşmayıb məşqlərimi davam etdirir, gələcəkdə keçiriləcək turnirlərdə daha böyük nailiyyətlər qazanmağı qarşıma məqsəd qoymuşam. Karate-do Federasiyası bizim yarışlarda iştirakımızı daim təmin edir. Karateçilər adından yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığımı bildirirəm.
Kikboksinqçi Röya Abdullayeva hazırda Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin 6-cı sinfində təhsil alır. İdmana marağı kiçik yaşlarından başlasa da, Şərq döyüş sənəti olan kikboksinqlə 2016-cı ildən məşğul olur. Röyanın uğurları isə “Turan” Döyüş Klubuna məşqə yazıldıqdan sonra başlayır. Röya deyir ki, ailədə atası idmançıdır: – Bu idman növünü mənə atam öyrədib və hazırda da məşqçi-müəllimimdir. İlk vaxtlarda çətinlik çəksəm də, artıq bir sıra uğurlar əldə etmişəm. 2017-ci ildən Naxçıvan və Bakı şəhərlərində keçirilən idman yarışlarında iştirak edirəm. Bu müddət ərzində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında yeniyetmə və gənclər arasında keçirilən MMA qarışıq döyüş növü üzrə Naxçıvan şəhər birinciliyində, Bakı şəhərində keçirilən grappling üzrə açıq çempionatda, pankration idman növü üzrə turnirdə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş kikboksinq üzrə “Heydər Əliyev kuboku” uğrunda muxtar respublika turnirində qalib və mükafatçılar sırasında olmuşam. Ötən il kikboksinq üzrə keçirilən Azərbaycan birinciliyinin qalibi olmuşam. 2019-cu il ərzində kikboksinq idman növü üzrə keçirilən yarışlarda uğurlu nəticələr əldə etdiyimə görə Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyası tərəfindən diplomla təltif edilmişəm.
Röya 2020-ci ildə də uğurlarını davam etdirir. Bu il Bakıda keçirilən MMA, pankration və grappling idman növləri üzrə uşaq, yeniyetmə, gənc, böyüklər arasında açıq Bakı çempionatında və grappling üzrə Bakı şəhər birinciliyində qızıl medal qazanıb.
Röya deyir ki, kikboksinq gənc və çətin bir idman növüdür. Burada əsas olan bədəni düzgün idarə etmək bacarığıdır. Kikboksinqlə məşğul olmaq özünəinamı təlqin edir, dözümlü­lük, səbir və əzm öyrədir. Həmçinin bu idman növü insanlara qorxularından xilas olmağa kömək edir. Kikboksinqdə uğur qazanmaq üçün çox çalışmaq lazımdır. Məqsədim gələcəkdə peşəkar idmançı kimi dünya çempionatında ölkəmizi layiqincə təmsil edib qalib olmaqdır.
Tərmenxan Babayev 2012-ci ildən Şərur rayonunda ağır atletika ilə məşğuldur. İlk məşqçisi Şəfi Hüseynov olan ağır atletimiz qısa vaxt ərzində uğurlu çıxışı ilə Azərbaycan milli komandasının məşqçilərinin də diqqətini cəlb edir.
2016-cı ildə ölkə birinciliyində çempion olmasını idmançı belə xatırlayır: – Özümə inamım çox idi. Bu idman növünü sevərək seçmişəm. Ölkə birinciliyinə yollanarkən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində görüş keçirildi və hər kəsin haqqımda dediyi müsbət fikirlər məndə əlavə motivasiya yaratdı. Getdim və ilk böyük yarışımda çempion oldum. Növbəti ildə Tailandın paytaxtı Banqkokda keçirilən dünya birinciliyində B qrupunda mübarizə aparırdım. Qalib olduqdan sonra Buenos-Ayresdə keçiriləcək yeniyetmələrin olimpiadasına lisenziya qazandım. Həmin il uğurlarıma davam etdim və Kosovonun paytaxtı Priştinada keçirilən Avropa çempionatında yaşı 15-ə qədər olan atletlərin mübarizəsində Avropa çempionu olmaqla yanaşı, həm də 6 Avropa rekordunu yenilədim. Bu, tək mənim qələbəm yox, bütün Naxçıvanın qələbəsi idi. Həmin uğurlarla yanaşı, ilk dəfə çıxış etdiyim böyüklər arasında keçirilən respublika çempionatında ikinci, yeniyetmələr arasında keçirilən ölkə birinciliyində birinci, İtaliyanın Milan şəhərində keçirilən Avropa çempionatında 17 yaşadək oğlanlar arasında birdənqaldırmada ikinci, təkanla qaldırmada isə birinci oldum.
Tərmenxan Babayev üçün ən böyük uğur Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin 3-cü Olimpiya oyunlarıdır. Belə ki, idmançımız həmin yarışda 85 kiloqram çəki dərəcəsində körpücük üzərinə çıxıb və gümüş medal qazanıb: “Bu, inanılmaz və sözlə ifadə edilə bilməz bir hissdir. Olimpiadaya ciddi hazırlaşmışdım. Ümumiyyətlə, Naxçıvanda idmana və idmançılara hər zaman diqqət və qayğı ilə yanaşılır. İştirak etdiyim bütün turnirlərdən sonra muxtar respublikada da mükafata layiq görülmüşəm. Bu isə biz idmançılar üçün əlavə stimuldur. İndi əsas məqsədim böyüklər arasında dünya və olimpiya çempionluğunu Naxçıvana gətirməkdir”.
2009-cu ildən cüdo ilə məşğul olan Abbas Məmmədov Naxçıvan cüdo məktəbinin ən istedadlı idmançısı hesab edilir. O, bir çox uğurlara imza atıb. 6 dəfə muxtar respublika çempionu olan Abbas ölkə birinciliklərində də daim mükafatçılar sırasına düşməyi bacarıb. Məhz bunun nəticəsidir ki, hazırda idmançımız Azərbaycanın yeniyetmələrdən ibarət milli komandasının üzvüdür. 17 yaşının olmasına baxmayaraq, cüdoçumuz zəngin karyeraya malikdir: Türkiyədəki beynəlxalq turnirdə 3 gümüş, 2 bürünc, Ukraynadakı beynəlxalq turnirdə 1 bürünc, Rusiyadakı beynəlxalq turnirdə 3 bürünc, Gürcüstan və İrandakı beynəlxalq turnirlərdə 2 qızıl medal qazanıb.
Altı yaşında bu idman növü ilə məşğul olmağa başlayan Abbas Məmmədov deyir: “İlk məşqçi-müəllimim olan atam Hafiz Məmmədov məşqlərə başladığım ilk gündən etibarən mənə ciddi yanaşmağı tövsiyə etdi. O gündən bütün turnirlərə yalnız qələbə qazanmaq üçün qatılıram. Bəzən qələbə xoşbəxtliyi mən tərəfdə olmur. Buna baxmayaraq, ruhdan düşmür və etdiyim səhvlərin üzərində məşq zamanı işləyirəm. Naxçıvanda idmançılar üçün hər bir şərait yaradılıb. Biz idmançılar indi köhnə zallarda yox, daha müasir idman obyektlərində məşq edirik. Bu da bizlərin uğur qazanmasında böyük rol oynayır ”.
Nazlıcan Çakır Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin birinci kurs tələbəsidir. O, qardaş Türkiyə Cümhuriyyətinin İzmir şəhərindəndir. 10 yaşından idmanla məşğul olduğunu deyən müsahibim taekvando və krosla maraqlandığını bildirir. O, voleybol, futbol, badminton və divara dırmanma növləri ilə də məşğul olur: “Bunların bir çoxunu Naxçıvandakı şərait sayəsində öyrənmək imkanım oldu. Onu da deyim ki, universitetdə mənim kimi idmanla məşğul olan tələbələrə yaxından kömək edilir. Yoxsa indi həm dərslərimdən, həm də idman yarışlarından geri qalacaqdım. Buna görə Naxçıvan həyatımın dönüş nöqtəsi oldu: həm çox sevdiyim ixtisas üzrə təhsil alır, həm də idmanla məşğul oluram”.
Nazlıcan Çakır ilk dəfə Şərur rayonunun Tənənəm kəndində yerləşən Qazma mağarasında təşkil edilən spelio (mağara) turizm yürüşü üzrə muxtar respublika birincisi olub. Beynəlxalq Tələbə-Gənclər Həftəsinə həsr edilmiş qız tələbələr arasında badminton idman növü üzrə qalib olan Nazlıcan bunu “Naxçıvan Muxtar Respublikası-95” devizi altında qızlar arasında süni divara dırmanma yarışında da əldə edib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən qız tələbələr arasında süni divara dırmanma yarışında o, fəxri kürsünün ən yüksək zirvəsinə qalxıb. Marafon yarışında isə finiş xəttini ikinci keçib: “Bu uğurların hamısını Naxçıvanda əldə etmişəm. İndi bura mənə öz doğma yurdum kimi əzizdir. Muxtar respublikada yaradılan idman şəraiti bizləri bu sahə ilə daha ciddi məşğul olmağa sövq edir. Təhsilimi davam etdirəcəyim müddətdə idman həyatında da fəal olacağam. Yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığımı bildirirəm”.
Bütün bu uğurlar əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin muxtar respublika rəhbəri tərəfindən uğurla davam və inkişaf etdirilməsi sayəsində əldə olunub. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər qarşıdakı illərdə daha böyük uğurların əldə olunacağına güclü zəmin yaradır.

 Ceyhun MƏMMƏDOV
 Ramiyyə ƏKBƏROVA
 Nail ƏSGƏROV
 Pərviz HACILI
 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR