09 Aprel 2020, Cümə axşamı

Fevralın 11-də Naxçıvan Şəhər Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Naxçıvandan dünyaya” sosial çarx və qısa filmlər müsabiqəsinin yekun tədbiri keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, son illər sosial-iqtisadi, elmi-mədəni inkişafı ilə tərəqqiyə qovuşan muxtar respublikamızda mədəniyyətin bütün sahələrinin inkişafına böyük diqqət və qayğı göstərilir.

Bildirilib ki, son illər qədim diyarımızda gənclərin incəsənətin müxtəlif sahələrinə marağının gündən-günə artması gənc nəsildə yaradıcı düşüncənin formalaşmasına səbəb olur. Nazir diqqətə çatdırıb ki, ötən il noyabr ayının 15-dən elan olunan “Naxçıvandan dünyaya” sosial çarx və qısa filmlər müsabiqəsi”nin keçirilməsində əsas məqsəd gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq potensiallarının inkişaf etdirilməsi, qədim diyarımızın görkəmli şəxsiyyətlərinin, xalqımızın milli-mənəvi və ümumbəşəri dəyərlərinin, adət-ənənələrinin, həmçinin müstəqillik illərində muxtar respublikanın inkişafının, müasir tərəqqisinin təbliğindən ibarət olub. Müsabiqə müddətində təşkilat komitəsi tərəfindən videomaterial təqdim etmək istəyən müəlliflər üçün sosial çarxın və qısa filmin hazırlanması mövzusunda seminarlar təşkil edilib, bu istiqamətdə geniş maarifləndirmə işi aparılıb.
Natəvan Qədimova çıxışının sonunda qalibləri təbrik edib, müsabiqənin bütün iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxış edərək muxtar respublikamızda müasir gəncliyin inkişafı üçün yaradılan hərtərəfli şəraitdən danışıb. Qeyd olunub ki, artıq yekunlaşan müsabiqə də bu istiqamətdə görülən işlərin səmərəliliyini artırmağa xidmət edir.
Gənclərin aktivliyinin artırılması və onların yaradıcılıq fəaliyyətlərinə cəlb edilməsi məqsədilə bu cür tədbirlərin davamlı təşkil olunacağını diqqətə çatdıran Cəbi Quliyev müsabiqə iştirakçılarına, təşkilat komitəsinə və münsiflər heyətinə təşəkkür edib, qalib müəllifləri təbrik edərək onlara müvəffəqiyyətlər arzulayıb.
Sonra müsabiqə qalibləri elan edilib və mükafatlandırılıb. Qeyd olunub ki, iki mərhələdən ibarət olan müsabiqədə 18-35 yaşlar arasında həvəskar müəlliflər iştirak edib, 13 müəllif tərəfindən 17 sosial çarx və qısa film təqdim olunub. Xronometrajı 15 dəqiqədən çox olmayan və 2019-2020-ci illərdə hazırlanan bu videomateriallar heç yerdə yayımlanmayıb.
Müsabiqəyə təqdim edilmiş sosial çarx və qısa filmlərə əvvəlcədən müəyyənləşdirilmiş münsiflər heyəti tərəfindən iki mərhələdə olmaqla baxış keçirilib və 10 ballıq sistem üzrə qiymətləndirmə aparılıb. Qiymətləndirmə zamanı təqdim edilən sosial çarx və qısa filmlərin bədii səviyyəsi və keyfiyyəti, təqdim olunan mövzulara görə faktların dəqiqliyi, ideyanın orijinallığı, həsr olunan mövzunun təqdimatı və onun açılması, müəllif mətninin Azərbaycan ədəbi dilinin normalarına uyğunluğu, həsr olunmuş mövzuya uyğun nəticəli final kimi meyarlar əsas götürülüb.
Münsiflər heyətinin qərarına əsasən Asim Quliyev I, Nail Nağıyev və Tural Əliyev II, Kamal İbadov və Əzim Cəfərli III yerlərə layiq görülüblər. Qaliblər təşkilatçılar tərəfindən diplomlar və pul mükafatı ilə təltif ediliblər. Müsabiqədə yaradıcılıq fəaliyyəti ilə fərqlənən Kamil Məmmədli və Südabə Əliyeva isə fəxri fərmanla təltif olunublar.
Tədbirin sonunda qalib sosial çarx və qısa filmlər nümayiş etdirilib.

 Gülcamal TAHİROVA

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR