04 Aprel 2020, Şənbə

“Hərb sənətinə laqeyd yanaşmaq hakimiyyətin itirilməsinə səbəb olan əsas amildirsə, bu sənətə mükəmməl sahib olmaq da hakimiyyətin zirvəsinə aparan yoldur”. İtalyan filosof və yazıçısı Nikkolo Makiavellinin “Oxunması zəruri olan kitabların Siyahısı”nda yer alan “Hökmdar” əsərindəki bu qısa və dərinməzmunlu fikirlər hərb sənətinin bir ölkənin, dövlətin mövcudluğunda, inkişafında, qüdrətlənməsində, dünyada layiqli mövqe tutmasında nə dərəcədə önəmli olduğunu aşılayır. Müəllif əsərdə yüksək analizetmə qabiliyyəti ilə dünya hərb tarixinin, bu qədim, əvəz­olunmaz sənətin incəliklərini baş verən müharibələrin, siyasi gedişlərin timsalında aydın, müqayisəli şəkildə təhlil edərək nəyin doğru, nəyin yanlış olduğunu təfərrüatları ilə ortaya çıxarır...

 Tarixboyu mübariz, mətin, vətənpərvər, yurdsevər oğulları ilə öyünən xalqımızın hərb keçmişinə nəzər salanda “Hökmdar” əsərindəki nüanslar, həqiqətlər aydın şəkildə gözlərimiz önündə canlanır. Mükəmməl sərkərdəlik bacarığı ilə seçilən Cavanşir, 816-837-ci illər arasında ərəb işğalçılarının 6 ordusunu darmadağın edən Babək, erkən orta əsrlərdə həyata keçirdikləri xüsusi taktikalar vasitəsilə döyüşlərdə qələbə çalan hökmdarlarımızdan Atabəy Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan, Qara Yusif, Uzun Həsən, 14 il ərzində az qüvvə ilə 14 vilayəti özünə tabe etməyə nail olan, Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətai və adını sadalamadığım onlarla dövlət xadimlərimiz hərb tariximizdə dərin, silinməz iz buraxıblar. Təbii ki, tarixi şəxsiyyətlərimizin əldə etdiyi qələbələr onların dərindən yiyələndikləri hərb sənəti sayəsində, bu sahədə qazandıqları biliklərin köməkliyi ilə həyata keçirdikləri uzaqgörən strategiya nəticəsində mümkün olmuşdu. XIX-XX əsrlərdə baş verən bir sıra müharibə və münaqişələrdə iştirak edən ayrı-ayrı Azərbaycan hərbçiləri də özünəməxsus taktika və hərbi strategiyaları ilə fərqləniblər. Bakıda Bakıxanovlar, Lənkəranda Talışinski­lər, Qazaxda Şıxlinskilər və Vəkilovlar, Gəncədə Cavad xanlar, Qarabağda Cavanşirlər, Naxçıvanda Kəngərlilər sülaləsindən çıxmış generallar hərb sənəti tarixinə adlarını qızıl hərflərlə yazdırıblar. 

1918-1920-ci illərdə görkəmli generallarımız Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və digər peşəkar hərbçilərimizin rəhbərliyi ilə Azərbaycanda yüksək döyüş qabiliyyətli, hərbi hazırlığa və intizama malik milli ordu hissələri formalaşdırıldı. Qısa zaman çərçivəsində milli ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr mövcud hakimiyyətə qarşı yönəlmiş bir sıra daxili və xarici qüvvələrin yaratdığı münaqişələrin yatırılmasına müvəffəq oldu. O zaman Azərbaycan ordusu sıralarında yer alan Hüseyn xan, Cəmşid xan Naxçıvanskilər, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov kimi səriştəli generalların əməyi də danılmazdır. İkinci Dünya müharibəsinin gedişi, nəticələrinə əsasən belə qənaətə gəlinir ki, döyüşlərdə əsl şücaət nümayiş etdirən oğullarımız Azərbaycan xalqının zəngin hərb tarixi ənənələrinə malik olduğunu bir daha göstərdi. Həmin dövrdə Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdi, cəbhələrdə general Həzi Aslanov, Mehdi Hüseynzadə, Ziya Bünyadov, İsrafil Məmmədov, Gəray Əsədov, Məlik Məhərrəmov kimi yüzlərlə qəhrəman övladlarımız şücaət və mərdlik göstərərək hərb sənətinin zirvəsinə yüksəldilər.

Təəssüf ki, müharibədən sonrakı dövrdən 1969-cu ilədək sovet rəhbərliyinin məkrli siyasəti, qısqanc münasibəti nəticəsində Azərbaycanda hərbi kadr hazırlığı, demək olar ki, yox səviyyəsinə endi, bu sənət sahəsi unudulmağa başladı. Lakin xalqımızın böyük oğlu Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə vəziyyət köklü surətdə dəyişildi, azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə nail olundu. Beləliklə, dahi siyasətçinin uzaqgörən fəaliyyəti və fədakar səyi nəticəsində hələ ölkəmizin müstəqillik əldə etməsindən 20 il öncə milli hərbi kadr hazırlığı üçün zəruri bazanın təşkili reallaşdırıldı, ordu quruculuğu məsələsi ümdə vəzifə kimi ön plana çəkildi. Ümummilli lider 1971-ci ildə böyük səylər nəticəsində Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Xüsusilə qeyd etmək lazımdır ki, həmin dövrdə hər il, təxminən, 60 min azərbaycanlı gənc ordu sıralarına göndərilsə də, onların böyük əksəriyyəti məqsədli şəkildə inşaat batalyonlarına salınırdı. Məhz ulu öndər Heydər Əliyevin uzaqgörənliyi nəticəsində Bakıda hərbi liseyin açılması ilə sovet hakimiyyətinin qəsdən yaratdığı süni maneələr aradan qaldırıldı, ölkəmizdə hərb sənətinə maraq, səriştəli hərbçi kadrların yetişməsinə geniş imkanlar yarandı. Bu proses ölkəmiz dövlət müstəqilliyi əldə etdikdən sonra ulu öndərin göstərişi və təşəbbüsü ilə daha da yüksələn xətlə inkişaf etdi. Ümummilli liderin özünün də qeyd etdiyi kimi Ona canı qədər əziz olan Naxçıvanın etibarlı müdafiəsini hər zaman düşünüb və elə bu amil “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının açılması haqqında” 1998-ci il 13 mart tarixli Sərəncamın verilməsi ilə bir daha özünü təsdiq etdi. Məktəbin 1999-cu il oktyabrın 13-də açılış mərasimində ulu öndərimiz Heydər Əliyevin səsləndirdiyi dəyərli fikirlər isə hərb sənətini seçən hər bir naxçıvanlının yaddaşında silinməz təəssürat buraxdı: “Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas torpağından ayrıdır, blokada şəraitində yaşayır. Amma mən bilirəm ki, hərbi peşəyə yiyələnmək, zabit olmaq istəyən gənclər Naxçıvanda həmişə çox olubdur. Naxçıvanın Azərbaycandan aralı düşməsi və bir çox sahələrdə əlaqələrin çox çətin olması, əlbəttə, buradakı gənclərin gedib Bakıdakı Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olması üçün çətinliklər yaradır. Bunu ­düşünmək, bilmək və vaxtında təşkil etmək lazım idi. Mən qeyd edirəm ki, Vasif Talıbov bu təşəbbüsü qaldırdı və mən əmr verdim, bu filial yarandı”.

Hər il hərb sənətini seçən yüzlərlə gəncin yoluna işıq saçan Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə sabahın peşəkar kadrları yetişir. Ötən günlərdə hərbi liseyin ilk məzunlarından olan, hazırda bu məktəbdə xidmət edən mayor Hikmət Hacıyevlə söhbətim hərb sənətinin incəlikləri, muxtar respublikamızda bilikli gənc hərbçi nəslinin formalaşması istiqamətində görülən işlər barədə oldu. O, Fransa imperatoru, bacarıqlı sərkərdə Napoleon Bonapartın “Hərb sənəti, elə bir elmdir ki, onda hesab edilməyən və düşünülməyən bir şey müvəffəq ola bilməz” fikrini xatırladaraq dedi ki, dünya hərb təcrübəsinə əsasən döyüşdə şüurlu şəkildə davranıb, düşmənə qarşı müxtəlif təsir formaları axtarıb taparaq müəyyən təcrübəyə riayət etməklə hərbi hiylə yolunu seçənlər qalib gəlirlər. Bu mənada, hərb sənəti insandan praktik vərdişlər, yaradıcı zəka, təşəbbüskarlıq, qətiyyət və digər xarakterik xüsusiyyətlər tələb edir. İndiyədək baş verən müharibələrə nəzər salsaq, görərik ki, görkəmli sərkərdələr praktik vərdişləri və fəndləri, döyüşdən-döyüşə əldə edilmiş təcrübi qənaətləri zamana və şəraitə uyğunlaşdırıb məharətlə tətbiq etməklə özlərini bu sənətin zirvəsinə ucaldıblar. Təbii ki, digər sənət sahələri kimi, hərbdə də əsas amil təməlin necə qoyulmasıdır. Yəni gələcəyin bacarıqlı, bilikli hərbçisi erkən yaşdan ailə mühitində düzgün şəkildə formalaşmalıdır. Valideynlərin övladlarını həm mənəvi, həm də fiziki cəhətdən hərbçi kimi yetişməsi üçün onları düzgün istiqamətdə yönləndirmələri mühüm faktordur. Yəni uşaqlar erkən yaşlarından hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmalı, sağlam, gümrah, dözümlü bədən formalaşdıran idman növləri ilə məşğul olmalıdırlar. Daha sonra bu proses məktəbdə davam etdirilir. Bildiyimiz kimi, bu gün muxtar respublikada fəaliyyət göstərən bütün tam orta məktəblərdə nəzəri bilikləri və praktik vərdişləri düzgün yerinə yetirmək üçün hərbi kabinələr yaradılıb. Gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisinə xüsusi önəm verilir. Həmin dərslərdə şagirdlərə Vətəni müdafiənin əsasları, taktiki hazırlıq, atəş hazırlığı, hərbi nizamnamələr, sıra təlimi, mülki müdafiə, hərbi-tibbi hazırlıq və hərb sənətinə məxsus bu kimi digər biliklər öyrədilir. Orduda xidmət edən zabitlərin vaxtaşırı məktəblilərlə görüşməsi, şagirdlərin tez-tez hərbi liseylə tanış olmaları, interaktiv dərslərə qoşulmaları, hərbi hissələrə aparılaraq orada praktik məşğələlərə cəlb edilmələri də söz yox ki, bu işə öz müsbət təsirini göstərir. Hamımıza məlumdur ki, müstəqil ölkəmizin müdafiə potensialının artırılması istiqamətində görülən işlər hər il yeni silah və texnikaların alınması, istehsalı ilə nəticələnir. Hazırda tədris olunan dərsliklərdə də müasir silahlar, raketlər, Azərbaycan hərbi sənayesinin istehsalı olan və ordumuzun arsenalına daxil edilən bəzi silah və texnikalar barədə məlumatlar yer alıb ki, bu da hərb sənətinə yiyələnmək istəyən şagirdlər üçün böyük imkanlar yaradır. Təbii ki, bütün bu sadalananlar, sadəcə, ilkin nəzəri və praktik vərdişlər formalaşdırmaq məqsədi daşıyır. Yəni bacarıqlı, səriştəli hərbçi olmaq istəyənlər mütləq yolunu hərbi məktəblərdən salmalıdır. Bu mənada, muxtar respublikamızda fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi Liseyin fəaliyyəti təqdirəlayiqdir. Burada dərslər hərbi vəziyyətə tam uyğunlaşdırıldığı üçün kadrların hazır­lanması prosesi sürətlə, düzgün aparılır. Liseyi müvəffəqiyyətlə başa vuranlar Bakı şəhərindəki Heydər Əliyev adına Ali Hərbi Məktəbə üz tutaraq hərb sənətinə daha da dərindən yiyələnməyə çalışırlar.

Hikmət Hacıyev onu da deyir ki, bir ordunun gücü onun potensial imkanları, silah-sursat arsenalının və hərbi qulluqçularının döyüş qabiliyyətinin lazımi səviyyədə olması ilə səciyyələndirilir. Günümüzədək dünya tarixində baş verən müharibələri təhlil etsək, görərik ki, qazanılan qələbələrin təməlində heç də təkcə texniki üstünlük əsas olmayıb, uğurun əldə edilməsində döyüş hazırlığı da böyük rol oynayıb. Türk tarixinin şanlı səhifələrindən sayılan Çanaqqala zəfəri bu baxımdan ən gözəl nümunə sayıla bilər. Həmin vaxt gedən döyüşlərdə qarşı tərəfin texnikası güclü olsa da, türk əsgərinin şücaəti, əzmkarlığı və döyüş qabiliyyəti qalib gəldi. Elə ölkəmiz müstəqillik əldə etdikdən sonra ordumuzun qazandığı qələbələrin, xüsusilə də Aprel döyüşləri və Günnüt əməliyyatının uğurlu alınmasında məğrur əsgərlərimizin şücaəti və təlim təcrübəsi, hərb sənətinin incəliklərini dərindən bilən komandirlərin taktiki gedişlər etməsi həlledici məqam oldu. Əlahiddə Ümumqoşun Ordunun müdafiə qüdrətinin artırılması istiqamətində görülən işlər, mütəmadi olaraq taktiki təlimlərin keçirilməsi, heç şübhəsiz, hərbi qulluqçuların hərb sənəti ilə bağlı biliklərini, döyüş təcrübəsini artırır və son illər qazanılan uğurlara əsasən əminliklə demək olar ki, Silahlı Qüvvələrimiz tezliklə Böyük Qələbəni bayram edəcəklər.
“...Müdrik hökmdarlar həmişə öz qoşunları ilə döyüşə getməyə üstünlük veriblər. Düşünüblər ki, başqalarının ordusu ilə qalib gəlməkdənsə, öz əsgərləri ilə məğlub olmaq daha yaxşıdır, zira özgə silahı ilə qazanılmış qələbə həqiqi qələbə deyil”. “Hökmdar” əsərindəki bu kiçik və dəyərli fikirlərdən yola çıxaraq demək olar ki, tarixboyu məkrli planlar ardınca qaçan, özgə kölgəsində gizlənən ermənilərdən fərqli olaraq vətənpərvər, yurdsevər xalqımızın hər zaman hərb sənətinin zirvəsində dayanan mübariz oğulları olub və bu gün də vardır. Vətənin keşiyində gecə-gündüz ayıq-sayıq dayanan, bilik və təcrübələrini gündən-günə daha da artıran məğrur oğullarımızdan tezliklə zəfər nəğməsini eşitmək diləyi ilə...

 Nail ƏSGƏROV

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR