09 Aprel 2020, Cümə axşamı

Naxçıvan Qarnizonu qoşunlarında 2019-cu tədris ilinin nəticələri ilə bağlı müşavirə keçirilib.

Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev müşavirəni açıq elan etdikdən sonra muxtar respublikamızda ordu quruculuğundan bəhs edən “Ordumuz qürurumuzdur” adlı film nümayiş olunub.

General-leytenant 2019-cu tədris ilində qoşunlarda döyüş hazırlığının, maddi-texniki təminatın və hərbi intizamın vəziyyətini təhlil edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı ­cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif ­Talıbovun diqqət və qayğısı sayəsində müdafiə qüdrəti durmadan artan muxtar respublikamızda hərbi infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür, böyük əhəmiyyətə malik layihələr icra olunur.
Vurğulanıb ki, 2019-cu ildə döyüş hazırlığında əsas diqqət şəxsi heyətin hərbi peşəkarlıq səviyyəsinin, əməliyyat və döyüş hazırlığı tədbirlərinin effektivliyinin artırılmasına, idarəetmə orqanlarının və qoşunların peşəkar hərbi kadrlarla komplektləşməsinə, döyüş qabiliyyətinin yüksəldilməsinə ­yönəldilib.
Qoşunların bir mərkəzdən idarə olunmasının təkmilləşdirilməsi və uzlaşmış fəaliyyətə nail olunması məqsədilə ötən tədris ilində bir neçə dəfə Naxçıvan Qarnizonu qoşunlarının birgə təlimləri keçirilib. Ötən il aprelin 18-də “Naxçıvan Qarnizonu qoşunlarının 2019-cu tədris ilinə uzlaşma planı” üzrə görülən işlərin nəticələrinə həsr olunmuş müşavirədə Ali Məclisin Sədri qarnizonun birləşmə və hissələrinin qarşılıqlı fəaliyyətini yüksək qiymətləndirib.
Ötən il ərzində Naxçıvan Qarnizonu qoşunları və Türkiyə Silahlı qüvvələrinin bölmələri ilə birlikdə iki əməliyyat taktiki təlimi keçirilib. Bunlardan biri Türkiyə Respublikasının Qars şəhərində “Qış – 2019” beynəlxalq təlimi, digəri isə Naxçıvanda “Sarsılmaz qardaşlıq – 2019” təlimi olub. Bundan başqa, Azərbaycan Ordusu miqyasında keçirilən əməliyyat təlimində də yüksək peşəkarlıq nümayiş etdirilib.
2019-cu ildə Culfa rayonunda Naxçıvan Qarnizonu qoşunlarının yeni Səhra Təlim Mərkəzinin, Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki hərbi hissədə zabit-gizir ailələri üçün 5 mərtəbəli, 44 mənzilli yaşayış binasının və istirahət parkının, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 15-ci Sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksinin, Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni qərargah binasının, Naxçıvan hərbi şəhərciyində 220 yerlik zabit yataqxanasının istifadəyə verilməsi muxtar respublikamızda ordu quruculuğu sahəsində görülən işlərin məntiqi davamıdır.
Bildirilib ki, ümumilikdə, ötən il ərzində keçirilən tədbirlər şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə olduğunu təsdiq edib. Qarnizonun “Bir nəfər hamı, hamı bir nəfər üçün!” şüarı əməldə özünü göstərib.
Məruzə ətrafında müzakirələr zamanı Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar naziri, general-leytenant Şamı Abdulla­yevin, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-mayor Niyaməddin Tağıyevin, Hərbi Məhkəmənin sədri Polad Həsənovun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, polkovnik-leytenant Daşqın Rəhimovun, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının komandiri, general-mayor Səlim Niftəliyevin, Hərbi prokurorun müavini, ədliyyə polkovnik-leytenantı Rəşad İsmayılovun, Dövlət Təhlükəsizliyi Xidmətinin İdarə rəisi, polkovnik-leytenant Ramin Əhmədovun məruzə və təklifləri dinlənilib.
Sonda döyüş və ictimai-siyasi hazırlıqda yüksək nəticələr əldə etmiş bir qrup hərbi qulluqçuya “Şücaətə görə” medalı, “Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medalları, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı, fəxri fərman və qiymətli hədiyyə təqdim olunub.

Nəriman NƏCƏFOV

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR