31 Mart 2020, Çərşənbə axşamı

Naxçıvan Dövlət Universitetində Xocalı faciəsinin dəhşətlərindən bəhs edən kitab sərgisi təşkil edilib.
Tələbə və müəllimlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində tarixi faktlara söykənən, Azərbaycan, türk, ingilis və rus dillərində nəşr edilmiş kitablarla tanış olub, sərgiyə baxıblar.

İncəsənət fakültəsinin sərgi salonunda isə faciə qurbanlarının əziz xatirəsinə ehtiram əlaməti olaraq 50-yə yaxın rəsm əsərinin nümayiş olunduğu sərgiyə baxış olub. Universitetin rektoru, dosent Elbrus İsayev bu cür sərgilərin keçirilməsinin tarixi həqiqətlərin yaşadılması və gələcək nəsillərə çatdırılmasında xüsusi əhəmiyyətini qeyd edib və gənc rəssamlara uğurlar arzulayıb.
Fakültənin akt zalında davam edən tədbirdə əvvəlcə soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransı giriş sözü ilə açan rektor 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımını Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək qəddar və dəhşətli cinayət adlandırıb. Qeyd edilib ki, bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra dünya ictimaiyyətinə çatdırılıb.
Tələbələrin ifasında şeirlər bədii qiraət olunub. Sonra Tələbə Teatr Studiyasının Xocalı soyqırımı ilə bağlı kompozisiyası və film nümayiş edilib. 

Səadət Əliyeva

*  *   *

“Naxçıvan” Universitetində Ümumi tarix kafedrasının təşkilatçılığı ilə “XX əsrin ən böyük faciəsi – Xocalı soyqırımı” mövzusunda keçirilən elmi konfransda əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra universitetin rektoru, dosent Nurlana Əliyeva bildirib ki, bəşər tarixinin ən amansız və qanlı hadisələrindən sayılan Xocalı soyqırımından 28 il ötür. Bu hadisə mənfur ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasətinin növbəti mərhələsi idi. Yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilib.
Qeyd olunub ki, bu gün ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində faciənin əsl mahiyyəti beynəlxalq müstəvidə təbliğ olunur.
Sonra universitetin Ümumi tarix kafedrasının müəllimləri, dosent Asəf Orucovun “Xocalı soyqırımı xalqımıza qarşı törədilən faciələrin son halqasıdır”, Salatın Rzazadənin “Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması” və universitetin Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Nüşabə Məmmədovanın “Xocalı faciəsi bədii ədəbiyyatda” mövzularında çıxışları dinlənilib.
Çıxışlarda yekun olaraq bildirilib ki, bu soyqırımı törədənlər gec-tez ədalət mühakiməsi qarşısına çıxacaq, öz dəhşətli cinayətlərinə görə cavab verməli olacaqlar.
Sonda Türkiyənin İstanbul Universitetinin professoru Haluk Tanrıverdinin “Xocalı faciəsi Türk dünyasının gözü ilə” mövzusunda çıxışı dinlənilib, tələbələrin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Seyfur Hacımuradov

*  *  *

Naxçıvan Müəllimlər İnstitutunda Xocalı soyqırımına həsr olunmuş tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan institutun rektoru Azad Novruzov qeyd etmişdir ki, Azərbaycanın keçən əsrdə ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımından 28 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən və Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal edilmişdir. Bu işğal zamanı azərbaycanlılara qarşı əsl soyqırımı törədilmişdir. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilmişdir. Son iki əsrdə Azərbaycan torpaqları hesabına öz dövlətini yaratmış və onun ərazilərini Azərbaycan torpaqları hesabına genişləndirən erməni millətçiləri dəfələrlə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə siyasəti aparmışlar.
Sonra dosent Həsənəli Eyvazlı “Xocalı faciəsi xalqımızın unudulmaz qan yaddaşıdır” mövzusunda məruzə ilə çıxış etmişdir.
Tədbirdə tələbələrin hazırladığı ədəbi-bədii kompozisiyalar nümayiş olunmuş, Xocalı soyqırımını özündə əks etdirən rəsm sərgisinə baxış keçirilmişdir.

Naxçıvan Müəllimlər İnstitutunun
mətbuat xidməti

ARXİV

Mart 2020
Be Ça Ç Ca C Ş B
24 25 26 27 28 29 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR